Azərbaycanda milli dirçəliş prosesinin yeni mərhələsi 14 iyul 1969-cu ildə -

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın yeni tarixində ən çox iz qoymuş şəxsiyyətdir. Müstəqilliyin əldə edilməsi, möhkəmləndirilməsi, onun iqtisadi, siyasi, hərbi dayaqlarının yaradılması, beynəlxalq aləmdə tanıdılması Ulu Öndər Heydər Əliyevin xidmətlərinin və əsasını qoyduğu siyasi xəttin nəticəsidir. Adətən bu mövzuda danışarkən daha çox 1990-cı illər göz önünə gəlir. Müstəqillik yoluna qədəm qoymuş ölkəmizin siyasi xaosdan xilas edilməsi, parçalanmanın, bölünmənin qarşısının alınması, işğal prosesinin durdurulması, sabitliyin yaradılması və digər hadisələrdə onun imzası var. Amma 90-cı illər Ulu Öndərin fəaliyyətinin bir hissəsi, bir parçasıdır. Bu gün Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 52-ci ili tamam olur.

Azərbaycanın müasir tarixində elə bir hadisə yoxdur ki, onun barəsində danışarkən Ümummilli Lider Heydər Əliyevin adı keçməsin. Biz, Azərbaycanla bağlı istənilən bir proses barədə danışarkən, istənilən halda Ulu Öndər Heydər Əliyevin adını çəkməli oluruq. Çünki, müasir tariximizdə milli prosesin özülü onun fəaliyyəti dövründə qoyulub. Ulu Öndərin 14 iyul 1969-cu ildə Azərbaycanda siyasi hakimiyyətə gəlişi ölkəmizdə ilk növbədə milli dirçəlişin əsasının qoyulması baxımından müstəsna əhəmiyyət kəsb edib. Heydər Əliyevin həmin dövrdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin KP MK-nın Birinci katibi seçilməsi ölkə tarixində yeni dövrün başlanğıcı oldu.

Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi olduqca mürəkkəb tarixi bir dövrə təsadüf edib. Keçən əsrin 60-cı illərində Azərbaycan digər sovet respublikaları ilə müqayisədə iqtisadiyyatın bir çox sahələrində inkişaf baxımından geridə qalır və ölkənin potensialından lazımi səviyyədə istifadə olunmurdu. Digər bir problem milli özünüdərk sahəsində göstərirdi. Milli dəyər və xüsusiyyətlər sıradan çıxır, beynəlmiləlçilik adı altında xalqa qarşı assimilyasiya siyasəti aparılırdı. Məhz belə bir mürəkkəb mərhələdə Heydər Əliyevin hakimiyyətə gəlməsi iqtisadi dirçəliş və milli özünüdərkə aparan yolun başlanğıcı oldu. Heydər Əliyevin rəhbərliyi altında ölkə iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş verdi, Azərbaycan öz inkişafında yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin xalqın milli-mənəvi irsinin, mental-əxlaqi dəyərlərinin, tarixi kimliyinin, özünəməxsusluğunun qoruyub saxlanılmasında müstəsna rolu oldu. Ümummilli Liderin Azərbaycan qarşısında müstəsna xidmətlərindən biri də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra xalqın düşüncəsində istiqlal duyğularının, milli dövlətçilik ideyalarının yenidən baş qaldırmasına nail olmasıdır. Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər milli şüurun oyanışına müsbət təsir göstərdi.

Onun 1969-cu il avqustun 5-də Azərbaycan KP MK-nın plenumunda etdiyi tarixi çıxış ölkənin gələcək inkişafının fundamental strateji istiqamətlərini müəyyən etdi. Azərbaycan Heydər Əliyevin rəhbərliyi altında qısa zaman kəsiyində Sovetlər İttifaqının ən qabaqcıl ölkələrindən, sənaye mərkəzlərindən biri oldu. Qısa müddətdə Azərbaycan geridə qalmış aqrar respublikadan güclü elmi-texniki potensiala malik, dinamik inkişaf edən ölkəyə çevrildi. Onun səyləri nəticəsində SSRİ-nin ən nüfuzlu ali təhsil ocaqlarında təhsil alan azərbaycanlıların sayı dəfələrlə artdı. Yetişdirilən minlərlə milli kadr Azərbaycanın inkişafında əvəzsiz xidmətlər göstərdilər. Heydər Əliyev bu dönəmdə Azərbaycan dili, iqtisadiyyatı, təhsili ilə bağlı bir sıra tarixi qərarlar qəbul etdi. 1978-ci ildə ilk dəfə Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində SSRİ məkanında Azərbaycan dilinin dövlət dili kimi öz hüquqi qüvvəsini tapması və bunun Konstitusiyada təsbit edilməsi ölkəmizin tarixində ən parlaq səhifələrdən birini təşkil edir. Bu, Azərbaycanı müstəqilliyə aparan yolda tarixi nailiyyətlərdən biridir. Milli-mənəvi dəyərlərə nihilist baxışların aradan qaldırılmasında, milli özünüdərk hissinin güclənməsində Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin sayəsində milli düşüncəli vətənpərvər ziyalıların imperiyanın xüsusi xidmət orqanlarının təqiblərindən qurtulması, milli dövlətçilik hissinin güclənməsinə xidmət edən sanballı əsərlər yazıb-yaratması da Heydər Əliyevin xalqına ən böyük töhfələrindən biridir.

Heydər Əliyevin 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunaraq ittifaqın rəhbərlərindən biri olması ümumilikdə Azərbaycan xalqı üçün ciddi nailiyyət idi. Sözügedən vəzifədə işlədiyi 1982-1987-ci illər ərzində Heydər Əliyev zamanının ən böyük dövlət xadimlərindən biri olduğunu növbəti dəfə təsdiqlədi, SSRİ rəhbərliyindəki siyasi elitanın ən hörmətli, ən layiqli şəxsiyyətlərindən biri kimi dünyada tanındı, azərbaycanlı sözünü dünya tarixinə yazdı.

Bütün bunların məntiqi nəticəsidir ki, məhz Heydər Əliyev ötən əsrin 90-cı illərində Azərbaycanı məhv olmaqdan xilas etdi. Müdrik xalqımız növbəti dəfə taleyini Heydər Əliyevə etibar etməklə parçalanmaqdan, yox olmaqdan qurtuldu, Azərbaycan bir dövlət olaraq əsl müstəqilliyinə qovuşdu, yeni inkişaf mərhələsinə yüksəldi.

Müşfiq Ələsgərli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı