Türkiyə və Azərbaycan orduları birləşə bilər: “Qafqaza sülhü türklər gətirəcək” -

“Bildiyiniz kimi, Ermənistan 10 noyabr bəyannaməsinin şərtlərini həyata keçirməkdən boyun qaçırır. Xüsusilə Qarabağdan silahlı ünsürlərin çıxarılması, minalanmış ərazilərin xəritəsinin verilməsi, açılacaq olan Zəngəzur-Naxçıvan dəhlizinin layihəsinin həyata keçirilməsi kimi mövzularla əlaqədar müzakirələrdə heç bir inkişaf yoxdur”.

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, təqaüddə olan general Yücel Karauz Metbuat.az-a açıqlamasında bildirdi ki, Azərbaycanın Ali Baş komandanı cənab İlham Əliyevin də dəfələrlə dilə gətirdiyi sülh barədə müzakirə təklifinin edilməsinə rəğmən, Ermənistan bu məsələdə addım atmaqdansa vəziyyəti qəlizləşdirmək yolunu seçir. Nikol Paşinyanın sərhəddə yürütmüş olduğu fəaliyyətlər, həmçinin məsələnin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi ölkələri və Avropa Birliyi platformasına çıxartması özünə zaman qazanmaqdan başqa bir şey deyil.

Bu gün Bakıda işə başlayan Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclasının da bu qəbildən olan bir çox məqamlara görə mühüm əhəmiyyət kəsb etdiyini bildirən general, 1992-ci ildən etibarən Türkiyə və Azərbaycan silahlı qüvvələri arasındakı uğurlu əməkdaşlığın yüksək səviyyəyə çatdığnı və bu hərbi dialoqun Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra keçirilən ilk toplantı olduğunu dedi.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə  olunub - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Əgər bir dövlət güclü olmaq istəyirsə müasir silah-sursatla təmin edilmiş güclü silahlı qüvvələrə malik olmalıdır. Bu baxımdan cənab prezidentlər İlham Əliyev və Rəcəp Tayyip Erdoğanın siyasi iradəsinə əsasən uğurlu işlər görülür. Yəni lazım olanda iki ölkənin silahlı qüvvələrinin tək bir ordu halına gətirilməsi üçün davamlı addımlar atılır. Bu addımlar nəticəsində Azərbaycanın və Türkiyənin silahlı qüvvələri güclü bir şəkildə həm ölkələrinin təhlükəsizliyini təmin edəcək, həm də Qafqaza sabitlik və sülh gətirəcək. Bu, eyni zamanda qlobal miqyasda sülhə və sabitliyin təmin olunmasına öz töhfəsini verəcək. Bu fəaliyyətlər dosta güvən, düşmənə qorxu gətirəcək. Yəni Azərbaycanın və Türkiyənin maraqlarına qarşı bəd niyyət sərgiləyənlərə də gərəkli bir cavab olacaq”.

Yücel Karauz bildirdi ki, müzakirələr çərçivəsində, Azərbaycanla Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir. Hərbi inkişaf perspektivləri həmçinin gələcəkdə tərəflər arasında hərbi təlimlərin sayının artırılmasının mümkünlüyünün müzakirəsi də müsbət məqamlardan sayılacaqdır.

“Bir əlin nəsi var, iki əlin səsi var” atalar sözünün fəlsəfəsindən irəli gələrək Türkiyə və Azərbaycan silahlı qüvvələrinin birgə bərabərliyi baş verən hadisələrə birlikdə reaksiya verib hərəkət etməsi, Qafqaza və dünyadakı bir çox dövlətlərə mesaj olacaqdır. Güclü və qalıcı sülhün təmini güclü, hər an müharibəyə hazır silahı qüvvələrə malik olmaqdan keçir. Bu edilən görüşlərin nəticəsində silahlı qüvvələrin ani qərar veriləcək müharibə şəraitində tam hazırlıqlı olması üçün, əməkdaşlığ fəaliyyətini inkişaf etdirməklə, bu səpkidə uğurlu işlərə imza atacaqdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR