Azərbaycanın İstanbuldakı Baş konsulunun Türkiyə mətbuatında 20 Yanvara həsr olunmuş məqaləsi dərc olunub

23:07 18 Yanvar 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 18 Yanvar 2015 23:02 ]


İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanın İstanbuldakı Baş konsulu Həsən Zeynalovun Türkiyənin “Yeni çağ” qəzetində 20 Yanvara həsr olunmuş məqaləsi çap edilib.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, qəzetin birinci səhifəsindən geniş anonsu verilən “Kanla yazılan şanlı tarih” başlıqlı məqalə dördüncü səhifədə dərc olunub.

 

“Qanlı yanvar hadisələri (20 yanvar 1990) Azərbaycan ulusu üçün faciə olduğu qədər müstəqil dövlət olma yolunda şərəflə atılmış qəhrəman bir addımdır” deyə yazısına  başlayan müəllif, sovetlərin dağılması prosesində Azərbaycanın müstəqillik yoluna qədəm qoymasının qaçılmaz olduğunu vurğulayıb. Cərəyan etmiş prosesləri “geri dönülməz” şəklində xarakterizə edən baş konsul Azərbaycan xalqının tələblərinə qarşı fəaliyyətə başlayan ermənilərin və Azərbaycana qarşı olan qüvvələrin təxribatlarıyla Mixail Qorbaçovun başçılıq etdiyi idarəçilərin həm SSRİ-nin, həm də Azərbaycan SSR-in Konstitusiyasını tapdalayaraq Bakıya qoşun yeritdiyini xatırladaraq, sovet qoşunlarının öz arxasında 132 şəhid, 612 şikəst qoyub, 812 nəfəri həbsə ataraq 20 yanvar səhərində Bakıdan ayrıldığına dair məlumatları Türkiyə oxucularıyla  bölüşüb.

 

“Qanlı yanvar hadisələrinin yaşatdığı ortaq acılar Azərbaycan xalqını daha da birləşdirmiş, sıralarını çoxaltmış, iradəsini gücləndirmişdir” - deyə yazısına davam edən müəllif 20 yanvardan həmən sonra Heydər Əliyevin öz ailəsyilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək sovet ordusunun Bakıda törətdiyi qətliama nümayiş etdirdiyi sərt etirazı Türkiyə ictimaiyyətinin hafizəsində bir daha təzələyib. Yaşanan acı proseslərə baxmayaraq, müstəqillik uğrunda mübarizəyə qalxmış Azərbaycanın öz yolundan dönmədiyini və 71 ildən sonra kommunist rejimindən öz  müstəqilliyini elan etdiyini xatırladan H. Zeynalov daha sonra Ermənistanın Azərbaycan torpaqlarını işğalını məqaləsində gündəmə gətirib.

 

İşğal nəticəsində 1 milyon insanın yurd-yuvasından didərgin düşməsi gerçəyini Türkiyə ictimaiyyətinə çatdıran baş konsul “Azərbaycan öz hərbi gücünü və potensialını daha da artırmaqdadır və Ermənistanla aparılan sülh müzakirələri nəticə verməzsə, xalqımız və dövlətimiz torpaqlarımızı hərbi yol da daxil olmaqla, bütün yollardan istifadə edərək geri almağa hazırdır. Bu ruhu ən yaxşı şəkildə nümayiş etdirən hadisə 12 noyabr 2014-cü ildə Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında hərbi təlim keçirmək kimi təxribata əl atması vaxtı Ermənistan hərbi vertolyotunun Azərbaycan Ordusu tərəfindən vurulması olmuşdur. Sülh prosesində problemin həlliylə bağlı ümidlər artanda həmişə təxribatçı addımlar atan Ermənistan vertolyotun vurulmasıyla lazımi cavabı almışdır” -sözləriylə Qarabağ ətrafında cərəyan edən proseslərin mövcud mənzərəsini oxucuların diqqətinə çatdırıb.

 

20 yanvar 1990-cı ildə baş vermiş qanlı hadisələrə Türkiyədən göstərilmiş sərt reaksiyaları xatırladan müəllif o reaksiyaların  iki ölkə arasında qardaşlığın təməlini təşkil etdiyini vurğulayaraq, yazısını “Bu gün Azərbaycanla Türkiyənin arasına heç kim girə bilməz, çünki milli bağlara söykənən Azərbaycan-Türkiyə münasibətləri kimi dünyada münasibət yoxdur” sözləriylə bitirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR