Coğrafiya İnstitutunun direktoru vəfat etdi

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov vəfat edib.

Metbuat.az xəbər verir ki, o, bu gün səhər saatlarında 71 yaşında ürək tutmasından dünyasını dəyişib.

Ramiz Mahmud oğlu Məmmədov 1950-ci il fevralın 4-də Gürcüstan Respublikasının Qardabani rayonunun Qaracalar kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fizika fakültəsini bitirmişdir. O, elmi fəaliyyətə 1973-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzində başlamışdır.

Alim 1980-1985-ci illərdə Azərbaycan Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Xəzər elmi-tədqiqat stansiyasının müdiri vəzifəsində çalışmışdır. 1985-ci ildə Azərbaycan SSR EA Rəyasət Heyətinin qərarı ilə Geologiya, 1989-cu ildə isə Coğrafiya institutlarında fəaliyyətini davam etdirmişdir. 1991-ci ildə Coğrafiya İnstitutunun Xəzər Dənizi Problemləri Mərkəzinin müdiri, 1994-cü ildə isə bu müəssisənin elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. O, 2012-ci ildən AMEA-nın Coğrafiya İnstitutunun direktoru idi. 2001-ci ildə “Coğrafiya” ixtisası üzrə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

R.Məmmədovun rəhbərliyi altında 15 fəlsəfə, 4 elmlər doktoru hazırlanmışdır.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR