x
Loading...

Türkiyənin “Uçan balina”sı: Azərbaycan “Akıncı”dan istifadə edə bilər

Bu günlərdə Qarabağda dastan yazan ordumuzun Azərbaycan ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda apardığı Vətən Savaşı hərb tarixinə “Dron Müharibəsi” kimi də düşdü. Hazırda Azərbaycan Ordusunun arsenalında olan İsrail istehsalı “Harop”və “Hermes” SİHA-ları ilə yanaşı, qardaş Türkiyənin Baykar Makina şirkətinin istehsalı olan “Bayraktar” TB2 zərbə SİHA-ları da yer alır. Bu gün isə, digər bir dron barədə - “Akıncı” SİHA-sı barədə daha doğrusu ehtiyac yaranarsa bu dronun Qarabağda istifadə edilib edilməməsindən danışacayıq.

Bu barədə Metbuat.az-a açıqlama verən politoloq Murad Saddədinov bildirdi ki, “Akıncı” SİHA-sının Türkiyə Silahlı Qüvvələrinin ordusuna daxil olunması, birinci növbədə Türkiyənin hərbi qüdrətini inkişafına dəlalət edən amildir. Siyasi şərhçi deyir ki, Azərbaycanla Türkiyə arasında imzalanmış İkitərəfli Strateji Əməkdaşlıq sazişinə və bu ilin yayında iki dövlət prezidentlərinin Şuşada imzaladığı Şuşa bəyannaməsinə əsasən istənilən halda Azərbaycan “Akıncı” SİHA-sından istifadə edə bilər.


“Bilirsiz, ki, Azərbaycanla Türkiyə arasında hərbi-sənaye kompleksinin inkişafı barədə tam əməkdaşlıq mövcuddur. Şuşa Bəyannaməsinə uyğun olaraq iki tərəf öz hərbi sənaye kompleksinin ən müasir texnologiyaları bir-birlərindən bölüşməyə hazırdır. O baxımdan Türkiyənin Silahlı qüvvələrində belə bir yeni növ böyük dağıdıcı qüvvəyə mənsub olan SİHA-nın mövcud olması əlbəttə, ki, Azərbaycanın da hərbi potensialını artırır. İstənilən halda Azərbaycan tərəfi bu silahdan istifadə edə bilər. Əgər Qarabağda hər hansı bir silahlı münaqişə olarsa, Azərbaycan tərəfinin müraciəti əsasında Türkiyə “Akıncı” SİHA-sı ilə Azərbaycanı təmin eləməyə hazırdır”.

Murad Saddədinov qeyd etdi ki, Şuşa Bəyannaməsinə əsasən Azərbaycan ilə Türkiyə arasında hər iki hərbi sənaye kompleksinin inkişafı ilə bağlı çox maraqlı bir model müəyyənləşdirilib. Yəni, müəyyən silahlar Türkiyə ərazisində istehsal olunmaqla bərabər, həm də onların bir qismi Azərbaycanda da istehsal edilə bilər. Bu baxımdan ola bilsin ki, gələcəkdə həm də “Akıncı” SİHA-sının düzəldilməsində Azərbaycan Müdafiə Sənaye kompleksinin imkanlarından istifadə olunsun.


“Gələcəkdə klassik qırıcıları ola bilsin ki, istifadə edilməsinin çünkü “Akıncı”nın imkanları daha böyükdür. “Akıncı”nın maksimal uçuş çəkisi 5,5 ton təşkil edir. SİHA-nın səmada qalma müddəti 24 saatdır. Onun praktiki tavanı 12.192 metr təşkil edir. Bayraktar Akıncı milli AESA radarı və Aselsan şirkətinin istehsalı olan nişanlama sistemi ilə təchiz edilir. Ən maraqlısı odur ki, bu raketlərin arasında tank əleyhinə raketlərlə yanaşı “hava-hava” tipli raketlər də mövcuddur - demək Akıncı hava hədəflərini də vura bilər. Əlbəttə ki, Akıncıdan bombardımançı kimi də istifadə etmək mümkün olacaqdır. Göyərtəsində 3 ədəd süni intellekt kompüteri olan “Akıncı” dronları eyni zamanda yerüstü kəşfiyyat aparır, sensorlar və yüksək həssaslığa malik kameralar vasitəsilə məlumatları toplayıb avtonom rejimdə analiz edir, habelə komanda mərkəzinə ötürür. Digər mühüm özəlliyi isə budur ki, həmin pilotsuz sistemlər bütöv eskadrilya halında, avtonom rejimdə döyüşdə tətbiq edilə bilir, bu zaman dronlar süni intellekt vasitəsilə bir-biriləri ilə koordinasiya içərisində olur.Belə bir dronun Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olması təbii ki, ordunun gücünü qat-qat artıra bilər. Amma mən hesab edirəm ki, əgər bugünlərdə Ermənistanla da hansısa bir hərbi münaqişə olarsa da 44 günlük müharibədə darmadağın edilən Paşinyanın ordusu üzərində yenidən belə bir hərbi əməliyyat zamanı bu qədər muasir yeni növ PUA-lara ehtiyac olmayacaqdır”.


Mövzuya münasibət bildirən millət vəkili Sahib Əliyev isə düşünür ki, ehtiyac olduğu təqdirdə biz Türkiyədən aldığımız digər silahlar kimi “Akıncı”da alacayıq. Millət vəkili Metbuat.az-a bildirdi ki, “Akıncı” olmadan da biz Qarabağda istənilən hərbi əməliyyatda müvəffəq ola bilərik. “Hazırda Azərbaycan ordusunda elə qabaqcıl texnika var ki, o heç Rusiya ordusunda da yoxdur. Bu faktı hətta Rusiyanın tanınmış hərbi eksperti Pavel Felkenqauer də təsdiqləyir. Ermənistanla istənilən münaqişə zamanı, düşməni hər cəbhədə məğlub etməyə qadirik. “Akıncı” olmasa belə Ermənistan ordusu Azərbaycan ordusu ilə münaqişədə heç kimdir”.

Qeyd edək ki “Akıncı”nın inkişaf etdirilməsinə 2017-ci ilin may ayında başlanılıb.“Akıncı” PUA-sı ilk uçuşunu 2019-cu il dekabrın 6-da həyata keçirib. İlk uçuş zamanı PUA 16 dəqiqə havada qalıb. Prototipin ikinci uçuşu isə 2020-ci ilin yanvar ayının 10-da baş tutub, həmin uçuş zamanı PUA 1 saatdan artıq havada qalmışdı. “Akıncı”nın ikinci prototipinin ilk uçuşu 2020-ci ilin avqustun 13-də həyata keçirilib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR