Bu il 80-dən çox vətəndaş minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.

Metbuat.az-a Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri Hafiz Səfixanov bildirib ki, bu il 82 vətəndaş minalardan və partlamamış hərbi sursatlardan zərər çəkib:

"Təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin avqust ayında 2 hadisə nəticəsində 2 nəfərin piyadalar əleyhinə minalardan zərər çəkdiyi qeydə alınıb. Nəticədə biri mina təmizləyən olmaqla iki mülki şəxs yaralanıb. 2021-ci ilin avqust ayında minalarla bağlı hadisələr Ağdam və Daşkəsən rayonlarının ərazisində baş verib.

Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikasının 82 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.

11 Avqust 2021-ci il tarixdə Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində müvəqqəti yerləşən Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etdiyi Xocavənd rayonunun Yenikənd kəndində 3 nəfər Ermənistan hərbçisi mina partlayışından yaralanıb. Qeyd edək ki, həmin ərazilər 30 il Ermənistan hərbçilərinin nəzarəti altında olub və hazırda Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin nəzarət etdiyi ərazidir.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar."


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR