x
Loading...

Bu ölkələr talibləri "məmuniyyətlə" qarşıladı: Təkcə Moskva NARAHATDIR

"Əfqanıstanda Talibanın güclənməsi qonşu Pakistan üçün vacib əhəmiyyətə malik hadisə kimi qiymətləndirilə bilər. Ona görə ki, Talibanın idarə olunmasında iştirak edən şəxslərin Pakistanla sıx əlaqələrə malik olduğu da söylənilən fikirlər arasındadır".

Bu açıqlamanı Metbuat.az-a politoloq Samir Hümbətov bildirib. Siyasi şərhçi deyir ki, məhz ABŞ-ın Əfqanıstanı işğalı zamanı Əfqanıstan-Pakistan sərhəddində yerləşən dağ silsilələri Taliban döyüşçüləri üçün əsas sığınacaq hesab edilirdi.


"Təsadüfi deyil ki, bir neçə gün öncə Pakistan baş naziri İmran Xan açıqlama verərək bildirdi ki, bütün gücləri ilə çalışacaqlar ki, Taliban və Türkiyə arasında uzlaşma əldə edilsin. Şübhəsiz ki, Türkiyənin də Əfqanıstanda qalmaq niyyəti var və ABŞ və NATO qoşunlarından sonra Türkiyənin Əfqanıstandakı əsas missiyası Həmid Kərzai adına Kabul hava limanının mühafizəsini həyata keçirməkdən ibarətdir. Taliban hakimiyyəti tam ələ alacağı təqdirdə həm geosiyasi, həm də geostrateji mənada ciddi dəyişikliklərin olması gözləniləndir".

Politoloq qeyd etdi ki, mövcud əfqan hökuməti təkcə ABŞ və Qərb ölkələri ilə isti münasibətlərə malik deyildi, eyni zamanda Hindistanla da münasibətlərinin yaxşı olduğunu demək mümkündür.

"Nəzərə alsaq ki, Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan qaz kəməri həm də Əfqanıstan ərazisindən keçir və Hindistan enerji təminatının ödənilməsi üçün vacib əhəmiyyətə malikdir, o zaman məsələ tamamilə aydın olur. Çin, İran və Rusiya üçün hakimiyyətdə kimin olması o dərəcədə önəmli hesab edilə bilməz. Fikrimcə, Talibanın siyasi qanadının ölkədə tam hakimiyyəti ələ almadan öncə sözügedən dövlətlərə səfər etməsi və danışıqlar aparması məsələnin nədən ibarət olduğunu deməyə əsas verir. İran istər mövcud əfqan hökuməti, istərsə də Talibanla dil tapmağa çalışdığı açıq şəkildə görünməkdədir. Çin həm özü, həm də yaxın müttəfiqi Pakistan vasitəsi ilə Talibanla dil tapmağa və Əfqanıstanda formalaşdırdığı nüfuzunu qorumağa çalışır. Eyni zamanda Çin Əfqanıstanda yeraltı təbii sərvətlərin əsas istismarçılarından biri hesab edilir. "Bir Kəmər, Bir Yol" layihəsinin bir qolu da Əfqanıstandan keçərək Mərkəzi Asiyanın digər ölkələrində gedir. Odur ki, Çin bütün vasitələrdən istifadə edərək Taliban hökuməti ilə əlaqələri yaxşı tutmağa çalışacağı gözləniləndir".

- Bəs Rusiyanın Əfqanıstandakı hazırkı hakimiyyət ilə münasibətləri hansı səviyyədə qurula bilər?

"Rusiya üçün Əfqanıstan bir neçə cəhətdən vacib əhəmiyyətə malik ölkədir. Əfqanıstanın Rusiya çətiri altında olan KTMT-nin üzvü Tacikistan ilə qonşu olması və Özbəkistanla qonşu olması Rusiyanın narahat olduğu ən həssas nöqtələrdən biridir. Bu iki məsələ Rusiyanın Mərkəzi Asiya siyasətinə ciddi təsir edən amillərdəndir. Ona görə də Əfqanıstanda formalaşmış və formalaşacaq istənilən hakimiyyətlə isti münasibətlər qurmaqda maraqlıdır".

- Samir bəy, bildiyiniz kimi növbəti "Böyük qaçqın köçü" artıq başlayıb. Bu barədə nüfuzlu "Financial Times"da geniş məqalə dərc edib. Dünyanı neçə bir problem gözləyir?


"Bildiyiniz kimi, burada diqqəti çəkən əsas məsələ qərbə yayılması qaçılmaz olan əfqan köçüdür. Bəli qeyd etdiyiniz kimi, artıq köçün başladığı haqda məlumatlar dünya mediasının əsas başlığına çevrilib. Onu da qeyd etmək lazımdır ki, hər dövlət əfqan qaçqınların öz ərazisinə buraxmaq niyyətində deyil. Burada məsələyə həm terror təhdidi, həm də ərzaq təhlükəsizliyi baxımından yanaşılır. Son verilən statistikalara əsasən 1 milyondan artıq əfqan qaçqın İran, Türkiyə, Pakistan və Mərkəzi Asiyanın bəzi ölkələrinə yayılıb. Hesablamalara görə bundan sonra da bu qaçqın dalğasının olacağı gözləniləndir. Əfqan qaçqınlarının daha çox üz tutduğu ölkələr sırasında İran və Türkiyə ön sırada dayanır. Qeyri-dəqiq statistikaya görə İranda 800 minə qədər əfqan qaçqın məskunlaşıb. Bu qaçqınlar İrandan əsasən tranzit kimi istifadə etməkdədir. Türkiyəyə axın edən əfqan qaçqınlarının da sayı artmaqdadır.

Hesab edirəm ki, ABŞ-ın Əfqanıstandan çıxması bir tərəfdən SSRİ-nin aqibətini yaşaması kimi də qiymətləndirilə bilər. Yəni, məsələyə işğal etmək asan, əldə saxlamaq çətin prinsipi ilə yanaşmaq olar. Digər tərəfdən isə bundan sonrakı dövrdə dünya gücləri üçün Mərkəzi Asiyanın, xüsusilə də Əfqanıstanın qızğın mübarizə meydanı olacağını demək mümkündür".

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR