Azad sahibkarlıq və azad rəqabət:

Liberal iqtisadiyyat, azad sahibkarlıq və azad rəqabətin üzərində qurulur. Bunlar yoxdursa, sözün həqiqi mənasında səmərəli fəaliyyət göstərən və xalqın tələblərinə həssas olan bazar iqtisadiyyat haqqında danışmaq çətindir.Təbii ki, azad sahibkarlığın inkişafı baxımından liberal iqtisadiyyat böyük əhəmiyyat daşıyır.

Azərbaycanda azad sahibkarlığın inkişafı və bu yolda olan çətinliklər barədə Metbuat.az Azərbaycan Respublikasının keçmiş millət vəkili, iqtisad elmləri doktoru Nazim Bəydəmirli ilə müzakirə aparıb. Həmin müsahibəni təqdim edirik:

- Nazim bəy, ilk öncə liberal bazar iqtisadiyyatı barədə danışaq. Sahibkarlığın inkişafı baxımından liberal iqtisadiyyat nə qədər əhəmiyyət daşıyır?

“Liberal iqtisadiyyat - xüsusi mülkiyyətin iqtisadiyyatda payının çox olması və üstün mövqe tutması, qanunvericiliyin sahibkarlığı müəyyən dövlət qurumları tərəfindən ola biləcək təsirlərdən qoruması, dövlət tənzimlənməsinin məhdud xarakter daşıması və əsasən makroiqtisadi prosesləri əhatə etməsi, rəqabət mühitinin olması və s. liberal bazar iqtisadiyyatının əsas elementləridir. Keçən əsrdə, daha dəqiqi 1930-cu ildə ABŞ tərəfindən qəbul edilmiş kriteriyalar:

- Valyutaların sərbəst konvertasiyası;

- İşçilərlə şirkət rəhbərliyi arasında danışıqlar yolu ilə əmək haqqının müəyyən edilməsi imkanı;

- Xarici investisiyalara çıxış;

- İstehsal vasitələrinə dövlət nəzarətinin payı;

- Resur bölgüsünə və qiymətlərə hökumətin təsir səviyyəsi və s. bu günə qədər də liberal bazar iqtisadiyyatının olub-olmamasını müəyyən edən əsas faktorlardır.

Bu prinsiplərlə xarakterizə olunan təsərrüfat sistemi ÜTT tərəfindən də liberal bazar iqtisadiyyatı kimi qəbul edilir. Bu əsasla bazar iqtisadiyyatının liberal modelinin əsas elementləri dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi şəraitində azad sahibkarlığa, tələb-təklif əsasında formalaşan azad rəqabətə geniş meydan verilməsidir. Burada əsas məsələ dövlətin daha doğrusu, hökümətin iqtisadi proseslərə müdaxilə etməməsidir. Belə olan halda həm satıcılar həm alıcılar, həm də xidmət göstərənlər iqtisadi proseslər zamanı, sövdələşmə yolu ilə qiymətləri müəyyən edirlər və adətən belə münasibətlər sistemində yaşayan insanlar-istehlakçılar qiymət artımından şikayətlənmirlər. Liberal bazar dəyərlərinə keçid sovet höküməti zamanında planlı iqtisadiyyat adı altında məcburi tarifləri müəyyən edilən, şəxsi təşəbbüskarlıq qadağan olunan və özəl mülkiyyəti inkar edən doqmaların ləğv olunmasından sonra baş verdi. Göründüyü kimi bazar iqtisadiyyatının əsas atributlarından biri həm də mülkiyyət hüququnun toxunulmazlığıdır, bu xüsusiyyət sahibkarları stimullaşdırırlar ki, onlar daha çox gəlir əldə etmək üçün daha səmərəli çalışsınlar, nəticədə rəqabət güclənir, qiymətlər optimallaşır. Təbii ki, liberal bazar iqtisadiyyatı şəraitində dövlətin iqtisadiyyatı tənzimləmə siyasətinin mahiyyətində həm də bütün bazar iştirakçılarının bərabərliyin təmin edilməsi, eyni zamanda iqtisadiyyata təsir mexanizmini qanunun aliliyini təmin etməklə həyata keçirmək istəyi dayanmalıdır.”

- Belə ölkələrə misal olaraq SSRİ-ni və ABŞ-ı göstərmək olarmı? Nəticədə SSRİ planlı iqtisadiyyat yürütdüyü üçün, böyük maliyyə problemləri səbəbindən dağıldı, ABŞ isə əksinə..

“ Əlbəttə, 20-ci əsrdə ən böyük iqtisadiyyatlara sahib olan, həm də fərqli iqtisadi sistemlərdə olan ölkələr bir-biri ilə rəqabət aparırdılar. Məlum oldu ki, rəqabət prosesi zamanı bazar iqtisadiyyatı daha yaxşı məhsul və xidmət verməyə qadirdi, nəinki planlı iqtisadiyyat çərçivəsində. Ona görə də planlı iqtisadiyyat yürüdən SSRİ ABŞ və partnyorlarına iqtisadi inkişaf templərinə görə uduzdu və nəticədə bütövlükdə sosializm bloku süqut etdi. Bazar iqtisadiyyatında rəqabət mühiti daha yaxşı məhsul istehsal etməyə şərait yaradır, bazarın “görünməz əli” iqtisadi prosesləri idarə edir və bu baxımdan planlı iqtisadiyyatla liberal bazar iqtisadiyyatı müqayisə olunmaz dərəcədə bir birindən fərqlidirlər”.

- Nazim bəy, bir qədər də ölkədə sahibkarlığın inkişafından danışaq. Necə düşünürsünüz, Azərbaycanda sahibkarlıq inkişaf edirmi? Azərbaycanda sahibkarların əsas problemləri və həlli yolları barədə nə deyə bilərsiniz?

“Azərbaycanda sahibkarlıq təbii ki, əvvəlki illərə nisbətən daha yaxşı inkişaf etmək imkanları qazanıb, amma sahibkarlıq o yerdə daha yaxşı inkişaf edir ki, burada məmur sahibkarlığı olmur və dövlətin iqtisadi proseslərə müdaxiləsi yoxdur. Azərbaycanda biz eşidirik ki, statistikaya görə ÜDM-in 85% özəl sektorda yaradılır, ancaq onun strukturuna baxdıqda görürük ki, özəl sektora aid edilən məhsullar birbaşa neft-qaz sektorunda çalışan beynəlxalq korporasiyalar tərəfindən istehsal olunmuş, daha doğrusu çıxarılmış karbohidrogen ehtiyyatlarıdır ki, hökumət qurumları onu özəl sektora aid edirlər. Belə yanlış aparılan statistika fonunda hər kəsə məlumdur ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi hələ də gözlənilən nəticəni vermir, bazar və marketlərdə gündəlik istehlak mallarının 70-80% xaricdə istehsal olunmuş məhsullardır. Çünki əsas problem olaraq qalan və bazar iqtisadiyyatının düşməni olan inhisarçılıq mövcuddur. Hətta bundan əlavə daha da təhlükəlisi büdcə vəsaitləri hesabına dövlət qurumlar öz yanlarında MMC-lər yaradaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarıdır ki, 2014-cü ildən bu proseslər daha da sürətlənib. Həmçinin Azərbaycan sahibkarlarının əsas problemlərindən biri maliyyə çatışmazlığıdır. Sahibkarları narahat edən məsələlərdən biridə də odur ki, alternativ mənbələr yoxdur, xarici bankların Azərbaycan bazarına çıxışında olan əngəllər də bu problemlərə daxildir, bu da öz növbəsində rəqabət mühitinə ciddi mənada mənfi təsir edir. Ümumiyyətlə hazırda sahibkarların əsas problemləri iqtisadi proseslərdə iştirak edən hüquqi və fiziki şəxslərin eyni hüquq və vəzifəyə malik olmaması və bazara çıxışını məhdud olması, real sahibkarlıq subyektlərinin ucuz maliyyə resurslarına çıxışının mümkünsüzlüyü, monopoliya səbəbindən və dövlət orqanlarının iqtisadiyyata müdaxiləsi nəticəsində liberal bazar dəyərlərinin oturuşmamasıdır. Bütün bunlar Azərbaycan iqtisadiyyatını rəqabətlilikdən saxlayır və nəticə etibarilə biz vergilərin strukturuna baxdıqda görürük ki, ölkədə fiziki şəxslərin gəlirləri yenə də arzuolunan səviyyədə deyil. Bunu ona görə deyirəm ki, ölkələrin zənginliyi heç də onun təbii ehtiyyatları ilə, valyuta rezervləri ilə ölçülmür, ölkənin zənginliyi vətəndaşların adambaşına düşən ÜDM məbləğləri ilə, onların maaşlarının səviyyəsi ilə və şəxslərin ödədikləri vergilərin məbləğləri ilə ölçülür. Eyni zamanda iqtisadi inkişafın əsas meyarı ola əlavə dəyərin yaradılmasından toplanan vergi də çox deyil. Son beş - altı ilin əlavə dəyər vergisi strukturuna baxdıqda görürük ki, idxaldan toplanan əlavə dəyər vergisi ən azı da 2.5 beş dəfə artmışdır, ölkədə istehsal olunan məhsul və xidmətlərdən toplanan əlavə dəyər vergisi isə on faiz azalmışdır. Bu o deməkdir ki, hökumət nə qədər inkişafdan danışsa da bu bazarlarda, marketlərdə görünmür, Azərbaycan vətəndaşları daha çox xarici istehsalçılardan və idxaldan asılı vəziyyətə düşüb”.

- Dövlət azad sahibkarlığın inkişafına necə stimul verə bilər?

“Təbii ki, bütün bunların qarşısının alınması üçün hökümət müxtəlif islahatlar aparmalıdır. Azərbaycan Nazirlər Kabineti dinamik hala gətirilməlidir, bunun üçün onun strukturu ciddi şəkildə azaldılmalıdır, dövlət öz idarəetmə xərclərini, həmçinin bürokratik əngəlləri azaltmaq üçün təqribən 40-a yaxın mərkəzi icra hakimiyyəti funksiyasını yerinə yetirə nazirliklər, komitələr, xidmətlər agentlikləri və dövlət şirkətlərinin bir-birini təkrar edən, oxşar funksionallığı olanları birləşdirməlidir. Bunun üçün yaxın qonşumuz Gürcüstanın keçdiyi təcrübəyə baxmaq lazımdır. Gürcüstanın Nazirlər kabinetində 1 baş nazir və 11 nazir olmaqla, o nazirlərin içindən 2 nəfər ictimai əsaslarla, bir il müddətinə baş nazir müavinləri seçilməklə fəaliyyət göstərir. Məhz onlar, ölkənin inkişaf prioritetlərinə uyğun dövlət orqanlarının koordinasiyası üçün baş nazir tərəfindən təyin edilir və Nazirlər kabineti kollegial olar məsuliyyət daşıyırlar. Bizdə isə heç nəyə cavab verməyən, məsuliyyət daşımayan, ancaq səlahiyyətləri çox olan baş nazir və şoxlu sayda müavinləri, digər nazir və komitə sədrləri, ağentlik və xidmət rəhbərləri olaraq dünyada bəlkə də ən böyük saya məxsus olan Nazirlər Kabineti var. Özü çox böyük olmaqla, ortada işi olmayan, fəaliyyəti ilə sahibkarlığa monopoliya yaradaraq, inkişafına mane olan “məmur ordusu”, onların yaratdığı “məmur sahibkarlığı” var. Belə şəraitdə isə ancaq dövlət resurslarını şəxsi resursları kimi istifadə edən korrupsionerlər və yaltaqlar yetişdirilə bilər”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR