Bakıya gələn əcnəbilərdən bu sənədlər istəniləcək -

Dövlət Miqrasiya Xidməti futbol üzrə Avropa çempionatının Bakı şəhərində keçiriləcək oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərlə bağlı məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr idarəsindən Metbuat.az-a bildirilib ki, əcnəbilər aşağıda göstərilən sənədlərdən hər hansı birini təqdim etdikdə bu il iyulun 5-dək dövlət sərhədindən buraxılış məntəqələrində viza ala bilərlər:

Oyunların Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin və ya AFFA-nın rəsmi dəvət məktubu;
UEFA-nın müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən akkreditasiya kartı və ya digər sənəd;
Bakıdakı oyunlara qatılan komandaların təmsil etdikləri ölkələrin vətəndaşları və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün oyuna bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

Futbol oyunları ilə əlaqədar ölkəyə səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər mütləq qaydada uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd təqdim etməlidirlər.

Qeyd olunub ki, Avropa çempionatının oyunları ilə əlaqədar Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslər ölkədə 15 gündən artıq qaldıqları təqdirdə, olduqları yer üzrə qeydiyyata alınmalıdırlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR