Yaxın Şərqdə yeni gedişlər

Yaxın Şərqdə yeni gedişlər
20:57 18 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

BMT TŞ-də "ərəb" qətnaməsinin iflasa uğraması Fələstinin beynəlxalq-hüquqi legitimliyinin "dondurulması" ilə nəticələnməyəcək 
Yeni başlamış 2015-ci ildə dünya siyasətinin ən mühüm problemlərindən biri, şübhəsiz, Fələstin-İsrail münaqişəsi olaraq qalacaq. O, özünü ötən ilin son günündə, BMT Təhlükəsizlik Şurasında Fələstinin müstəqilliyinə dair qətnamənin səsə qoyulması ilə də bir daha göstərib. Səsvermənin nəticəsi beynəlxalq təhlükəsizlik baxımından son dərəcə əhəmiyyətli olan Yaxın Şərq münaqişəsinə bu və ya digər formada cəlb olunmuş maraqlı tərəflərin mövqelərinin açıq ifadəsi olub.
 
Maraqlıdır ki, TŞ-də səsvermə BMT-nin Fələstin xalqı ilə həmrəylik ili elan etdiyi 2014-cü ilin sonuncu günündə keçirilib. Lakin səsvermənin nəticəsi fələstinlilər üçün qənaətbəxş olmayıb.
 
BMT TŞ 22 ərəb dövləti tərəfindən təqdim olunmuş qətnamə layihəsini qəbul etməyib. Sənəddə Fələstin dövlətinin yaradılması və İsrailin işğalına son qoyulması tarixləri konkret şəkildə əksini tapmışdı. Layihə münaqişənin 1 il ərzində nizamlanması və nəticə olaraq, "suveren Fələstin dövləti"nin yaradılmasını nəzərdə tuturdu. Sənəddə İsrail qoşunlarının 2017-ci ilin sonunadək Fələstin ərazilərindən tam çıxarılması, prosesin üçüncü tərəfin nəzarəti ilə baş verməsi, həmin üçüncü dövlətin Fələstinin suverenliyinin qarantı kimi çıxış etməsi kimi maddələr əksini tapmışdı. Bundan başqa, qətnamədə "1967-ci ildən işğal olunmuş ərazilərdə, o cümlədən Şərqi Qüdsdə yəhudi yaşayış məntəqələrinin inşasının tam dayandırılıması" tələbi də yer alırdı. İsrailin gələcək sərhədləri isə təxminən, 1967-ci ilin "Altıgünlük müharibə"sinədək olduğu şəkildə olmalı idi. Sənəd qüvvəyə minməsi üçün tələb olunan minimum səsi qazana bilməyib. Bunun üçün BMT TŞ-nin 15 qeyri-daimi üzvünün, ən azı, 9-u onun lehinə səs verməli idi. Amma bu baş versəydi belə, qətnamə qüvvəyə minməyəcəkdi. Çünki ABŞ ona veto qoymaq niyyətində idi. Birləşmiş Ştatlarla yanaşı, Avstraliya da sənədi dəstəkləməyib. Ərəb dövlətləri isə lazım olan 9 səsi toplamaqla, simalarını qoruyub-saxlayacaqlarına ümidli olsalar da, Qərb KİV-in məlumatına görə, Nigeriya buna mane olub. Qətnamənin lehinə səs verəcəyi gözlənilən bu dövlətin BMT-dəki nümayəndəsi son anda bitərəf qalıb. Ola bilsin, Nigeriyanın son anda qərarını dəyişməsinin səbəbi İsrail mətbuatında yer almış materiallarda əksini tapır. Həmin materiallarda İsrailin Baş naziri Benyamin Netanyahunun səsvermə öncəsi tərəddüd edən dövlətlərin rəhbərlərinə zəng etdiyi bildirilir. Görünür, Baş nazir Nigeriya rəhbərliyini ərəb qətnaməsini dəstəkləməməyə razı sala bilib.
 
Təl-Əvivin qətnaməyə münasibətinə gəlincə, onu TŞ-nin toplantısında İsrailin BMT-dəki daimi nümayəndəliyinin məsləhətçisi İzrael Nitsan açıqlayıb. O, qətnamə layihəsini "absurd, yalnız bir tərəfin maraqlarını əks etidirən" sənəd adlandırıb.
 
Aydındır ki, İsrail təmsilçisi "bir tərəf" dedikdə, Fələstini nəzərdə tutub. Qətnamənin birtərəfli olması arqumentindən ABŞ da istifadə edib. Vaşinqton indiyədək İsrailin Fələstin ərazilərini işğalına son qoymasını tələb edən qətnamələrə dəfələrlə veto tətbiq edib. Amerikanın BMT-dəki nümayəndəsi Samanta Pauerin fikrincə, Fələstin dövlətinin yaradılma müddətinin yer aldığı qətnamə layihəsi balanslaşdırılmamış sənəddir, çünki orada "yalnız bir tərəfin maraqları əsas götürülür". Pauer bildirib ki, sənəddə "tərəflər arasında danışıqların aparılmasına faydalı olmayacaq bir sıra elementlər var. Son müddətin göstərilməsi də belə məqamlardandır. Bundan başqa, sənəddə İsrailin təhlükəsizliklə bağlı əsaslı narahatlığı nəzərə alınmayıb".
Bununla yanaşı, ABŞ münaqişənin sülh yolu ilə həllinə sadiqliyini bəyan edib. Söhbət iki xalq üçün iki dövlətin yaradılması prinsipindən gedir - "suveren, həyat qabiliyyətinə malik, müstəqil Fələtin və onunla yanaşı, sülh və təhlükəsizlik şəraitində yaşayan demokratik yəhudi dövləti - İsrail".
Aİ də analoji mövqe nümayiş etdirir. O, "iki dövlətin mövcudluğuna əsaslanan ümumi sülh razılaşması"nın əldə olunmasını dəstəkləyir. Aİ diplomatiyasının rəhbəri Federika Moqerininin bəyanatında bildirilir ki, BMT TŞ-də keçirilən səsvermənin nəticəsi münaqişə tərəfləri arasında dialoqun bərpasının vacibliyini göstərir.
 
Yaxın Şərq münaqişəsi üzrə danışıqlara cəlb olunmuş ölkələrdən yalnız biri problemin həllində irəliləyişə nail olunmamasının yalnız İsraillə Fələstinin mövqeyindən asılı olmadığını bəyan edib. Bu, Rusiyadır. O, özünün sülhməramlı mövqeyinin zəifləməsi, hətta ümumiyyətlə, Fələstin-İsrail prosesindən kənarlaşdırılması fonunda ABŞ-ın vasitəçiliyinin nəzərəçarpacaq dərəcədə genişlənməsindən narahatlığını gizlətmir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin TŞ-dəki səsvermədən sonrakı açıqlamasında Fələstinlə bağlı qətnamənin qəbul edilməməsindən təəssüfünü dilə gətirib. Diplomat hesab edir ki, bu qətnamə Yaxın Şərq nizamlanması üçün beynəlxalq birlik tərəfindən tanınmış bazanı möhkəmləndirməli idi. Moskva Fələstin-İsrail münaqişəsinin həlli prosesinin dalana dirənməsinin əsas səbəbi kimi, prosesin Birləşmiş Ştatların inhisarında olmasını, o cümlədən Yaxın Şərq "dördlüyü"nün (BMT, Aİ, Rusiya və ABŞ) "prosesdən kənarlaşdırılması"nı görür. Rusiyanın məsələ ilə bağlı rəsmi mövqeyini açıqlayan Çurkin Yaxın Şərqdəki son hadisələrin "şəksiz həqiqəti bir daha üzə çıxardığını", "bu cür kompleks problemin həllinə kollektiv yanaşmanın alternativinin olmadığını" bildirib.
 
Beləliklə, Yaxın Şərq münaqişəsi böyük geosiyasətin girovu olaraq qalır. Bu amil Ukrayna üzündən Qərblə Rusiya arasında qarşıdurmanın ciddi şəkildə dərinləşdiyi hazırkı şəraitdə özünü Fələstin-İsrail nizamlanması prosesində aydın şəkildə göstərir.
 
Bəs yaxın perspektivdə Yaxın Şərq prosesində nələr gözlənilir? İsrailin Fələstin ərazilərini işğalına son qoymasının, müstəqil Fələstin dövlətinin yaradılmasının tarixinin əks olunduğu qətnamənin BMT TŞ tərəfindən rədd edilməsi münaqişənin həlli prosesi baxımından nə vəd edir?
İlk növbədə aydındır ki, dünya birliyinin onilliklərdir beynəlxalq qeyri-sabitliyin əsas katalizatorlarından olan münaqişənin həllində irəliləyişə nail olmaq məqsədilə etdiyi növbəti cəhd iflasa uğrayıb. İsrailin və əsas müttəfiqi olan ABŞ-ın Fələstin ərazilərinin işğalına son qoyulması ilə bağlı tarixi qəbul etməkdən imtinaları Ərəb dünyasının bir qədər də radikallaşmasına səbəb olacaq. Bu, şübhəsiz, ilk növbədə, fələstinlilərə aiddir. Nəticədə, münaqişə daha da dərinləşəcək. İsrailin partiya sistemində mövcud status-kvonun dəyişdirilməsinə qəti etiraz edən sağçı qüvvələrin güclənməsi də bunu təsdiqləyir. Bu qüvvələr Fələstinin beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin, o cümlədən Şərqi Qüdsün işğaldan azad olunmasını mümkünsüz sayır.
 
Yaxın Şərqi yaxın perspektivdə nələrin gözlədiyini TŞ-dəki səsvermədən əvvəl Fələstin lideri Mahmud Abbasın səsləndirdiyi bəyanat da göstərir. O bildirmişdi ki, Fələstin-İsrail münaqişəsinin həllinə dair qətnamə layihəsi uğursuzluğa düçar olarsa, "İsrail işğalçı kimi məsuliyyəti üzəriə götürmüş olacaq və bizim bundan sonra İsrail hökuməti ilə heç bir təmasımız olmayacaq".
Bununla yanaşı, Fələstin tərəfinin tezliklə qətnamə layihəsinin BMT TŞ-nin müzakirəsinə çıxarılması üçün daha bir cəhd edəcəyi gözlənilir. Hər halda, Fələstinin İsraillə danışıqlarda iştirak edən nümayəndə heyətinin rəhbəri Saib Erekat bunun mümkün olduğunu bildirib. O, bu planlarını BMT TŞ-nin 5 qeyri-daimi üzvünün dəyişməsi ilə əlaqələndirib.
 
İstənilən halda, Fələstin tezliklə Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) üzv olmağa çalışacaq. Bu, fələstinlilərə İsrailə təzyiq üçün ciddi rçaq verəcək. Çünki bu halda onlar sonuncuya qarşı hərbi və insanlıq əleyhinə cinayətlərdə iştirakla bağlı ittiham irəli sürmək imkanı qazanacaqlar. Dekabrın 31-də BCM-nin Roma Nizamnaməsini imzalayan Mahmud Abbas bu quruma üzvlükdən israilli siyasətçilərə və hərbçilərə qarşı ittihamların irəli sürülməsi üçün istifadə edəcəklərini söyləyib.
 
BMT-nin Baş katibi Pan Gi Munun bəyanatından isə belə bəlli olur ki, Fələstin aprelin 1-dən BCM-nin üzvü olacaq. Demək, Fələstinin beynəlxalq legitimlik qazanması istiqamətində daha bir addım atılacaq. İsrail isə Fələstinin BCM-yə üzvlük istiqamətində addımını yenə də "birtərəfli addım" sayır. Təl-Əvivdə hesab edirlər ki, bu, "Fələstinlə İsrail arasında sülh danışıqları perspektivinə zərbə vurur". Lakin Fələstinin beynəlxalq birlik tərəfindən tanınması prosesi, göründüyü kimi, artıq dönməz xarakter alıb. Bu amil, şübhəsiz ki, Yaxın Şərq münaqişəsinin həlli prosesinə getdikcə daha çox təsir göstərəcək.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR