Tövlədə bağlı saxlanılan qoca qadınla bağlı

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə Gədəbəyin İvanovka kəndində Səkinə adlı ahıl qadına qarşı şiddət göstərilməsi ilə bağlı video yayılmışdı.

86 yaşlı qadının pensiya kartını mənimsəyən və işgəncə verən Qəzənfər adlı şəxsin onu qardaşına məxsus tövlədə ac-susuz və əli-qolu bağlı vəziyyətdə, boğazına kəndir keçirilmiş halda saxladığı bildirilirdi.

Metbuat.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyi ahıl qadının şiddət görməsi ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə tərəfindən paylaşılan görüntülərin dərhal qurum tərəfindən nəzarətə götürüldüyünü və araşdırıldığını açıqlayıb.

“Məlum olub ki, yayılan görüntülərdə haqqında bəhs edilən qadın Daşkəsən rayonunun Kəmərqaya kəndində qeydiyyatda olan, 6 noyabr 1934-cü il təvəllüdlü Səkinə Bayram qızı Həsənovadır. Agentliyin 26 saylı filialının əməkdaşları Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə dərhal həmin ünvanda vəziyyətlə yerindəcə tanış olublar.

Qohumu Qəzənfər adlı şəxsin yanında qaldığı bildirilən və kobud rəftara məruz qalan vətəndaş Səkinə Həsənova hüquq-mühafizə orqanı əməkdaşlarının iştirakı ilə saxlanıldığı yerdən götürülüb. O, Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilir”.

Agentlikdən, həmçinin bildirilib ki, qadının psixoloji vəziyyətinin qiymətləndirilməsi, sağlamlığına nəzarət və digər zəruri ehtiyaclarının qarşılanması üçün lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək: “Səkinə Həsənovanın zorakılığa məruz qalması ilə bağlı videogörüntülər isə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır və bu barədə məlumat veriləcək. Səkinə nənə barəsində xəbər verən hər kəsə, eyni zamanda proses boyu dəstəyini əsirgəməyən Daxili İşlər Nazirliyinin əməkdaşlarına təşəkkürümüzü bildiririk”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi həmin qadının Daşkəsən rayonunda qeydiyyatda olan və Gədəbəy rayonunun İvanovka kəndində yaşayan 1934-cü il təvəllüdlü Səkinə Həsənova olduğunu açıqlamışdı. Polis əməkdaşları qadının yerini həmin kənd ərazisində gəzərkən aşkar edib. Hazırda həmin görüntülər əsasında həmin qadını bağlayan şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR