MDB Oyunlarının ikinci günü:

Rusiyanın Kazan şəhərində birinci MDB Oyunlarının ikinci gününün yarışlarına yekun vurulub.

Metbuat.az xəbər verir ki, Azərbaycan komandası ikinci gün aktivinə daha 15 medal əlavə edib. Belə ki, ötən gün yarımfinaldakı ilk görüşlərində məğlub olan qadın boksçularımız Aysu İsmayılova (48 kq), İsgəndər Qızbəs (57 kq) və Emili Rzayevanın (63 kq) bürünc medal qazanması rəsmiləşib. Bu gün yarımfinalda uduzan kişi boksçular Tağı Nəsibov (48 kq) və İbrahim Zeynalov (50 kq) da bürünc medala sahib olublar.

Turnirdə qadın güləşçilərimiz Şəhanə Nəzərova (50 kq) gümüş, Tatyana Varansova (53 kq) və Birgül Soltanova (65 kq) bürünc medal qazanıblar.

Sərbəst güləşçilərimizdən isə Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurməhəmmədov (92 kq) çempion olublar. İslam İlyasov (97 kq) və Aydın Əhmədov (125 kq) ikinci, Əliabbas Rzazadə (57 kq), Sabir Cəfərov (65 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışın birinci günündə yunan-Roma güləşçilərimiz Nihad Quluzadə (55 kiloqram), Həsrət Cəfərov (67 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Qurban Qurbanov (72 kiloqram) ikinci, Nihat Məmmədli (60 kiloqram) və Laçın Vəliyev (87 kiloqram) isə üçüncü yeri tutublar.

Beləliklə, bu nüfuzlu turnirdə uğurla çıxış edən komandamız ümumilikdə 21 medala (6 qızıl, 4 gümüş, 11 bürünc medal) sahib olub. Bu nəticə ilə Azərbaycan yığması Rusiyadan (21 qızıl, 6 gümüş, 6 bürünc medal) sonra ikinci pillədə qərarlaşıb.

Xatırladaq ki, sentyabrın 11-dək davam edəcək Oyunlarda Azərbaycan komandası idmanın 13 növündə təmsil olunur. Komandamız badminton (8 idmançı), basketbol (4), boks (9), cüdo (16), futzal (13), stolüstü tennis (8), stend və güllə atıcılığı (3), karate (20), kəmər güləşi (4), köreş (5), qadın güləşi (6), sambo (7), sərbəst güləş (10), yunan-Roma güləşi (9), muaytay (tayboks, 6) idman növlərində mübarizə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR