“Gorus-Qafan” planının hədəfləri:

“Ermənistanın İrana çıxışı da faktiki Azərbaycanın nəzarətindədir. Gorus-Qafan yolunda baş verənlər, postun qurulması, aparılan yoxlamalar İrandan Ermənistana yük daşımasını ən yaxşı halda yubadır. Azərbaycan öz suveren ərazisindən keçən yolu istənilən vaxt bağlamaq haqqına sahibdir”.

Metbuat.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı açıqlama verib. O bildirib ki, Ermənistanın xaricə çıxışı üçün iki əsas yol var. Lars yolu - Rusiya-Ermənistan tranziti, Gorus-Qafan yolu - İran-Ermənistan tranziti. Asif Nərimanlı deyir ki, qış fəslində Lars yolu keçilməz olur, TIR-lar günlərlə yolda qalır.

Bir kəmər - bir yol, yoxsa ABŞ yolu? - Azərbaycan iki od arasında »  Qaynarinfo.az

“Ermənistanın Rusiya səfirliyindəki gömrük attaşesi Aram Tananyan bildirir ki, bu gündən başlayaraq, Lars yolunda növbələr yaranıb. Qış fəsli yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşəcək. Meyvə yüklərinin (üzüm, mandarin) artacağı gözlənilir. Nəzərə alsaq ki, bu məhsullar tez xarab olur bu zaman ünvana çatmaq uğrunda əsl mübarizə başlayacaq. Beləliklə, Ermənistan-Rusiya arasındakı daşımalar tıxanacaqdır. Onu da qeyd edim ki, Lars yoluna alternativ marşrutun 2023-cü ildən tez başa çatması gözlənilmir”.

Asif Nərimanlı bildirdi ki, əslində Azərbaycanın Gorus-Qafan yolunda strategiyasının daha uzaqmənzilli hədəfləri var. Rusiya və İrana çıxışı risk altına düşən Ermənistan üçün xilas qərb istiqamətində - Türkiyəyə çıxışın təmin edilməsidir.

“Bildirim ki, Ankaradan İrəvana müsbət siqnalların gəlməsi, Paşinyanın “müsbət cavab verəcəyik” açıqlamaları baş verənlər fonunda təsadüfi deyildir. Beləliklə, Ermənistan üçün çətin qış gəlir. Belə qış həm də Xankəndidəki ermənilər üçün hazırlanır. Ermənistan iqtisadiyyatının çətin vəziyyətə düşməsi Qarabağdakı ermənilər üçün də çətinlik yaradacaq”.

Asif Nərimanlı qeyd etdi ki, Rusiya və İrandan yük daşımalarında problemlərin yaranması çətinliyi həlledilməz vəziyyətə salır. Xankəndidə rabitə əlaqəsində, su təminatında, mənzil və iş məsələsində problemlər var. Şuşa stansiyasından verilən elektrik enerjisində problemlər yarana bilər. Bütün bunlar Bakının İrəvana qarşı “məcburetmə əməliyyatının” tərkib hissəsidir.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR