Azərbaycanın xarici ticarət profisiti 12 milyard dolları ötüb

Azərbaycanın xarici ticarət profisiti 12 milyard dolları ötüb
18:03 18 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir Azad Həsənli/

2014-cü ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2013-cü illə müqayisədə 10,58 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.

Bu dövr ərzində Azərbaycan 150 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi təqribən 31,02 milyard dollar təşkil edib.

Xarici ticarət əməliyyatlarında 12,6 milyard dollardan çox müsbət saldo yaranıb. 2013-cü ildə xarici ticarət əməliyyatlarının profisiti 12,26 milyard dollar olub.

Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 6 372 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 3 727 hüquqi, 2 645-i isə fiziki şəxsdir.

2014-cü ilin yanvar-dekabr aylarında 21,8 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da 2013-cü ildə qeydə alınan göstəricidən 8,95 faiz azdır.

İxrac əməliyyatlarında dövlət sektorunun payı 20,48 milyard dollar, özəl sektor - 1 121,3 milyon dollar, fiziki şəxslərin payı isə 226,2 milyon dollar olub.

2014-cü ilin yekunlarına görə, idxal 9,2 milyard dolları ötüb ki, bu da 2013-cü ildə qeydə alınan göstəricidən 14,22 faiz azdır.

İdxal əməliyyatlarında dövlət sektorunun payı təxminən 2,34 milyard dollar, özəl sektor - 6,48 milyard dollar, fiziki şəxslərin payı isə 3,64 milyon dollar olub.

2014-cü ilin yanvar-dekabr aylarında Azərbaycandan 2151 adda məhsul ixrac edilib, 6146 adda məhsul isə ölkəyə idxal olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR