Klinikalar saxta koronavirus arayışı ilə bağlı məlumatlara münasibət bildirib

“Oksigen Klinik Xəstəxanası” MMC və “Referans Medical Group” (“Leyla Medical Center”) Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişin tərəfindən uçuş öncəsi COVID-19-la əlaqəli tibbi arayışların saxtalaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Metbuat.az xəbər verir ki, “Oksigen Klinik Xəstəxanası” MMC-dən APA-ya daxil olan məlumatda qeyd edilib ki, ayrı-ayrı saytlarda və sosial şəbəkələrdə xəstəxana tərəfindən COVİD-19 la bağlı saxta arayışların verilməsinə dair gedən məlumatlar əsassızdır və həqiqəti əks etdirmir

"“Oksigen Klinik Xəstəxanası” MMC-də COVİD-19-la bağlı müayinələrin keçirilməsi mövcud tibbi norma və standartlara uyğun olaraq aparılır və rəsmiləşdirilir.Hər bir müraciət etmiş pasyent şəxsiyyət vəsiqəsi əsasında qeydə alınır və nümunələr götürülür. Müayinənin nəticəsinə uyğun olaraq TƏBİB-in portalına yerləşdirilir və tibbi arayışlar verilir. Hər bir tibbi arayışın üzərində QR kodu yerləşdirilir.

Ona görə də “Oksigen Klinik Xəstəxanası” MMC bu cür saxta tibbi arayışların klinika adına səsləndirilməsini rədd edir və obyektiv araşdırılmasını tələb edir”.

“Referans Medical Group”dan (Leyla Medical Center) daxil olan məlumatda isə qeyd olunub ki, mərkəzin rəsmi nəticə blankında təqdim olunmasına baxmayaraq, 96 sərnişinin heç birinin klinikaya müraciət etməməsi və nəticələrin klinika tərəfindən təqdim olunmaması sübüt olunub:

“Təəssüf ki, pasient bazamızda məlumatı olmayan şəxslər müxtəlif proqramlar vasitəsilə nəticələri saxtalaşdıraraq özlərinə uçuş öncəsi tibbi arayış hazırlayır. Vətəndaşlar tərəfindən yol verilən bu tip qanunsuz əməllərə görə biz heç bir məsuliyyət daşımırıq.

Bu kimi halların qarşısını almaq məqsədilə 4 aya yaxındır ki, mərkəzimiz tərəfindən təqdim olunan bütün tibbi arayışların üzərində xüsusi QR kodlar yerləşdirilib. Bu QR kodları yerindəcə hava limanında təyin olunan müvafiq əməkdaşlar tərəfindən skan etmək kifayət edir ki, həmin tibbi arayışın saxta və ya real olduğu bilinsin.

Arayışın doğruluğunu təsdiq etmək üçün, bizim tərəfimizdən təqdim olunan nəticələrin TƏBİB-in bazasında mövcud olması təyini kifayətdir. Nəticələrin bizim və TƏBİB-in bazasında olmaması isə sənədin doğru olmamasının birbaşa sübutudur. Mövcud 96 pasientin nəticəsinin saxta olması da belə aşkar olunub. Hava limanında uçuş öncəsi bu tip hallar aşkarlandıqda, yerindəcə hüquq-mühafizə orqanlarına məlumat verilir və həmin şəxslər barəsində onlar tərəfindən xüsusi tədbir görülür.

Baş verən bu və digər buna uyğun qanuna zidd hallara görə “Referans Medical Group”-a daxil olan heç bir klinikamız məsuliyyət daşımır. “Leyla Medical Center” daxil olmaqla, digər klinikalarımızın da işgüzar nüfuzuna xələl gətirən bu tip hallara görə dəfələrlə hüquq-mühafizə orqanlarına və TƏBİB-ə məlumat verilib”.

Qeyd edək ki, bəzi kütləvi informasiya vasitələrində Gəncə Hava Limanında Gəncə-Sankt-Peterburq aviareysi ilə səyahət etmək istəyən 96 sərnişinin koronavirus infeksiyasının müayinəsinə dair “Leyla Medical Center” və “Oksigen” klinikasından verilən tibbi arayışların saxta olması barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeyd edilən faktla bağlı hazırda Gəncə şəhər prokurorluğunda araşdırma aparılır: "Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR