x
Loading...

Şuşa Bəyannaməsi - yeni gerçəkliklər, yeni iqtisadi prioritetlər - AÇIQLAMA

.

"Daha çox siyasi tərəfi müzakirə olunan Şuşa bəyannaməsi təkcə Azərbaycanın deyil, həm də Qafqazdakı hər 3 ölkənin iqtisadiyyatlarındakı inkişaf yolları, prioritetləri, balansları, istiqamətləri əsaslı şəkildə dəyişəcək tarixi bir sənəddir".

Bu açıqlamanı Metbuat.az-a iqtisadçı ekspert Elman Sadıqov bildirib. Onun sözlərinə görə, bu günə qədər iqtisadi sahədə düşünülən bir çox məqamlar unudularaq yeni gerçəkliklərə uyğun yeni iqtisadi prioritet və istiqamətlər müəyyən ediləcək.


"İdxal-ixrac və monetar siyasətlər, turizm, istehsal-emal sahələrində bir çox köhnə məsələlər unudularaq yaranmaqda olan yeni gerçəkliklərin tələblərinə uyğun siyasətlər formalaşacaqdır. Məşğulluq, valyuta kursu və inflyasiya (yeri gəlmişkən, təkcə inflyasiyanı azaltmaq hədəfi güdən və yaxın müddət üçün keçici effekt verib orta və uzun müddətdə müxtəlif iqtisadi sahələrdə boğulma ilə nəticələnmə riski olan addımlar mövcuddur ki, bu addımları atan ölkələr dərin iqtisadi tələlərə düşə bilərlər) ölkəmizin ən çox fokuslandığı 3 fundamental istiqamət olacaq. Qalan istiqamətlər (idxal-ixrac, istehsal və sair) bu 3 fundamental istiqamətin həllinə xidmət edəcək alt kateqoriayalar, dəstəkləyici faktorlar və sair kimi xarakterizə oluna bilər.

Bildiyiniz kimi, Türkiyə iqtisadiyyatı indiyə qədər fokuslandığımız Rusiya iqtisadiyyatından köklü şəkildə fərqlənən, daha dərin, daha geniş, daha çox strukturlaşmış və formalaşmış bir iqtisadiyyatdır. Bu iqtisadiyyatla daha da yaxınlaşmaq üçün bu iqtisadiyyatı (ümumilikdə deyil, incəliyinə qədər) öyrənmək də kifayət etmir; bu iqtisadiyyatın Azərbaycan iqtisadiyyatı ilə daha optimal, win/win (uduş/uduş) prinsipləri əsasında uzlaşma yollarının operativ və səmərəli bir şəkildə axtarılması, araşdırılması çox vacibdir".

Elman Sadıqov deyir ki, çoxlu üstünlükləri ilə yanaşı riskləri də mövcuddur. Biz hər iki iqtisadiyyatın təhlili və ortaq yollarının tapılması ilə üstünlükləri daha da artıra bilərik.

"İnkişaf etmiş ölkələrin əsas prinsiplərindən biri budur ki, siyasət iqtisadiyyata xidmət edir. Bu gün atılan siyasi addımlar əslində sabah formalaşacaq yeni iqtisadi əlaqə və istiqamətlərin, hətta haqqında çox danışılan Yeni Dünya Düzeninin əsaslarını qoyur. Biz təkcə Türkiyə-Azərbaycan iqtisadi əlaqələri və yaxud regionda yaranması nəzərdə tutulan iqtisadi platformaların fonunda Azərbaycanın mövqeyini, əldə edəcəklərini, çağırış və riskləri deyil, həm də dünyada baş verəcək dəyişikliklərin fonunda ölkəmizin mövqeyini, əldə edəcəklərini, çağırış və riskləri hər hansı eyforiya, ümumi və dayaz təhlillərdən uzaq olmaqla həm geniş, həm dərin təhlil edərək düzgün nəticələr çıxara bilərik".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR