"2014-cü ili Azərbaycanın xarici siyasətinin yüksəliş ili hesab etmək olar"

"2014-cü ili Azərbaycanın xarici siyasətinin yüksəliş ili hesab etmək olar"
18:37 18 Yanvar 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2014-cü il üçün Azərbaycanın xarici siyasətinin əsas prioritetlərinə, diplomatik münasibətlərin inkişaf xüsusiyyətlərinə və gələcək illərdə Azərbaycanın xarici diplomatiyasının hansı zəmində qurulacağı barədə Kəpəz TV-nin (Region TV) “Bu həftə” proqramına müsahibə verdi.

- Keçən həftə XİN tərəfindən 2014-cü ilin hesabatı verildi. Burada verilən məlumatları da əldə rəhbər tutaraq 2014-cü il Azərbaycanın xarici siyasətini necə qiymətləndirmək olar?

- 2014-cü ildə yenə də əsas prinsipimiz müstəqillik olmuşdur. Qarşıya qoyulan məsələlər üzrə də uğur əldə edilmişdir. Qarşıya qoyulan əsas məsələlər Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Dağlıq Qarabağ torpaqlarının geri qaytarılması, məcburi köçkün və qaçqınların öz yurd-yuvalarına geri dönməsi, Azərbaycanın ikitərəfli siyasi əlaqələrinin inkişaf etdirilməsi, iqtisadi ticarət əlaqələrinin genişləndirilməsi, neft və enerji siyasətimizin həyata keçirilməsinə töhfə verilməsi, xaricdə yaşayan vətəndaşlarımız və diasporalarımızla təmaslar, ölkədən xaricdə yaşayan Azərbaycan vətəndaşlarının hüquqlarının qorunması, xaricdən müstəqilliyimiz və suverenliyimizə olan hədə və təhdidlərin qarşısının alınması, Azərbaycanın maddi irsinin dünyada beynəlxalq səviyyədə təşviq edilməsi və s. Digər sahələr üzrə kompleks tədbirlər görülmüşdür. Ölkə başçısı tərəfindən də qarşımızda ikitərəfli əlaqələrin inkişaf etdirilməsi prinsipi qoyulmuşdur. Ona görə də ikitərəfli əlaqələr baxımından da Azərbaycanın xarici siyasəti yeni coğrafi hüdudlara çıxıb. Cənubi Amerika qitəsi, Cənub-Şərqi Asiya, Afrika qitəsində bugün Azərbaycanın xarici siyasəti uğurla həyata keçirilir.
 
- Azərbaycanın siyasətinin əsas təməl daşını Dağlıq Qarabağ məsələsinin həlli tutur. Bununla bağlı ötən il hansı işlər görüldü?

- 2014- cü il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar aparılmışdır. Bu danışıqlar prosesi Minsk Qrupunun həmsədr ölkərinin nümayəndələri tərəfindən həyata keçirilir. 2014-də Soçidə, NATO-nun UELS sammiti çərçivəsində və Parisdə prezidentlər səviyyəsində görüş keçirilmişdir. Bundan başqa Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə XİN nazirlərinin görüşləri baş tutmuşdur. 2014-cü ili iki hissəyə bölsək, I hissədə həmsədrlərin birgə verdikləri bəyanatları belə təsnif edə bilərik ki, burada da onlar Madrid prinsiplərindən çıxış edərək ermənilərin Azərbaycan torpaqlarından işğalçı güclərinin çıxarılmasını qeyd edə bilərik. Daha sonra Soçi, Uels və nəhayət Paris görüşlərində isə münaqişənin həllində Böyük sülh sazişinin imzalanması və bunun üzərində ciddi dayanılması ilə bağlı olan qərarlar idi. Lakin belə bir pozitiv şəraitdə erməni tərəfi yenə də təxribatlara əl atdı. Onların bu təxribatları kompleks şəkildə həyata keçirdiklərini söyləmək olar. Buna atəşkəsin tez-tez pozulması, diversiya əməliyyatlarının sayının artması, sərhəddə yaşayan mülki Azərbaycan əhalisinin hədəfə alınması, bundan baqşa Dilqəm Əsgərov və Şahbaz Quliyevin əsir götürülməsi, digər vətəndaşımız Həsən Həsənovun qəddarcasına öldürülməsi, iyul-avqust aylarında təmas xəttində gərginliyin daha da artması, burada təxribat əməllərinin törədilməsi sonra isə Paris görüşündən sonra Azərbaycanın işğal olunmuş ərazilərində 46 mindən artıq şəxsi heyətin iştirakı, 3000-dən artıq hərbi texnikanın cəlb olunması ilə Ermənistan tərəfindən hərbi təlim həyata keçirildi. Bu da məhz Paris görüşündən sonra təxribata yönəlik bir addım idi. Ermənistan dərk edir ki, artıq ortada konkret təkliflər var və onlardan konkretlik tələb olunur, bu cavabı verməməyə görə isə onlar hər bir formada danışıqlara xələl yetirmə siyasəti yürüdür. Burada ikinci bir məqam Ermənistanın özünün daxilində olan vəziyyətdir. Ermənistan təmas xəttində və danışıqlarda yaratdığı gərginliyi ölkədə olan siyasi, sosial, iqtisadi, demoqrafik vəziyyətdən çıxış yolu kimi görür. Məhz bu problemlərlə də ölkənin daxili problemindən diqqət yayındırır.
 
- Azərbaycan dünya dövlətləri ilə yeni əlaqələrin qurulması və mövcud əlaqələrin daha da inkişaf etdirilməsi baxımından hansı addımları atıb?

- İkitərəfli diplomatiya ölkə rəhbərliyi tərəfindən də qarşımızda əsas prioritet siyasət kimi qoyulmuşdur. İkitərəfli əsasda Azərbaycanın xarici siyasəti çox uğurla həyata keçirilmişdir. Belə ki, dünya dövlətlərinin nüfuzlu dövlət adamlarının, ölkə başçılarının ölkəmizə edilən səfərləri artıq Bakının da dünya dövlətlərinin diplomatik paytaxtı halına gətirib. Belə ki, burada təşkil edilən vacib görüşlər, konfranslar bunu söyləməyə əsas verir. Bununla yanaşı Azərbaycan xarici işlər naziri tərəfindən ikitərəfli qarşılıqlı səfərlər həyata keçirilmişdir. Azərbaycanın xarici diplomatiyasının dünyada coğrafi arealı genişlənib. 2014-cü ildə Azərbaycanın Efiopiyada səfirliyi fəalliyyətə başlayıb. Bu səfirliyin fəaliyyəti Efiopiya ilə məhdudlaşmayacaq, bura məhz Afrika ittifaqı da daxildir ki, bu da iki və çoxtərəfli əsasda Afrika dövlətləri ilə əlaqələrimizi gücləndirməyə imkan verəcək. Bundan başqa Cənub və Şərqi Asiya dövlətləri ilə əlaqələrimiz olduqca sürətlə inkişaf edir.
 
- Azərbaycan qonşu dövlətlərlə daim qarşılıqlı etimad və dostluq siyasəti yürüdür. İran, Gürcüstan, Türkiyə, Rusiya ilə münasibətləri buna nümunə göstərmək olar. Məhz bu baxımdan bu ölkələrlə və xüsusilə Türkiyə ilə Azərbaycan münasibətlərini necə dəyərləndirərdiz?
 
-Türkiyə ilə Azərbaycan arasında əlaqələr o qədər şaxəlidir ki, bu bütün sahələri əhatə edir. İki ölkə arasında strateji əməkdaşlığın artırılması və yeni strategiyaların müəyyənləşdirilməsi üçün Strateji şura fəaliyyat göstərir. Buna da ölkə rəhbərlikləri səviyyəsində rəhbərlik edilir. Strateji qərarlar xarici işlər, daxili işlər və ümumən nazirlərə verilir ki, onlar da il ərzində bu qərarları əldə rəhbər tutaraq onları inkişaf etdirmək yönündə fəaliyyət göstərirlər. Son toplantı da bunun bariz nümunəsi oldu. Bir sözlə iki ölkənin niyyət və məramı üst-üstə düşdüyündən, beynəlxalq arenada bu ölkələrin məqsədlərinin eyniliyindən, Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin daim Azərbaycanı dəstəkləməsi iki ölkənin münasibətlərinin daha da inkişaf edəcəyindən xəbər verir. Son Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin mətbuat toplantısında bildirdikləri kimi qondarma erməni soyqırımına qarşı bu iki dövlət artıq yan-yana çıxış edəcək. Bizim nazirliklər səviyyəsində iş aparılacaq ki, erməni yalanları dünyaya çatdırılsın, ifşa olunaraq dünya müstəvisinə çıxarılsın. Bundan başqa iqtisadi və siyasi əlaqələrimiz dinamik şəkildə inkişaf etdirilir. Azərbaycan Türkiyə əməkdaşlığı regional əməkdaşlığın bir nümunəsidir. Bu əməkdaşlıq artıq üçtərəfli xarakter daşıyır. Belə ki, artıq Gürcüstan da bu əməkdaşlıq çərçivəsində olduğundan bu regional əməkdaşlığın çox unikal bir modelini yaratmış olur. Bu proseslərdən daim kənarda qalan Ermənistandır ki, bu dövlət daim özünü təcrid siyasəti həyata keçirir. O daim tarixin saxtalaşdırılması, əsassız torpaq iddiaları ilə çıxış edir. Türkiyə Azərbaycan əlaqələrində enerji faktoru da çox mühüm rol oynayır. Qarşımızda çox strateji bir əhəmiyyət daşıyan layihə var. Bu TANAP layihəsidir ki, iki ölkə başçısının uğurlu siyasəti və əzmi nəticəsində bu layihə də uğurla həyata keçiriləcəkdir. Hərbi sahədə olan əməkdaşlığın nəticəsi kimi müdafiə, təhlükəsizlik qurumları arasında sıx əlaqə mövcuddur. Bu sahənin yeni bir tərəfi isə müdafiə sənayesidir ki, Azərbaycan bu sahədə bir sıra uğurlara imza atıb, yəni iki ölkənin birgə hərbi təlimlər təşkil etməsi buna bariz nümunədir. 2014-cü ildə aparılan bu siyasətin 2015-ci ildə də uğurla davam etdiriləcəyini və daha da inkişaf etdiriləcəyini deyə bilərik.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319705.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR