UEFA Azərbaycana təşəkkür etdi

AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçirilmiş 4 oyunu ilə bağlı UEFA tərəfindən AFFA-ya təşəkkür məktubu daxil olub.

AFFA-dan Metbuat.az-a verilən məlumata görə, məktubun məzmunu belədir:

"Hörmətli həmkarlar,

Bakıda keçirilən 4 oyunun yüksək səviyyədə təşkilinə görə sizi təbrik edirik. Bu, inanılmaz bir uğurdur!
Ötən bir neçə həftə bu işə cəlb olunan hər kəs üçün çox gərgin keçdi. AVRO-2020 layihəsinə sərf etdiyiniz əməyə görə hər birinizə təşəkkür edirəm. Əzmkar və motivasiyalı insanların bir komanda şəklində birlikdə çalışdığı, ortaq məqsəd və ambisiyalara sahib olduğu halda nələrin əldə oluna biləcəyini nümayiş etdirdiniz.

Mən Bakıda keçirilmiş bir oyunda iştirak etmək şərəfinə nail oldum və işçi heyətindəki atmosferdən, yüksək peşəkarlıq standartlarından çox təsirləndiyimi deyə bilərəm. COVID-19-un son bir neçə ayda yaratdığı qeyri-müəyyənlik fonunda belə, AVRO-2020 oyunlarını həvəslə təşkil etmək əzminiz bariz şəkildə görünürdü. Bunu həmişə - bu gün və bu yaydakı yarışdan hələ çox sonra da xatırlaya və bununla fəxr edə bilərsiniz.

Bu müddət ərzində birlikdə çalışdıqdan sonra siz UEFA-nın geniş Avropa ailəsinin ayrılmaz bir hissəsinə çevrildiniz. Ümid edirəm ki, bu layihədə çalışdığınız müddətdə zövq aldınız və turnirin həyəcanlı keçəcəyi şübhə doğurmayan qalan oyunlarını izləməkdən də zövq alacaqsınız.

Həm UEFA, həm də öz adımdan bütün gələcək işlərinizdə sizə xoş arzularımı çatdırıram!

Hörmətlə,
Martin Kallen
Baş direktor
UEFA Events SA"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR