Binəqədi rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib -

Paytaxtın Binəqədi rayonunda azyaşlıya qarşı soyğunçuluq edilib.

Daxili İşlər Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, zərərçəkənin valideyni Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, metronun “Azadlıq” stansiyasının yaxınlığında övladına yaxınlaşan 1 nəfər soyğunçuluq, yəni özgənin əmlakını açıq talama yolu ilə mobil telefonunu əlindən alıb. Məlumat daxil olan kimi bölmənin əməkdaşları tərəfindən hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Elvin İmanov qısa zamanda saxlanılıb. O, ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Qeyd edək ki, saxlanılan şəxsin törətdiyi soyğunçuluq hadisəsi və sonradan onun hadisə yerindən yayınması ərazidə olan müşahidə kameraları vasitəsi ilə qeydə alınıb.

Elvin İmanov barəsində 5-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paytaxtın Səbail rayonunda isə mobil telefon mağazasından oğurluq edən şəxs saxlanılıb. Belə ki, rayon ərazisində olan mağazalardan birinin sahibi Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, naməlum şəxs obyektdən dəyəri 1500 manat olan bir ədəd mobil telefonu oğurlayıb. Həmin şəxsin mağazadan oğurluq etməsi obyektin müşahidə kameraları vasitəsi ilə də görüntülənib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Eldar Zeynalov qısa zamanda saxlanılıb. Həmin şəxs ifadəsində təkcə Səbail rayonunda deyil, paytaxtın digər rayonlarında təxminən 20-yə yaxın mağazadan mobil telefon oğurladığını bildirib. Eldar Zeynalovun ətrafında araşdırmalar davam etdirilir.

Həm soyğunçuluq, həm də oğurluq edən bu şəxslərinqanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR