x
Loading...
.

Bakıda tikinti şirkəti vətəndaşları incidir - "Bloklarda naqillər kəsilir, xırda oğurluqlar..."

.

Tikinti şirkətləri ilə vətəndaşlar arasında olan problemlər tez-tez gündəmə gəlir desək yanılmarıq.

Metbuat.az- ın qaynar xəttinə daxil olan şikayətdən biri də bu mövzudadır. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi ev 192-nin sakinləri uzun müddətdir ki, “SmartDom” MMC-dən narazılıq edirlər.

Şikayətçilərdən Farid Nəsibzadə bildirib ki, ərazidə tikinti aparan “SmartDom” MMC sakinlərə qarşı hörmətsizlik və saymamazlıq göstərərək, onlarla heç bir görüş keçirmədən, heç bir məsləhətləşmə aparmadan tikinti fəaliyyətə başlayıb.

“Biz binaların və mənzillərin layihəsini bəyənmədiyimiz üçün adı çəkilən şirkətlə müqavilə bağlamaq istəmədik. Şirkətdən bizə deyirlər ki, onlar evi sökdürmədən və giriş qapısını çıxarmadan kirayə pulu verməyəcəklər. Onların sakinləri məcbur edib evləri satmaq üçün oyunları da bitmir. Bloklarda naqillərin kəsilməsi, müxtəlif komunikasiya borularının xırda oğurluqları, eləcə də 22.05.2021-ci ildə binada mənzil oğurluğu baş vermişdir. Hətta, məhəllədə qeyd olunan faktlarla bağlı polis də çağrılıb. Məhz “SmartDom” MMC-nin dolayısı ilə yaratdığı şərait nəticəsində sakinlərin istirahət, mülkiyyət kimi konstitusion, təməl hüquqları pozulmuşdur. Biz sakinlər əsəb və stress içində gün keçiririk”.


Farid Nəsibzadə deyir ki, problem ilə əlaqədar dəfələrlər müvafiq əlaqədar orqanlara müraciət etsələrdə də nəticəsi olmayıb.

“Biz layihənin dövlət layihəsi ilə əvəzlənməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Anar Quliyevə, BŞİH Başçısı cənab Eldar Əzizova, və Yasamal İH Başçısı cənab Elşad Həsənova müaricət göndərmişik. Bununla yanaşı müraciət ünvanladığımız Bakı ŞİH-in Aparat rəhbəri Elgün Həbibullayev 12.10.2020-ci il tarixli, 1-685/3-151/3 saylı məktubla bizim müraciətin araşdırılması üçün Yasamal İH Başçısı Elşad Həsənova və “SmartDom” MMC-nin direktoru Eldəniz Əliyevə məktub göndərib. Amma bu müraciətlərin də heç bir faydası olmadı. Yasamal RİH Başçısının I müavini Hüseyn Əfəndiyevin 03.11.2020-ci il tarixli, Kot-258/2-071/2 saylıməktuba əsasən, sakinlərin müraciətlərinə baxıldığını və “SmartDom”MMC ilə müzakirələr aparılması tövsiyyə olunsa da adı çəkdiyim tikinti şirkəti bizim şikayət və təkliflərimizi dəyərləndirmədiyi üçün yenidən Yasamal RİH Başçısına müraciət etdik. Əfsuslar olsun ki, həmin müraciətə, hansısa maraqlar səbəbindən Yasamal RİH Başçısı indiyədək cavab verməmişdir. Məsələ ondadır ki, biz icra hakimiyyəti ilə “SmartDom” MMC arasında gedib-gəlirik amma heç bir tərəf bizim problemimizi həll etmir”.

Sakinlər bildirdi ki, “SmartDom” MMC mənzillərə blokların qapılarına müxtəlif elanlar yapışdıraraq, ərazi üzrə mükəlləf olan 56 saylı MKİS tərəfindən aldıqları informasiya əsasında sakinlərə zənglər edib, onları qeyd olunan şirkətlə razılaşmadıqları təqdirdə polis və ya məhkəməyə verməklə hədələməkdə davam edirlər. Məsələ ilə bağlı , “SmartDom” MMC-nin nümayəndəsi Sevda Hüseynova Metbuat.az-abildirdi ki, bu məsələdə “Dava yorğan davasıdır”. Yəni başqa bir problem yoxdur.

“Onlar 3 otağlı mənzilə görə 200 min manat pul istəyirlər. Sahibkar da bu tələb ilə razılaşmır. Ona görə də sahibkarı şərləmək üçün müxtəlif yollara əl atırlar. Burada beş bloklu bina tikilməlidir. Beş bina da sökülməlidir. Biz hələ o binaların sakinləri ilə danışıqlar aparırıq. Şikayət edən sakinlərin hələ heç birinin qapısına da getməmişik. Hələ yolun qırağındakı binalarda yaşayan sakinlərlər müzakirələr aparırıq. Onların arasında da narazılıq edənlər var. Çalışırıq ki, razılığa gələ bilək”.

Sakinlərin tikiləcək binaların proyektlərinin onlara uyğun olmadığı fikirlərinə münasibət bildirən tikinti şirkətinin rəsmisi deyir ki, həmin proyekt Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılığına əsasən hazırlanıb.

“Əgər bizim istəyimizlə binalara proyetlər çəkilsə idi, elə gözəl mənzillər üçün layihə hazırlayardıq ki, tayı-bərabəri olmazdı. Amma qanunla tələb necə qoyulubsa elə də olmalıdır. Biz sakinlərə, hazır ev də təklif edirik ki, kirayəyə getməyib orada yaşayın. Amma razılaşmaq istəmirlər. Səksəndən artıq mənzil köçürülüb. Amma bəziləri ilə hələ də razılaşa bilmirik. Onların tamahının həddi-hüdudu yoxdur”.

Problem ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinə göndərdiyimiz sorğunun nəticəsi cavabsız qaldığı üçün onların münasibətini təqdim edə bilmirik. Amma şikayətin həlli yolunda adı hallanan tərəflərdən hər hansı birinin iradı və təklifi olarsa işıqlandırmağa hazırıq...

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR