Bir qardaşlıq dastanı:

“Bakının bolşevik-daşnak birləşmələrindən azad edilməsinə təkcə bu şəhərin AXC-nin paytaxtı olması prizmasından yanaşmaq doğru olmazdı. Məsələ burasındadır ki, Bakının azad edilməsi ilə əvvəllər ancaq kiçik quru sərhəddi olan Azərbaycan Xalq Cümhuriyyəti artıq Xəzər dənizinə çıxış əldə etdi və öz mövqelərini xeyli gücləndirdi”.

Bu fikirləri Metbuat.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib. General bildirdi ki, Nuru paşa komandanlığındakı Qafqaz İslam Ordusunun 103 il əvvəl Bakını işğaldan azad etməsinə yalnız həmin zaman baxımından deyil, eyni zamanda, sonrakı dövrlər prizmasından da qiymət vermək lazımdır.


“Məhz 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi ilə müstəqilliyini gücləndirən, dənizə çıxış əldə edən Azərbaycanın əldə etdiyi bu mövqe həm 70 illik sovet rejimi dövründə, həm də sovetlərın dağılmasından sonra yenidən əldə edilən müstəqillik illərində öz rolunu oynadı. 103 il əvvəl Osmanlı imperiyasının ağır durumda olmasına baxmayaraq Azərbaycana göndərdiyi Qafqaz İslam Ordusunun azad etdiyi Bakı bu gün yerləşdiyi regionun lider dövləti olan müasir müstəqil Azərbaycanın paytaxtı kimi dünyanın diqqət mərkəzindədir. Birmənalı olaraq qeyd edə bilərik ki, bu günki qüdrətli Azərbaycanın təməli məhz 103 il əvvəl Bakının erməni-bolşevik işğalından azad edilməsi ilə qoyuldu”.

Y.Karauz vurğuladı ki, bu gün Azərbaycana səfər zaman dünyanın bir çox xarici ölkə təmsilçiləri, beynəlxalq təşkilatların nümayəndələri Şəhidlər Xiyabanında dalğalanan iki qardaş ölkənin bayrağı altında dəfn edilmiş Qafqaz İslam Ordusu əsgərlərinin zamanında hansı qəhrəmanlıqlar göstərdiyi barədə də məlumat əldə edir. Həmin vaxt Qafqaz İslam Ordusunun tərkibində döyüşərək Azərbaycanın müxtəlif bölgələrində şəhid olan 1130 türkün Azərbaycanda 18 şəhidliyinin olması da qardaşlıq bağlarımızın güclü olduğunun daha bir nümunəsidir.


“Bir məqamı da qeyd etmək istəyirəm ki, Azərbaycan və Türkiyə prezidentlərinin Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 100-cü ildönümü ilə bağlı Bakıda keçirilən hərbi paraddakı çıxışları zamanı dünyaya verdiklərin mesajın nəticəsi olaraq ötən il 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edən Azərbaycan, 28 ildir kağız üzərində qalan BMT qətnamələrini özü icra etdi. Müharibədən sonra iki qardaş ölkə arasında imzalanan Şuşa bəyannaməsində də, Qafqaz İslam Ordusunun qəhrəmanlıq ruhu öz əksini tapıb. Yaxşı olardı ki, 1918-ci il 15 sentyabr qəhrəmanlığı ilə bağlı orta və ali məktəblərdə daha çox məlumat verilməli, dərsliklərdə daha geniş yer ayrılmalıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR