Sarsılmaz Prezident -

Mayın 21-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Sənədlərlə və Müraciətlərlə işin təşkili şöbəsinin rəisi, ədliyyə polkovniki Nihad Şıxəliyevin məqaləsi Respublika qəzetində dərc edilib.

Metbuat.az həmin məqaləni təqdim edir:


Müstəqilliyimizin memarı, müasir Azərbaycanın xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin zamanı qabaqlayan müdrik siyasətini dövrün tələblərinə uyğun layiqincə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz bütün sahələr üzrə inkişaf edərək daha da qüdrətlənir, eləcə də regionların tarazlı tərəqqisi təmin edilir və əhalinin rifahı yüksəlir. Dünyada gedən neqativ proseslərə, qlobal problemlərə, o cümlədən dünyanı cənginə alan (COVİD-19) pandemiyasına rəğmən, ölkəmizdə hərtərəfli uğurlar əldə olunur, müxtəlif istiqamətlər üzrə göstəricilərimizin artması tendensiyası davam edir, həmçinin orta aylıq əməkhaqqı, pensiya və şəhid ailələrinin müavinəti və digər müavinətlər artır, eyni zamanda valyuta ehtiyatlarımızın qorunub saxlanılması və manatın məzənnəsinin sabitliyi təmin edilir, sosial layihələr uğurla həyata keçirilir. Vurğulanmalıdır ki, ölkəmizin sürətli inkişafı beynəlxalq təşkilatlar tərəfindən də hər zaman yüksək qiymətləndirilir.

Belə ki, ən nüfuzlu aparıcı beynəlxalq qurumlardan biri olan Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycan 28-ci yeri tutmuşdur. Respublikamız 10 ən islahatçı dövlət sırasına daxil edilmişdir. Bundan başqa, dünyanın nüfuzlu forumu olan Davos ümumdünya İqtisadi Forumunun hesabatına əsasən inkişaf etməkdə olan 74 ölkə arasında dövlətimiz əhalinin elektrik təchizatı səviyyəsinə görə 2-ci yerdə, inklüziv inkişaf indeksi üzrə 3-cü yerdə, hökumətin dəyişməyə cavabdehliyi, yəni, islahatçı obrazı əmsalına görə 5-ci yerdə, hökumətin uzunmüddətli strategiyasına görə 10-cu yerdə, hökumətin siyasi sabitliyi təmin etməsinə görə 11-ci yerdə, infrastruktur layihələri ilə bağlı-dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyinə görə 12-ci yerdə, avtomobil yollarının keyfiyyətinə görə isə 24-27-ci yerdə qərarlaşmaqla dünyanın bir çox ölkələrini geridə qoymuşdur.

Tanrının xalqımıza olan inayətidir ki, bu gün Azərbaycana ümummilli liderimizin zəngin dövlətçilik təcrübəsinin əsaslarını dərindən mənimsəmiş, xalqına xidməti həyat amalına çevirmiş və Heydər Əliyev siyasətinə sadiqliyini öz müstəsna xidmətləri ilə əyani şəkildə sübuta yetirmiş İlham Əliyev kimi müdrik lider, qətiyyətli şəxsiyyət və mahir siyasətçi rəhbərlik edir. Respublikamızda hökm sürən ictimai-siyasi sabitlik, beynəlxalq arenadakı nüfuzumuz və etibarlı tərəfdaşlığımız xarici dövlətləri bizimlə əməkdaşlığa sövq edir ki, bununla iqtisadiyyatımıza böyük məbləğlərdə sərmayələrin qoyulması, bir çox beynəlxalq tədbirlərin, o cümlədən mötəbər yığıncaqların və idman yarışlarının ölkəmizdə keçirilməsi, eləcə də turizmin inkişafı ölkəmizə əlavə dividendlər gətirir.

Ölkəmizin hərtərəfli inkişaf etməsində və əldə olunan ardıcıl uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında yüksək erudisiyaya, iti düşüncəyə və mahir idarəçilik qabiliyyətinə malik, hər bir məqamda dövlət başçısının yanında olan etibarlı məsləkdaşın — Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Onun ölkəmizdə təhsilin, elmin, səhiyyənin, mədəniyyətin, idmanın və digər sahələrin inkişafında xidmətləri, milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq səviyyədə geniş təbliği istiqamətində gördüyü böyük işlər dövlətimizin tərəqqisinə və xalqın rifahının yaxşılaşdırılmasına ciddi dəstəkdir.

Dövlətimizin həyata keçirdiyi uğurlu siyasətdən bəhs edərkən koronavirus (COVİD-19) pandemiyasına qarşı kəsərli mübarizə xüsusi vurğulanmalıdır. Koronavirus infeksiyasının qlobal təhlükəyə çevrilməyə başladığı ilk vaxtdan etibarən onun yayılmasının və fəsadlarının qarşısının alınması, ölkəmizin bu bəladan daha az zərər və minimal itki ilə çıxması üçün dövlət başçısı çox tədbirli davranmaqla zamanında müdrik qərarlar verdi, həmçinin qətiyyətli addımlar atmaqla aidiyyəti dövlət orqanlarını və digər qurumları səfərbər edərək onlara göstərişlər, eyni zamanda dəyərli tövsiyələr verməklə bütün preventiv tədbirlərin görülməsini təmin etdi.

Aztəminatlı təbəqənin nümayəndələrinə, xüsusi qayğıya ehtiyacı olanlara, eyni zamanda koronavirusla bağlı işini müvəqqəti itirən insanlara diqqət və dəstək göstərilərək, hər ay 190 manat yardım verilməsi Azərbaycanın sosial dövlət olduğunu və dövlət siyasətinin mərkəzində vətəndaşın dayandığının növbəti bariz nümunəsi idi.

Vaxtında qəbul edilən doğru qərarlar və görülən ciddi tədbirlər nəticəsində ümumbəşəri bəla olan koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısı qətiyyətlə alınır və dövlətimiz bu sınaqdan uğurla çıxır. Bununla da, bəşəriyyətin qəfil yaxalandığı pandemiya ilə effektiv mübarizədə Azərbaycan özünün hamının təqdir etdiyi standartını yaratmağa müvəffəq olur. Dövlətimizin bütün dünyaya örnək olan koronavirusla mübarizə təcrübəsi həm vətəndaşlar, həm də beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir. Pandemiyaya qarşı uğurlu mübarizə ilə əlaqədar vətəndaşların cənab Prezidentə ünvanladıqları çoxsaylı minnətdarlıq məktubları, digər dövlət başçılarının söylədikləri müsbət fikirlər, Birləşmiş Millətlər Təşkilatının mövqeyi və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesusun Cenevrədə keçirilmiş növbəti mətbuat konfransında dövlət başçımıza təşəkkürünü bildirməsi bunu bir daha təsdiq edir.

Azərbaycan Prezidenti planetimizdə tüğyan edən koronavirus pandemiyası şəraitində də qlobal liderlik keyfiyyətini və təşəbbüskarlığını ortaya qoyaraq beynəlxalq əhəmiyyətli çox mühüm ideyalar irəli sürmüşdür. Belə ki, COVİD-19-un müşahidə edildiyi ilk zamanlardan dövlət başçısı tərəfindən bəşəriyyət üçün böyük əhəmiyyətə malik təşəbbüslər ortaya qoyulmuş, ümumbəşəri bəlaya qarşı mübarizə çərçivəsində mühüm addımlar atılmışdır. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri kimi cənab Prezidentin təşəbbüsü ilə aprel ayında koronavirusa qarşı mübarizə mövzusunda təşkilatın dövlət və hökumət başçıları səviyyəsində fövqəladə Zirvə görüşü keçirilmişdir. Qeyd edilməlidir ki, sözügedən təşkilat bu mövzuda Zirvə görüşü keçirən ilk beynəlxalq təşkilat olmuşdur. Bununla yanaşı, Qoşulmama Hərəkatının sədri olan Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun pandemiyaya həsr edilmiş onlayn Zirvə görüşü təşkil olunmuş və bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etmişlər. Görüşdə çıxış edən Prezident İlham Əliyev qlobal həmrəyliyin nümunəsi kimi koronavirusa qarşı mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini irəli sürmüş və bu təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına üzv ölkələr arasında yekdilliklə razılaşdırılmışdır. BMT-nin dünyanın bütün regionlarını əhatə edən üzv dövlətləri tərəfindən bu təşəbbüsün dəstəklənməsi və 2020-ci il dekabr ayının 3-ü və 4-də Nyu-Yorkda BMT Baş Assambleyasının COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş xüsusi sessiyasının keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük inam və etimadın növbəti təzahürü olmaqla bərabər, pandemiya ilə qlobal mübarizəyə töhfə verməklə tərəflərin ümumi hədəflər ətrafında daha da sıx birləşməsində mühüm əhəmiyyət kəsb etmişdir. Göründüyü kimi, müdrik rəhbərimizin mövqeyi bütün dünyanı maraqlandıran və narahat edən taleyüklü məsələlərin həllində mühüm rol oynayır. Dövlət başçısının fəaliyyəti, irəli sürdüyü ideyalar, təşəbbüslər dünyanın hazırkı mənzərəsində bəşəriyyətin inkişafına töhfələr verir.

Böyük qürur və fərəh hissləri ilə xüsusi vurğulanmalıdır ki, ötən il müasir Azərbaycan tarixinin ən mühüm hadisəsi baş vermişdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı tarix yazan hərbçilərimiz düşmən üzərində parlaq qələbəmizi təmin etmiş, nəticədə hərbi və siyasi yolla 30 ilə yaxın işğal altında olan dədə-baba torpaqlarımız azad edilərək, ərazi bütövlüyümüz bərpa olunmuşdur.

Bütün dünyaya məlumdur ki, Ermənistan uzun müddət ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını - Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayırdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan müddəaları özündə əks etdirən 822, 853, 874 və 884 saylı dörd qətnaməsinin qəbul olmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar heç bir tədbir görmürdü.

Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirmir, hər vəchlə münaqişəni mümkün qədər çox və daha uzun müddətə dondurmağa çalışır və status-kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bütün çağırışlarına məhəl qoymayaraq onları cavabsız qoyurdu. Dünya siyasi liderləri arasında xüsusi çəkisi olan dövlət başçımız düşmən dövlətin rəhbərləri ilə keçirilən ikili dialoqlarda qarşı tərəfi öz müdrikliyi ilə daim çıxılmaz vəziyyətə salmışdır. Cənab Prezident İlham Əliyevin Almaniyaya səfərini və orada keçirdiyi mühüm əhəmiyyətli görüşləri xüsusi vurğulamaq lazımdır. 15 fevral 2020-ci il tarixdə Münxen Təhlükəsizlik konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə ölkə rəhbəri cənab İlham Əliyevin zəngin elmi biliklərinin, bəlağətinin, mükəmməl və məzmunlu nitqinin qarşısında Nikol Paşinyanın aciz qalması və dövlət başçımızın polemikadakı inamlı qələbəsi Azərbaycan diplomatiyasının növbəti uğuru olmaqla, sözügedən məsələnin həllində ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etmişdir. Cənab Prezident İlham Əliyev səlis cümlələrlə və tarixi faktlara əsaslanan məntiqli fikirlərlə zəngin çıxışı ilə əsl həqiqətin nədən ibarət olmasına-bu münaqişədə Azərbaycanın haqlı tərəf olduğuna və torpaqlarımızın işğal edildiyinə dünya ictimaiyyətini inandırmağa müvəffəq olmuş və bununla da Paşinyanın savadsızlığını və yalanlarını növbəti dəfə ifşa etməklə, onu “mat” vəziyyətinə salmışdır.

Qeyd olunan diplomatik uğurlara rəğmən, gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verirdi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir. Buna görə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər dəfə mötəbər kürsülərdən deyirdi ki, : “...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həll edəcəyik...”. Bu baxımdan hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı tarixi torpaqlarımızı düşməndən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir, buna hər an hazır idi. Bütün bunları nəzərə alan müdrik rəhbərimiz cənab İlham Əliyev münaqişənin həlli ilə bağlı hər iki istiqamətdə işini etibarlı tutaraq, beynəlxalq dəstək və hüquqi baza yaratmaqla bərabər, həm də qüdrətli Silahlı Qüvvələr formalaşdırmışdır.

Ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş Ordu quruculuğu siyasətini müasir dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu istiqamətdə də atılmış mühüm addımlar, ordumuzun ən müasir silah-sursat, hərbi texnika və avadanlıqlarla təchiz olunması, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, hərbi qulluqçuların sosial rifah halının yaxşılaşdırılması məqsədilə zəruri tədbirlərin davam etdirilməsi öz bəhrəsini vermişdir. Təsadüfi deyildir ki, ötən illərdə olduğu kimi “Global Firepower” hərbi-analitika təşkilatının dünya ölkələri ordularının gücü ilə bağlı hazırladığı son hesabatında da Azərbaycan Ordusu Cənubi Qafqaz regionunun ən güclü ordusu reytinqini qoruyub saxlamışdır. Qeyd olunanlar hərbi uğurlarımızı şərtləndirmiş və nəticədə 2016-cı ilin aprel, 2018-ci ilin may və 2020-ci ilin iyul ayında, eləcə də həmin ilin 27 sentyabrından başlayaraq düşmənin törətdikləri növbəti təxribatlarının qarşısının alınması zamanı gedən döyüşlərdə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut edərək Vətən savaşındakı tarixi qələbəmizi təmin etmişdir.

Təbii ki, bütün bunlar Müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsində mümkün olmuşdur.

Göründüyü kimi, dövlətimizin və xalqımızın əldə etdiyi uğurlar məhz Prezident-xalq bağlılığının nəticəsində qazanılmışdır. Əminəm ki, bu sarsılmaz birlik əbədi olmaqla, doğma Azərbaycanımızın növbəti uğurlarını və millətimizin firavan gələcəyini şərtləndirəcəkdir.

Hazırladı:Gülbəniz Hüseynli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR