Düşmənə göylərdən verilən göz dağı:

“Laçında təməli qoyulan Hava limanının həm siyasi, həm də strateji önəmi olduqca böyükdür. Nəzərə alsaq ki, Laçın şəhəri həm Ermənistan sərhədinə, həm də hələ ki, nəzarətimizdə olmayan Qarabağdakı torpaqlara yaxındır, o zaman sözügedən ərazidə yeni hava limanlarının inşası ölkəmizin gələcəyi üçün önəmli addımdır”.

Metbuat.az xəbər verir ki, bunu APA TV-yə Milli Məclisin deputatı Erkin Qədirli bildirdi. Onun sözlərinə görə, təməli qoyulan yeni hava limanının beynəlxalq status daşıması da olduqca vacib məsələlərdən biridir.

Millət vəkili hesab edir ki, ötən gün Kəlbəcər və Laçına səfəri zamanı çıxışında ölkə başçısının da vurğuladığı kimi indiki mərhələdə əsas vəzifəmiz işğaldan azad olunmuş torpaqlarda möhkəmlənmək, əhalinin həmin torpaqlara qayıdışını təmin etməkdir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Mahir Abbaszadə isə hesab edir ki, bir müddət əvvəl Prezident İlham Əliyevin sərəncamı əsasında yaradılan iki iqtisadi rayondan biri Şərqi Zəngəzur iqtisadi rayonu, digəri isə Qarabağ iqtisadi rayonudur ki, yeni tikilən hava limanları da məhz həmin iqtisadi rayonlarda yerləşəcək. Bu isə ölkəmiz üçün iqtisadi nöqteyi-nəzərdən olduqca böyük önəm daşıyacaq.

Deputat hesab edir ki, olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu gələcəkdə logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Belə ki, hazırda inşa edilən hava limanları Ermənistanla sərhəd bölgəsində yerləşir və gələcəkdə bu ərazilərə vətəndaşlar qayıtdıqdan sonra onların istehsal etdikləri məhsulların satışı, yük daşımaları, eləcə də digər ölkələrdən bu ərazilərə idxal ediləcək məhsulların məhz bu hava limanları vasitəsi ilə daşınması da nəqliyyat imkanlarının artmasına birbaşa təsir edəcək.

Avqustun 16-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR