x
Loading...
.

Azərbaycanın şanlı 44 günlük zəfər tarixi: İlham Əliyev xalqın dövlətinə olan inamını geri qaytardı

.

İşğal altındakı torpaqların azad edilməsi üçün Azərbaycanın həyata keçirdiyi əməliyyatlar və qazanılan inamlı qələbə dünya hərb tarixi üçün örnək təşkil edən məqamlarla zəngindir. Müharibə zamanı iki cəbhə olur. Diplomatik və silahlı cəbhə. Ali Baş Komandan diplomatik cəbhədə ordumuz isə döyüş meydanında necə mübarizə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirdi.

Bu tarixi qələbənin əhəmiyyəti barədə Metbuat.az-a özəl müsahibə verən AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dossent Elnur Kəlbizadə bildirdi ki, İlham Əliyev təkcə Qarabağı deyil, Azərbaycan dövlətinin əzəmətini və xalqın dövlətinə olan inamını geri qaytardı.


44 günlük Vətən müharibəsinin səbəblərinə toxunan tarixçi alim bildirdi ki, Azərbaycanın ərazilərini Ermənistan işğalından azad etmək üçün apardığı bu müharibə dünya hərb tarixində hələ uzun zaman öyrəniləcək, təhlil ediləcəkdir. Şəksiz ki, eyni dövrdə Azərbaycan dövlətinin diplomatik addımları və informasiya siyasəti də diqqəti cəlb edir. Müharibədə qələbənin qazanılmasını təmin edən ön şərtlər haqqında danışan E.Kəlbizadə qələbənin səbəbləri sırasında bir neçə mühüm amili qeyd edib.

Sitat: “İlham Əliyev siyasəti əvvəllər Ermənistanın hansısa iqtisadi, tranzit potensialına inanan dövlətlərə bunun olmadığını sübut etdi. Ermənistanda hakimiyyətdə olan rejimin təkcə Azərbaycan üçün deyil, regionun bütün dövlətləri üçün təhlükə mənbəyi olduğunu göstərdi. Bu mənada xüsusən Rusiya Federasiyası və İran İslam Respublikası ilə aparılan iş qeyd edilməlidir”. Məlumdur ki, müharibələrin aparılmasında başlıca amillərdən biri mobillik və çeviklikdir. Bu baxımdan Ali Baş Komandan prosesi yüksək peşəkarlıqla idarə etdi. Hərbi əməliyyatların gedişində edilən bütün zəruri müdaxilələr yalnız böyük qələbə naminə idi.

Beləliklə, İlham Əliyev təkcə Qarabağı deyil, 17 il ərzində Azərbaycan dövlətinin əzəmətini və xalqın dövlətinə olan inamını geri qaytardı. İlham Əliyev əzəmətli Azərbaycanı Azərbaycana qaytardı”.

Elnur Kəlbizadə bildirdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır. Biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz...” açıqlaması ilə açıq şəkildə dünyaya Azərbaycan dövlətinin gücünü göstərdi. Elnur Kəlbizadənin sözlərinə görə, əgər Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddialarından hələ də geri çəkilmirsə, bu mövzulardan manipulyasiya vasitəsi kimi istifadə edirsə, ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin səfirləri riyakar mövqe nümayiş etdirirsə, Azərbaycan tərəfi tarixi həqiqətləri deməkdən çəkinməməlidir:

"Azərbaycan artıq regionun geosiyasi aktorlarından birinə çevrilməkdədir. Təbii ki, iqtisadi və siyasi baxımdan sıradan bir region dövləti olmaq, ya da sadəcə Cənubi Qafqazın lider dövləti olmaqla, regional proseslərin həllinə təsir göstərən geosiyasi aktora çevrilmək fərqli məsələlərdir. İndiyə qədər formalaşmış bir konfiqurasiya vardı, hər kəsin rolu bəlli idi. İndi isə Azərbaycan dövləti yürütdüyü siyasətlə, əməli fəaliyyətlə bu konfiqurasiyanı, həm də ədalətsiz konfiqurasiyanı dəyişdirir. Bu məqamda təbii ki, digər geosiyasi aktorlar birbaşa yolla təsirlər, dolayı yolla təzyiqlər göstərməyə, hansısa məsələlərdə manipulyasiyalar etməyə çalışacaqlar. Bu, bizim əzmimizi azaltmamalıdır. Əksinə, millət olaraq bizi daha da ruhlandırmalıdır. Çünki sıradan, formal müstəqil olan ölkələrə qarşı heç zaman belə təsirlər olmur”.

44 günlük müharibə nəticəsində qazanılan qələbə və bu zəfərin tacı olan parad ilə Azərbaycan bütün dünyaya bir daha gücünü nümayiş etdirdi. Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı sabiq hərbi attaşesi, briqada generalı Yücel Karauz Metbuat.az-a bildirdi ki, Böyük Vətən müharibəsindən sonra Paşinyan və onun əleyhdarları heç vaxt görmədiyi bir məğlubiyyətin şahidi oldular.


Ermənistanın həm iqtisadi,həm siyasi, həm də sosial olaraq hər sferada indiki vəziyyətə gəlməsi üçün Qarabağ savaşında yaşadığı böyük çöküş zəmin yaratdı.

“Ermənistanın yaşadığı bu hadisələrin kökündə Qərb və Moskva arasında, həmçinin Dağlıq Qarabağda hakimiyyətə təsir uğrunda gedən mübarizələr də daxildir. Bu insanlar bir zamanlar Xocalıda törədilən qətliamın günahkarlarıdır. Çünki işğal altındakı Azərbaycan torpaqlarını düşmən tapdağından azad etmək hər bir azərbaycanlının həyat amalıdır. Bu zəfərin memarlarından biri olan Prezident İlham Əliyev çox gözəl bilirdi ki, Dağlıq Qarabağın Azərbaycana qaytarılması danışıqlar masası ətrafında baş verən müzakirələr çərçivəsində olmayacaqdır. Cənab Prezident İlham Əliyev bu şanlı zəfərə gedən yolda kənar qüvvələrin yaratdığı maneələri mətanətlə dəf edib, öz sözünü beynəlxaq tribunalardan dəfələrlə demiş bir liderdir. Azərbaycan ordusu istər zabit və gizirlərinin hərbi savadı, istər NATO-ya inteqrasiya və digər hərbi təlimlərdə iştirakı, həmçinin də müasir silahların ordu quruculuğu sahəsində inkişaf etdirilməsi baxımından müasir dövrün ordu quruculuğu tələblərinə cavab verir. Bu savaşda qazanılan uğur və qələbələr təkcə Azərbaycanın deyil bütün türk dünyasının tarixinə qızıl həriflər yazdırdı.


Yücel Karauz deyir ki, İlham Əliyev xalqın milli mənəvi dəyərlərinin inkişafında hər zaman müstəsna xidmətlər göstərmişdir. Ali Baş Komandanın yürütdüyü siyasətin nəticəsi həm müasir dövrdə qarşılaşdığımız problemin həlli üçün əsaslı zəmin yaratdı, həm də erməni riyakarlığının tarixi saxtalaşdırmaq cəhdlərinə aydın şəkildə işıq saldı.General bu illər ərzində bir milyondan çox qaçqının yaşayış səviyyəsinin sosial rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin gördüyü işlərin önəminə də diqqəti yetirdi. Daha sonra Ermənistanın döyüş meydanında biabırçı məğlubiyyəti barədə fikirlərini izah edən Yücel Karauz qeyd etdi ki, Ermənistanın ordusunda baş verən özbaşnalıq və hərc-mərclik bugün onların döyüş meydanında biabır olmasının əyani sübutudur. Xüsusilə 44 günlük müharibə dövründə insanlıq qanunlarına sığmayan qaydalarla müharibədən kənar bölgələrin raket atəşə tutulub, bombalanması, bir daha əli qana batmış, ruhu cinayyətlərlə qidalanan erməni siyasi elitasının kimliyini ortaya qoydu.

“Ermənistanda beynəlxalq prinsip və qanunlara zidd olaraq nüvə qalıqlarından çirkli bombalar hazırlanır. Bu bombaların hazırlanıb istifadəsi Beynəlxalq Hüquq tərəfindən qadağan edilib. "Çirkli bombalar" terrorizmlə mübarizədə bütün dünya üzrə birinci dərəcəli təhlükəli əhəmiyyətə malikdir. Müharibəni bir gündə bitirmək gücündə olmasa da bu bombalar atıldığı zaman ərazidə nüvə çirkliliyi və radiasiya yaymaq imkanına sahibdir. Bu da insanların sağlamlığı üzərində ciddi təhlükənin yaranmasına səbəb olur. Ermənistan 44 günlük Vətən müharibəsində də kaset tipli bomba və fosfor qazı bombalarından istifadə edərək beynəlxalq hüququ heçə saydı. Hələ o zamankı Ermənistanın Sarkisyan hakimiyyətinin idarə etdiyi sistem, yaşlı, hamilə, qadın, uşaq demədən dinc əhaliyə divan tutmuşdur. Xocalıda baş verən hadisələrdə azərbaycanlıların təbii hüquqları - xüsusilə yaşamaq, azadlıq, şəxsi toxunulmazlıq, mülkiyyət hüquqları kəskin şəkildə pozulmuş və tapdanmışdır.

Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi bu soyqırımda İnsan hüquq və azadlıqlarını özündə əks etdirən Cenevrə konvensiyası, BMT-nin Baş Məclisinin 10 dekabr 1948 -ci ildə elan olunan İnsan hüquqlarının Ümumi Bəyannaməsinin, İnsan hüquqlarının ümumi və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının, BMT-nin Mülki və Siyasi hüquqlar haqqında Paktın maddələri ermənilər tərərfindən ciddi şəkildə pozulmuşdur".

General Yücel Karauz bildirdi ki, bu yaşanan qanlı qətliamın ermənilərin ilk soyqırım faktı olmadığını xatırladaraq bildirdi ki, qana susamışlar hələ Xocalıdan çox öncə Anadoluda türklərə qarşı belə bir ölüm və zorakılıq hərəkətləri törətmişdilər.


“1992-ci ildən 2000-ci illərə qədər davam edən bu terror fəaliyyətləri Tərtərdə də, BərdəGəncədə də davam etdirələrək, dinc əhalinin müəyyənləşdirilməmiş miqdarda əmlakı dağıdılmaqla bərabər onlarla azyaşlı uşağın ölümünə valideynlərinin itirilməsinə rəvac vermişdir.

Müzəffər və rəşadətli Azərbaycan ordusunun əldə etdiyi Qarabağ Zəfəri nəticəsində Xocalı rayonunun bir neçə kəndi də düşmən işğalından azad edilidi. Böyük Vətən müharibəsində qazanılan zəfər sayəsində Xocalı şəhidlərinin ruhu da huzura qovuşdu. Şəhidlərimizin və qazilərimizin qanı və canı bahasına əldə edilən bu qələbə ilə adlarını çəkmədiyimiz neçə-neçə şəhidlərimizin, günahsız körpə balaların, yaşlı cavan - kimlər ki, o gecədə erməni vəhşiliyinə qurban oldular hər birinin ruhu rahatlığı artıq tapıb. Hal-hazırda bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz vicdanları qarşısında cavabdehdirlər, ancaq vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar.”

Müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Türkiyənin daima Azərbaycanın yanında olduğunu bəyan edən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç Metbuat.az-a vurğuladı ki, Azərbaycanla Türkiyənin həmrəyliyinin, birliyinin daha da güclənməsi regiondakı ölkələrlə yanaşı, imperialist gücləri də narahat edir.


“Onlar səfalət içində olan təxribatçı Ermənistandan bu məsələdə alət kimi istifadə edirlər. Ermənistan hər zaman yaratdığı təxribatları ilə mövcud olub və onun provakasiyalarından hər zaman imperialist qüvvələr yararlanıb. Azərbaycan 30 il dialoq yolu ilə bu problemin həllinə çalışdı amma ATƏT-in Minsk qrupu məlum münaqişə dövründəki özünün yarıtmaz, ikiüzlü və tərəfli mövqeyi ilə vasitəçilik missiyasının beynəlxalq imicinə sarsıdıcı zərbə vurdu. Bütün bunlar müasir dünyanın gözü qarşısında baş verib. Kimin danışıb, kimin susmasından asılı olmayaraq hazırda bütün dünya ictimaiyyətinə, xüsusilə beynəlxalq təşkilatlara, siyasi dairələrə, araşdırma mərkəzlərinə məlumdur ki, bu qrup keçmiş münaqişəni tənzimləmək üçün heç bir real addım atmayıb. Əksinə işğalçı tərəf bunların vasitəsilə dəstəklənib. Həmsədr ölkə səfirlərinin bu qeyri-məntiqi hərəkətindən belə başa düşülür ki, hələ də ölü vəziyyətdə olan Minsk qrupuna nəfəs verməyə ümidlidirlər. 1990-cı illərdəki Azərbaycan artıq yoxdur. O zaman ölkənin heç nəyi yox idi. 44 gün ərzində Azərbaycan igidləri torpaqlarını geri aldı. Ona görə də hər kəs ağlını başına yığsın. Ermənilər qeyd etdiyimiz Azərbaycan torpaqlarında yaşamaq istəyirlərsə, orada yaşasınlar. Buna heç kimin etirazı yoxdur. Bakıda 30 min erməni yaşayır. Ermənistanda isə bir nəfər də olsun azərbaycanlı və ya Türkiyəli yoxdur. Türkiyədə də 60 min erməni vətəndaşı yaşayır. Ümid edirik ki, ermənilər ağıllarını başlarına yığar”.

Hulusi Kılıç vurğuladı ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəsur Azərbaycan Ordusu, Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edib. Cənab İlham Əliyev həm Türk tarixinə, həm də Azərbaycan tarixinə adını qızıl həriflər ilə yazmış bir liderdir. Prezident İlham Əliyevin qayğısı və rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan kompleks islahatlar nəticəsində bugün Azərbaycan ordusu zəfərdən-zəfərə addımlayır. Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinə xitab edən diplomat xüsusilə qeyd etdi ki, ən çətin anında bir-birinin yanında olan iki dövlətin, qarşılıqlı olaraq bir-birimizə can borcu var. Ona görə də Türkiyə tam qəlbi və canı ilə Azərbaycanın yanındadır. Türkiyə bundan sonra da, Azərbaycanın regionda qazandığı və intibaha səbəb olan uğurlarının arxasında olacaqdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR