Qohumlarını Suriyada axtaranlar Ombudsmana müraciət etdi

Azərbaycan vətəndaşları olan yaxın qohumlarını Suriyada axtaran bir sıra şəxslər müxtəlif vaxtlarda Ombudsmana müraciət ediblər.

Ombudsman Aparatından Metbuat.az-a bildirilib ki, onlar həmin ölkədə gedən müharibədə müxtəlif qrupların tərkibində döyüşən qohumlarının ailə üzvlərinin, o cümlədən qadın və uşaqların oradakı düşərgələrdə girov kimi saxlanıldıqlarını bildiriblər. Müraciətlərdə, eyni zamanda yaralı və xəstələrin tibbi yardımdan kənarda, baxımsız vəziyyətdə qaldıqları da qeyd edilib.

Ombudsman Səbinə Əliyevaya müraciət edən şəxslər ölkə vətəndaşları olan və Suriyada qalan qohumlarının ölkəyə qaytarılmasında köməklik göstərilməsini xahiş ediblər. Ombudsman həmin ölkədə qalan vətəndaşlarımızın qaytarılması istiqamətində zəruri tədbirlərin görülməsi məqsədi ilə müxtəlif vaxtlarda Nazirlər Kabinetinə, həmçinin digər səlahiyyətli dövlət qurumlarına müraciətlər edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin rəhbəri ilə keçirilən görüşdə də Səbinə Əliyeva Suriya ərazisində girov kimi saxlanılan Azərbaycan vətəndaşlarının mövcud vəziyyətini, onların geri qaytarılması ilə bağlı tədbirlərin həyata keçirilməsi üzrə əməkdaşlıq məsələlərini geniş müzakirə edib.

Yeri gəlmişkən, Azərbaycan hökuməti tərəfindən görülmüş tədbirlər nəticəsində 2021-ci ilin 27 may tarixində 6-sı qadın və 14-ü uşaq olmaqla, Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR