Azərbaycanın addımı İranı çətin vəziyyətə saldı:

"Son günlər Ermənistan-Azərbaycan sərhəddində baş verən insidentlər, sərhədlərin delmitasiyası və demorkasiyası prosesi də İranda bəzi dairələrin ciddi narahat olmasına səbəb olmuşdur. Görünən mənzərə odur ki, İranda bəzi dairələr Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi uğurdan narahatdır".

Bu açıqlamanı Metbuat.az-a politoloq Samir Hümbətov edib. Onun fikirlərinə əsasən bildirək ki, İran XİN başçısının Azərbaycanda və Ermənistanda keçirilmiş görüşlər zamanı verilən açıqlamalardan belə qənaətə gəlmək olar ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyən edilməsi və Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mübarizə göstərməsi İranı daha çox narahat edir. Politoloq vurğuladı ki, bunun da bir neçə özünəməxsus səbəbi var.


"Birincisi, İran və Ermənistan arasında mövcud olan sərhədlər təbii coğrafi şəraitin əlverişli olmaması ilə əlaqədar olaraq tərəflər arasında nəqliyyat-kommunikasiya əlaqələrinin mövcudluğunu çətinləşdirir ki, bu da tərəflər arasında ticarət və əlaqələrin zəifləməsinə gətirir.

İkincisi, Azərbaycan və Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin açılması İran-Ermənistan sərhəddi boyu nəzərdə tutulması İran və Ermənistan arasında ciddi mənada əlaqələrin qırılmasına şərait yaradacaq ki, bu da İran-Ermənistan əlaqələri üçün arzuolunmaz amil kimi dəyərləndirilir. Azərbaycan və Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi İran və Ermənistan arasına mövcud olan qaz kəmərinin fəaliyyətinə də müəyyən mənada təsir edəcək ki, bu da İranı narahat edən məsələlərdəndir".

Samir Hümbətov deyir ki, bu məsələdə üçüncü amil bir qədər düşündürücüdür.

"I Qarabağ savaşından sonra mediada yer alan məlumatlara əsasən Ermənistanın qeyri-qanuni şəkildə Azərbaycanın işğal edilmiş ərazilərində İran şirkətlərinin fəaliyyətinə icazə verməsi barədə məlumatların yayılmasının şahidi olmuşuq. II Qarabağ savaşından sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi İran şirkətlərinin oradakı fəaliyyətini dayandırmasına səbəb olmuşdur ki, bu da İranı narahat edən məsələlərdəndir. Hesab edirəm ki, İran XİN başçısı Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri çərçivəsində ölkə başçısı İlham Əliyevlə görüşü zamanı səsləndirdiyi fikirlər diqqəti cəlbedən oldu. Zərif ölkə başçısı cənab İlham Əliyevlə görüşü zamanı “İranın işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etmək niyyətindədir” ifadəsinin də arxasında məhz bu amilin dayandığını deməyə əsas verir".

Politoloq deyir ki, son zamanlar Türkiyənin regionda, xüsusilə də Azərbaycanda artan nüfuzunu özü üçün təhdid bilən İran üçün bu prosesin qarşısını almaq da önəmli məsələlərdən birinə çevrilib. Təsadüfi deyil ki, İranda prezidentliyə namizədləridən biri İran Ali liderinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqanın verdiyi açıqlamada Türkiyəni regional məsələlərdə rəqib kimi görməsi ifadəsi bunu açıq şəkildə nümayiş etdirir. Bu sadalanan fakt da həmin o səbəblərdən biridir.

Müsahibimiz Samir Hümbətovun sözlərinə görə, İranın son zamanlar regiona belə aktiv şəkildə daxil olmaq cəhdlərinin arxasında Azərbaycan baxımından hansısa xoş niyyətin dayandığını demək çətin olardı. İran XİN başçısı Məhəmməd Cavad Zərifin Ermənistanda erməni həmkarı ilə görüşü zamanı səsləndirdiyi fikirlər də məsələnin nədən ibarət olduğunu deməyə imkan verir.

"Zərif bu görüş zamanı “Ermənistanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir” ifadəsini işlətməsi məsələni açıq şəkildə izah edir. Hesab edirəm ki, İranın regiona səfərinin pərdə arxasında Rusiya amilinin olmasını da gözardı etmək olmaz" - deyə Samir Hümbətov bildirib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR