x
Loading...
.

Təhsil Tələbə Krediti Fondunun idarəetmə forması belə olacaq

.

Təhsil Tələbə Krediti Fondu öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərmanı ilə təsdiq olunmuş Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun Nizamnaməsində əksini tapıb.
Qeyd olunub ki, Fondun idarəetmə orqanları Himayəçilik Şurası və İdarə Heyətidir.

Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Himayəçilik Şurası (bundan sonra - Şura) həyata keçirir.

Şuranın Təhsil Nazirliyinin (2 nəfər), Maliyyə Nazirliyinin (1 nəfər), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (1 nəfər), İqtisadiyyat Nazirliyinin (1 nəfər), Mərkəzi Bankın (1 nəfər) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (1 nəfər tələbə) nümayəndələrindən ibarət 7 (yeddi) üzvü var.

Şuranın üzvləri 3 (üç) il müddətinə təyin edilir və ictimai əsaslarla fəaliyyət göstərirlər. Şuranın üzvləri növbəti müddətə yenidən təyin edilə bilərlər.

Şuranın üzvlərini təmsil etdikləri orqanın (qurumun) rəhbəri təyin və azad edir.

Şuranın sədrini Nazirliyin Şurada təmsil edilən üzvləri arasından Azərbaycan Respublikasının təhsil naziri təyin edir.

Şuranın üzvləri Fondun digər orqanlarında təmsil oluna bilməzlər.

Bu Nizamnamə ilə Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası təhsil nazirinin səlahiyyətlərinə aid edilmiş məsələlər istisna olmaqla, Fondun fəaliyyəti ilə bağlı məsələlərə dair Şura qərar qəbul etməkdə müstəqildir.

Şura aşağıdakı vəzifələri yerinə yetirir:

- Fondun strateji məqsəd və planlarını, inkişaf istiqamətlərini müəyyən edir;

- Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, standart və sosial təhsil tələbə krediti üzrə illik faiz dərəcələrini, habelə hər tədris ili üçün təsdiq edilən tələbə qəbulunda nəzərdə tutulmuş ayrı-ayrı ixtisaslar üzrə ödənişli əsaslarla təhsilalana düşən illik təhsil haqlarının məbləği nəzərə alınmaqla, təhsil tələbə kreditinin məbləğinin yuxarı həddini təsdiq edir;

- birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart təhsil tələbə krediti almaq hüququnu müəyyən edən tələbə qəbulu imtahanında toplanan ümumi balın minimal həddini təsdiq edir;

- təhsil tələbə kreditinin maliyyələşdirilməsi ilə bağlı müvəkkil bank tərəfindən Fonda təqdim edilməli sənədlərin siyahısını müəyyən edir;

- Fondun strukturunun, işçilərinin say həddinin və əməkhaqlarının müəyyən edilməsi ilə bağlı təkliflərini Nazirliyə təqdim edir;

- Fondun kənar auditorunu təyin edir;

- daxili və kənar auditor yoxlamalarının nəticələrinə baxır və bu yoxlamaların yekunları ilə əlaqədar tədbirlər görür;

- aidiyyəti şəxslə əqd bağlanması haqqında qərar qəbul edir;

- Fondun büdcəsi və xərclər smetası barədə təkliflərini Nazirliyə təqdim edir;

- Fondun cari fəaliyyəti ilə bağlı bu Nizamnamə ilə İdarə Heyətinin səlahiyyətlərinə aid edilmiş məsələlərin icra vəziyyəti barədə rüblük hesabatı dinləyir;

- Fondun kənar auditor rəyi ilə birlikdə illik hesabatını, habelə maliyyə hesabatlarını təsdiq edir;

- Fondun vəsaitinin təyinatı üzrə xərclənməsinə nəzarəti həyata keçirir;

- fəaliyyət məqsədinə uyğun olaraq dəstəklənməsi prioritet hesab edilən sahələr barədə təkliflərini Nazirliyə təqdim edir;

- Şuranın və İdarə Heyətinin üzvlərinin müraciətlərinə baxır və qərar qəbul edir;

- Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər verir;

Fondun cari fəaliyyəti ilə bağlı bu Nizamnamə ilə müəyyən edilmiş digər məsələləri həll edir.

Şuranın iclaslarını üç ayda bir dəfədən az olmayaraq Şuranın sədri çağırır və iclaslara sədrlik edir. Şuranın iclaslarının çağırılması təşəbbüsü ilə Şuranın üzvləri və İdarə Heyətinin üzvləri çıxış edir.

Şuranın dəvəti ilə onun iclaslarında Fondun digər vəzifəli şəxsləri də iştirak edə bilərlər.

Şuranın iclasları Şura üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın sədri, o olmadıqda isə Şura sədrinin müəyyən etdiyi Şuranın digər üzvü iclasa sədrlik edir. Şuranın iclasında hər üzvün bir səsi olmaqla, qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslər bərabər olduqda, sədrin səsi həlledicidir. Şuranın iclaslarının nəticəsi Şura üzvlərinin imzaladıqları protokolda əks olunmaqla rəsmiləşdirilir.

Şura bu Nizamnamə ilə onun müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlərin həllini İdarə Heyətinə həvalə edə bilməz.

Şuranın sədri:

- Şuranın işini təşkil edir və onun fəaliyyətinə rəhbərlik edir;

- Şuranın iclaslarının gündəliyini müəyyənləşdirir, iclaslar çağırır və iclaslara sədrlik edir;

- öz təşəbbüsü ilə, habelə Şuranın hər hansı digər üzvünün və ya İdarə Heyəti sədrinin xahişi əsasında digər şəxsləri Şuranın iclasında iştirak etməyə dəvət edir;
Şuranın fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.

Şuranın üzvləri:

- Şuranın səlahiyyətlərinə aid məsələlərin həllində iştirak edirlər;

- Şuranın iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

- Şurada qəbul ediləcək qərarlara dair fikir bildirirlər;

-Şuranın səlahiyyətlərinə aid məsələlərə Şuranın iclaslarında baxılması barədə təkliflər verirlər;

Şuranın qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

Şuranın üzvləri Şuranın iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, Şuranın üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.

Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir.

İdarə Heyəti 3 üzvdən – Azərbaycan Respublikasının təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarətdir.

Şuranın üzvləri İdarə Heyətinə təyin edilə bilməzlər.

İdarə Heyəti aşağıdakı vəzifələri yerinə yetirir:

- Fondun cari fəaliyyətini təşkil edir;

- Fondun illik fəaliyyət planını Şura ilə razılaşdırmaqla təsdiq edir;

- təsisçinin səlahiyyətlərini həyata keçirmək üçün Şuraya və Nazirliyə təkliflər verir və sənədlər təqdim edir;

- təhsil tələbə krediti üzrə kreditin məbləğinin və kredit faizlərinin müəyyən edilməsi üçün Şuraya təkliflər verir;

- Fondun büdcəsini və xərclər smetasını, habelə fəaliyyətinə dair illik hesabatı, maliyyə hesabatını hazırlayır və təsdiq üçün Şuraya təqdim edir;

- bu Nizamnamə ilə müəyyən edilmiş vəzifələri həyata keçirmək üçün Şuraya digər təkliflər verir və sənədlər təqdim edir;

- Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;

- Fondun maliyyə-təsərrüfat fəaliyyətinin daxili auditinin keçirilməsi ilə bağlı qərar qəbul edir;

- Fondun fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı ilə bağlı Şuraya təkliflər verir;

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Şuranın və İdarə Heyəti sədrinin səlahiyyətlərinə aid edilməyən bütün digər məsələlər barədə qərar verir.

İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmamaqla keçirilir və İdarə Heyəti üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul olunur. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən sədr müavininin) səsi həlledicidir. İdarə Heyətinin iclaslarının nəticəsi bu Nizamnamənin 3.13-cü bəndində nəzərdə tutulmuş qaydada protokollaşdırılır.

İdarə Heyətinin sədri aşağıdakı vəzifələri yerinə yetirir:

- Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;

-İdarə Heyətinin digər üzvləri, habelə Fondun digər vəzifəli şəxsləri arasında səlahiyyət bölgüsü aparır və onların fəaliyyətini əlaqələndirir;

-İdarə Heyətinin fəaliyyətini təşkil edir və iclaslarına sədrlik edir;

- Fondun səmərəli fəaliyyət göstərməsini təmin edir;

- müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Fondun ştat cədvəlini təsdiq edir;

-öz təşəbbüsü ilə, İdarə Heyətinin digər üzvünün və ya Şuranın təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;

- bu Nizamnamədə Azərbaycan Respublikası təhsil nazirinin səlahiyyətlərinə aid edilmiş hallar istisna olmaqla, Fondun digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, qanunda nəzərdə tutulmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri tətbiq edir;

- Fondun işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyinin mühafizəsi ilə bağlı tədbirlər görür;

-Fondun fəaliyyətinin məqsədinə aid məsələlərlə bağlı qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;

-Fondun fəaliyyətinin təşkili ilə bağlı icrası məcburi olan daxili sərəncam və əmrlər verir;

- fəaliyyətinin məqsədinə uyğun olaraq dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün tədbirlər görür;

-Fondun fəaliyyətinin kənar auditinin keçirilməsi ilə bağlı Şuranın qərarının icrasını təmin edir;

-Fondun adından əməliyyatlar aparır, müqavilələr (o cümlədən xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;

- fəaliyyətinin məqsədinə uyğun olaraq komissiyalar, komitələr və işçi qruplar yaradır;

- Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

- işçilərin peşəkarlıq səviyyəsinin artırılmasını təmin edir;

- Fondda kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;

Fondda vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir.

Fondun İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını, İdarə Heyəti sədrinin təsdiq etdiyi vəzifə bölgüsünə əsasən onun müavinlərindən biri həyata keçirir.

İdarə Heyətinin üzvləri:

- İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;

- İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;

- İdarə Heyətinin qəbul ediləcək qərarlarına dair fikir bildirirlər;

- İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında baxılması barədə təkliflər verirlər;

-İdarə Heyətinin qərarları ilə, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.

İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu maddəsində müəyyən edilmiş digər tələbləri yerinə yetirməlidirlər.Təhsil Tələbə Krediti Fondu öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR