Bakının işğaldan azad olunmasından 103 il ötür

Sentyabrın 15 - i Bakının bolşeviklərdən, daşnaklardan və başqa yadellilərdən azad edilməsinin 103 - cü ildönümüdür. Bu həm də Azərbaycanın, Cənubi Qafqazın işğaldan azad edilməsinin başlanğıcı idi. Bakının azad edilməsi çar Rusiyasının 117 illik işğalından Azərbaycanın xilas olmasıdır.

Metbuat.az xəbər verir ki, bununla da müstəqilliyini təmin edən Azərbaycanda ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı işğalına son qoyulub.

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar işğal altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna baxmayaraq Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərib. Beləliklə, Sentyabrın 15-də Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakını işğalçılardan azad edib.


Qafqaz İslam Ordusu Bakının azad olunması üçün həyata keçirdiyi hərbi əməliyyatlarda 1130 şəhid verir.

1918-ci il sentyabrın 15-i Bakının işğalçılardan azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də bu hadisəni qeyd edir, şəhid əsgərlərin xatirəsini anır. Azərbaycan və türk əsgərlərinin Bakını düşmən işğalından azad edərək tariximizə yazdıqları bu şərəfli gün həm də Türkiyə- Azərbaycan qardaşlıq münasibətlərinin bariz bir nümunəsidir.

Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak ediblər.


Nuru paşa


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR