"Kiçik dövlət"in böyük problemləri:

Ailə deyəndə göz önünə mehriban, xoşbəxt insanların birliyi gəlir. Ailə kiçik dövlətdir deyirlər. Ata və ana evin dirəyidirsə, uşaq da evin işığıdır. Yaxşı, bəs bu gün ata və ana evin dirəyi ola bilir?

Son hadisələr göstərir ki, ölkəmizdə ata və ana ailə münaqişələri səbəbindən evin dirəyi yox, qurduqları kiçik dövləti darmadağın edən tərəflər olur. Gündən-günə ailə münaqişələri səbəbindən zorakılıq, cinayət halları artır.

Rəsmi statistikaya görə, ötən il məişət zorakılığı nəticəsində zərərçəkmiş qadınların sayı 987 nəfərdir. Onlardan 40 nəfəri aldıqları zədə nəticəsində vəfat edib, 1 nəfər isə özünə qəsd edib.

Baxmayaraq ki, təkcə bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 19 141 nikaha daxilolma və 6 745 boşanma halları qeydə alınıb, həyat yoldaşı tərəfindən öldürlən qadınların sayı da az deyil. Belə ki, bu ilin avqust ayına olan göstəricilər də göz önündədir. Demək olar ki, hər gün qadın qətlləri, zorakılıq halları ilə bağlı kütləvi informasiya vasitələrində xəbərlər oxuyuruq. Onlardan bir neçəsi:

  1. Sabunçu Rayon Məhkəməsinin hakimi Fəqan Əhmədovun bağ evində arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərək öldürüb.
  2. DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin əməkdaşı, polis serjantı Əliağa Soltanov tanış Mübarək Ağayevanı uşaq bağçasının həyətində küt əşya ilə başından vuraraq öldürüb.
  3. Xəzər rayonu Binə qəsəbəsində Lerik sakini Meyxoş Cəfərov ondan boşanmaq istəyən arvadı Xatirə Fərəcovanı işlədiyi gözəllik salonunun qarşısında 10 bıçaq zərbəsi ilə öldürü
  4. Səməndər Səfayi qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı mətbəx bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək arvadı Nüşabə səfərovanı öldürüb.
  5. Zabrat qəsəbəsində Ramil Rəhmanov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Svetlana Məmmədovanı boğazından bıçaqlayıb, qadın xəstəxanada ölüb və s.
  6. Salyan rayonunun Yenikənd kəndində 1972-ci il təvəllüdlü Ənvər İsgəndərov həyat yoldaşı, 1982-ci il tvəllüdlü Nuranə İsgəndərovanı bıçaqla vuraraq qətlə yetirib.
  7. Tərtərdə üç övlad anası, 26 yaşlı Arzu Abbasova ərindən boşanmaq istədiyi üçün elə prosesdən çıxan kimi məhkəmənin önündə əri, 34 yaşlı Anar Əliyev üzərində gəzdirdiyi bıçaqla ona 3 bıçaq zərbəsi vurub, daha sonra boğazını kəsərək öldürüb.

Bəs özünə kiçik dövlət quran bu iki şəxs arasında münasibət hansı hallarda cinayətə çevrilir?

Mövzu ilə əlaqədar Metbuat.az-a danışan psixoloq Fuad Əsədov bir çox məqamlara toxundu:

- Burada bir çox faktorlar var. Ən başlıcası isə etnik amillərdir. Aydındır ki, bizim və daha çox şərq cəmiyyətinin mentalitet anlayışı ilə qərb cəmiyyəti bir - birindən fərqlənir. Şərq cəmiyyətində belə bir anlayış var - namus üstündə öldürmək.


Birini öldürmək üçün xəyanət təbii, hətta bəzən lazımi hal sayılır. Bu amil və bu amilin ətrafında olan insanların təsiri bu cür cinayətlərə sövq edir. Amma burada daha çox psixoloji, psixatrik, patoloji qısqanclıqlar, paranoya kimi xəstəliklər bunlara səbəb olur. Təkcə qısqanlıq, xəyanət üzrə cinayət baş vermir, burada biz əsəb kontrul problemi də müşahidə edirik. Bu kimi hallarda aralarında anlaşılmazlıq yaranan ər və arvadın münqaqişəsinin sonu ağır cinayətlərə gətirir.

Cinayət həddinə çatana qədər kişi və qadın arasındakı münasibətlər necə tənzimlənə bilər?

- Hər şeydən öncə insanlar evlənəcəyi adamı düzgün seçməlidirlər. Əslində, insanlar iki formada ailə həyatı qurur: valideynlərin rolu ilə qız tapma üsulu və öz sevdiyi insanla evlənmə.

Məsələn, qızın valideynləri ev-iş sahibi, maddə istifadəçisi olmayan oğlanlara üstünlük verirlər. Əgər bunlar qaydasındadırsa, deməli, qız evlənə bilər. Lakin bu, düzgün deyil. Ola bilər ki, bu adam maddə istifadəçisi deyil, amma anti-sosial şəxsiyyət pozuntusu (ancaq özünü düşünən, öz məqsədləri üçün başqalarından istifadə edən, onlara zülm edən) olan, problemli biridir. Belə insanlar mədəni görünür,nitqləri gözəl olur, lakin bu, onların təhlükəsiz insan olması demək deyil. Əksinə, bəlkə dünyada ən təhlükəli insanlardır. Ona görə işi var, evi varla məsələ bitmir.

Müsahibim deyir ki, sevərək evlənmək daha yaxşı və düzgün seçimdir, amma...

- İşin içində sevgi olanda məntiq aşağı düşür. Bəzən insanlar qüsurları görmürlər, özlərinə etiraf etmirlər ki, mənim sevdiyim insanda belə mənfi hallar var. Buna aid misal deyim: bir xəstəm yanıma gəldi və sevgilisinin onun tez-tez döydüyünü, küçənin ortasında ona şiddət göstərdiyini, qoluna isti əşya yapışdırdığını bildirdi. Sual verəndə ki, niyə ayrılmırsınız, cavabı belə oldu: “Sevirəm. Sevdiyim üçün bütün bunları ona bağışlayıram”.

Bu kimi hallara görə deyirəm ki, insan sevəndə məntiqi analiz məsələsi aşağı düşür, amma bunun olmaması üçün çalışmaq lazımdır. Öncəliklə, sevgili olduğu müddətdə bir-birilərinə qarşı səmimi olmalıdırlar. Bir-birilərinə açıq suallar verərək düşüncələrini, dünyaya baxış bucağını,qırmızı xətlərini, zəif, həssas nöqtələrini bilməlidir və bundan sonra qərar vermək mərhələsinə keçməlidir.

Əgər problem evlilikdən sonra meydana çıxırsa, bunun da rahat üsulu var. Ailə terapistlərinə müraciət edərək aralarındakı problemi həll edə bilərlər. Bu kimi addımlar ataraq ailə arasındakı münasibətləri daha yaxşıya doğru dəyişə bilərlər.

Bu cəhdlər də alınmasa, boşanmaq deyilən bir üsul var. Bu kimi çıxış yolları nəzərə alınsa, vəziyyət daha yaxşı olar.

Gülər Seymurqızı / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR