x
Loading...
.

​“Şuşa Bəyannaməsi” yüz illik ideologiyamızın müasir siyasi dildə təqdimatıdır

“Tərəflər Türk dünyasının birlik və rifahına xidmət edəcək milli və beynəlxalq səylərin artırılmasına diqqət çəkəcəklər; Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər; Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verəcəklər”.

Bu cümlələr Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 15 iyun 2021-ci il tarixdə imzalanmış müttəfiqlik münasibətləri haqqında müqavilənin -“Şuşa Bəyannaməsi”nin mətnindən götürülüb. Müqavilə indiki halda iki ölkə-Türkiyə ilə Azərbaycan- arasındakı müttəfiqliyə aiddir.Amma təqdim edilən cümlələrdən görünür ki, yaxın perespektivdə bütün Türkdilli dövlətləri-Türk dünyasını-əhatə etdəcək.

Bəzi ekspertlər “Şuşa Bəyyanaməsi”ni “Turançılıq ideologiyasının” modern siyasi dildə rəsmi təqdimatı kimi də şərh edirlər. Böyük mənada haqlıdırlar. Üçrəngli bayrağımızın, “Turançılıq ideologiyası”nın müəllifi Əli bəy Hüseynzadənin əsərlərində irəli sürülən ideyaları xatırlayıb görmək olar ki, həmin ideyalar “Şuşa Bəyannaməsi”nin mətnindəki tezislərlə həmahəngdirlər. XX əsrin əvvəllərində, Xalq Cümhuriyyəti zamanında, həmçinin, Sovet hakimiyyətinin ilk dönəmində yaradılmış ədəbiyyat -Məmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Cəfər Cabbarlı, Almas Yıldırım, Abbas Səhhət, Məhəmməd Hadi yaradıcılıqları böyük əksəriyyətlə Türk coğrafiyasının əlaqələndirilməsi, mədəni-mənəvi birliyinin inkişaf etdirilməsi, siyasi inteqrasiyası ideyası üzərində qurulub. Hətta Sovetlər dönəminin ən sərt çağında da bu ideya yaşadılıb, Bəxtiyar Vahabzadə, Sabir Rüstəmxanlı, Məmməd Aslan, Vaqif Bayatlı Odər…kimi ədiblərimizin yaradıcılığında qorunub saxlanılıb.

Türk birliyi ideyasının gerçəkləşdirilməsi üçün müxtəlif zamanlarda müxtəlif modellər təklif edilib. XX əsrin əvvəlində “Vahid Turan dövləti”nin qurulması formasında təsəvvür edilən model 90-cı illərdə, Sovet imperiyasının parçalanmasından sonra "türk zolağı”nın yaradılması formasında təzahür edib. Amma hansı formada təqdim edilibsə də, dünyaya həzm etdirilməsi, gerçəkləşdirilməsi mümkün olmayıb.

“Şuşa Bəyannaməsi”nin üstünlüyü ondadır ki, yüz illik tarixi olan ideologiyanı modern siyasi terminologiylara uyğunlaşdırır, onu dünyanın anlayacağı dildə, dünyaya fayda verəcək təşəbbüs formasında təqdim edir. Bu baxımdan sənəddə maraqlı bir ifadə var. Qeyd olunur ki, “Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsi ümumi regional və beynəlxalq sülhə, rifaha töhfə verəcək; əlaqələrin inkişafı yalnız iki ölkəyə deyil, regiona sülh və rifah gətirərəcək; başda region ölkələri olmaqla, beynəlxalq birliyin maraqlarına, sülh və sabitliyə xidmət edəcək”. Bu cümlələrdə dünyaya mesaj verilir ki, “Türk birliyi”nin (indiki halda Azərbaycan –Türkiyə ittifaqının) formalaşdırılmasından narahatlıq keçirməsinlər, ehtiyatlanmasınlar.

Bəyannamənin növbəti bəndlərində bu mesajın açması verilir, müasir terminlərdən istifadə edilərək, mahiyyəti anladılır: “Tərəflər beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdidlərə, xüsusilə terrorçuluğa…,kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, çirkli pulların yuyulmasına, narkotiklərin qanunsuz dövriyyəsinə, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə aparacaqlar…”.

“Türk birliyi” (indiki halda Azərbaycan-Türkiyə ittifaqı)sadalanan neqativlərə qarşı mübarizəni dünyanın digər leqal mərkəzləri ilə birgə, dünyanın qəbul etdiyi mexanizmlər çərçivəsində aparacaq. “Şuşa Bəyannaməsi”ndə bunun forma və mexanizmləri aydın göstərilib: “Tərəflər Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər”.

Göründüyü kimi, Bəyannamə müəllifləri Azərbaycanla Türkiyənin maraqlarına xidmət edəcək müqaviləni paralel olaraq dünyaya töhvələr verəcək bir təşəbbüs kimi təqdim edirlər. İki ölkənin milli maraqlarını cavab verən layihəni qlobal çağırışlar fonunda gerçəkləşdirirlər. Bəyannamədə bu məqamı çılpaqlığı ilə ifadə edən daha bir bənd var: “Tərəflər iki ölkənin ərazisindən keçən Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətini möhkəmləndirəcəklər, tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər. Azərbaycan və Türkiyəni birləşdirən, Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasını, həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisini intensivləşdirməyə çalışacaqlar”. Burada dünyanı maraqlandıran məsələ Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizidirsə, bizim üçün önəm kəsb edən məsələ Zəngəzur dəhlizidir. “Şuşa Bəyannaməsi”nin bütün müddəları belə ikili məqamlarla zəngindir.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR