Azərbaycan Türkiyə ilə birləşib Rusiyanın planını pozdu:

Azərbaycanın ehtiyyatda olan palkovniki, hərbi ekspert Ədalət Verdiyev Metbuat.az-a özəl müsahibə verib.

Metbuat.az həmin müsahibəni təqdim edir:

Hərbi ekspert Ədalət Verdiyev Qars təlimindən danışdı: Yeniliklərə hazır  olun! - YouTube

- Ədalət bəy, bilirik ki, 200 ildən çoxdur ki, Rusiya Qarabağdadır. Son zamanlar qonşuları ilə münasibətlərdə kəskin reaksiya verən Rusiyanın Qarabağda olan maraqları nədən ibarətdir?

“Bildiyiniz kimi, Azərbaycan Türkiyə ilə birləşib, uyğun şərait yetişən kimi Rusiyanı bir qədər neytrallaşdıraraq 44 günlük müharibədə öz hədəflərinə çata bildi. Bu o demək deyil ki, Rusiya proseslərdən kənarda qaldı. Qarabağın az bir hissəsi, hazırda Rusiya sülhməramlılarının nəzarətindədir. Bu da Rusiyanın maraqlarına cavab verir”.

- Qeyd etdiyiniz o maraqlar nədən ibarətdir?

“Birincisi Rusiya ATƏT-in digər həmsədr ölkəsi yəni ABŞ, Fransa eyni zamanda Qərbə nümayiş etdirdi ki, “Qafqazla işiniz yoxdur. Mənim təsir dairəmdədir, buradakı prosesləri mən idarə edə bilirəm”.

İkincisi odur ki, Rusiya gözəl anlayır ki, Qarabağda münaqişənin həll edilməməsi, prosesə Türkiyənin də sürətli daxil olması, münaqişənin alovlanmasına, Rusiya ərazilərinə xüsusilə Şimali Qafqaza keçə bilər.

Birinci Qarabağ savaşı zamanı münaqişənin bir ucu Azərbaycandan başlayıb, Çeçenistan, İnquşetiya hətta Gürcüstana sıçradı. Hazır ki vəziyyətdə Rusiya bütün dünya ilə, əksər güclü dövlətlər, qonşuları, qərb və NATO ilə münaqişə vəziyyətindədir. Belə olan halda Rusiyaya aktiv münaqişələr lazım deyil. Çünki aktiv münaqişələr Rusiyanın özü üçün təhlükə törədir”.

- 44 günlük müharibə çərçivəsində İsgəndər raketinin Ermənistanın əlinə necə keçməsi sualına Rusiya cavab verə bilmədi. Əslində nə baş verirdi?

“Bilirsiniz, Rusiya İsgəndər raketi ilə bağlı hansı açıqlamanı versə özü üçün təhlükə törədəcəkdir.

İsgəndər Rusiya tərəfdən Ermənistana verilibsə bu bir yalnışdır, verilməyibsə də ikinci yalnışdır. Bəs Ermənistanın əlinə bu məsələ necə düşdü? “Xəbərimiz yoxdur!”- desə bu da üçüncü yalnış olacaqdır. Bu sualın istənilən cavabı Rusiyaya istənilən halda acıdır. Mətbuatın gündəmin də olmasa da görünən odur ki, biz nə vaxtsa Rusiyaya təzyiq üçün bu məsələni qabardacayıq. Hələlik bu mövzuda müzakirələr edilmir”.

- Rusiyanın Ermənistanda və Qarabağda fəaliyyəti sanki bilərəkdən ləngiyir. Məqsəd nədir? Deyə bilərikmi, Rusiya Ermənistandan öz nüfuzunu xilas etmək üçün istifadə edir?

“Rusiya erməniləri təsir dairəsində saxlamaqdan ötəri yəni gələcəkdə Türkiyənin nəzarətinə keçməsin deyə, fəaliyyətini ləngidərək, Ermənistan ərazisində xilaskar kimi bazasını daha uzun müddətə saxlamağa cəhd edəcəkdir.

Əgər Rusiya Ermənistandakı bazasını, Qarabağdan sülhməramlılarını çıxarıb öz sərhədlərinə çəkilərsə, bu onun Şimali Qafqazdan hətta Tatarıstandan çəkilməsinə də səbəb ola bilər. Yəni vəziyyət o qədər kritik ola bilər”.

- Ədalət bəy, sülhməramlıların fəaliyyətinin uzadılması ilə bağlı cəmiyyətdə müəyyən fikirlər var idi. Bəs Azərbaycan nə üçün Qarabağda rus sülhməramlılarını “qonaq” edir?

“Əgər yaxın beş ildən sonra tərəflərdən biri yəni Azərbaycan və ya Ermənistan Rusiyanın iştirakını istəməsə o zaman müqavilənin şərtlərinə uyğun olaraq, Rusiya sülhməramlıları Qarabağdan gedəcəkdir. Rusiya bu imzanın altından geri addım ata bilməz.

Azərbaycana sülhməramlıların fəaliyyəti ona görə lazım idi ki, onlar Zəngəzur dəhlizi üçün şərait yaradacaqlar. Sülhməramlılar, Ermənistanı 5 kilometr geri itələyəcəklər. Dəhliz açılandan sonra sülhməramlıların fəaliyyətinə ehtiyac qalmayacaqdır. Ondan sonra vəziyyət artıq yoluna düşüb normal davam edəcəkdir”.

- Müsahibə üçün təşəkkür edirik.

“Buyurun, xoş oldu”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR