Azərbaycanda sahibkarların əsas problemləri -

Liberal iqtisadiyyat azad sahibkarlıq və azad rəqabətin üzərində qurulur. Bunlar yoxdursa, sözün həqiqi mənasında səmərəli fəaliyyət göstərən və xalqın tələblərinə həssas olan bazar iqtisadiyyatı haqqında danışmaq çətindir. Təbii ki, azad sahibkarlığın inkişafı baxımından liberal iqtisadiyyat böyük əhəmiyyat daşıyır.

Azərbaycanda azad sahibkarlığın inkişafı və bu yolda olan çətinliklər, bu yolda qazanılan uğurlar, həmçinin KOB-ların fəaliyyəti barədə Metbuat.az iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müsahibə aparıb.

Həmin müsahibəni təqdim edirik:


- Eldəniz bəy, bildiyiniz kimi, Azərbaycanda sahibkarların inkişafına mane olan əsas problemlərdən biri də inhisarçılıqdır. Tənzimlənmə metodları barədə fikirləriniz necədir?

“Azərbaycanda sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi üçün hüquqi normativ baza mövcud olsa da, bir neçə digər problemlərin mövcudluğu sahibkarların inkişafına mane olur. Qeyd etdiyiniz kimi bunlardan biri də inhisarçılıq mövqelərinin kifayət qədər yuxarı səviyyədə olmasıdır. Məhz inhisarçılığın aradan qaldırılması, inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması üçün ciddi addımlar atılmalıdır. Bunun üçün ilk növbədə "Rəqabət Məcəlləsi" qəbul edilməlidir. Respublikada elə inhisarlar var ki, təbii inhisarlardır. Bunların qalması zəruridir, yəni aradan götürmək və onların ləğvi ilə bağlı mübarizə metodu mümkün deyil. Belə inhisarların tənzimlənməsinin öz metodları var. Amma qeyd etdiyim kimi, mütləq şəkildə, məcəllə qəbul edilməli və bunun kağız üzərində qalmasına imkan vermədən onun ciddi şəkildə icrası həyata keçirilməlidir. Düzdür, ölkədə biznesin inkişafı, sahibkarların müdafiə olunması üçün kifayət qədər normativ hüquqi baza mövcuddur. Qanunvericilikdə də kifayət qədər tənzimləyici prosedurlar var. Sadəcə olaraq icra mexanizmində problemlər ortaya çıxır. Nəticədə sahibkarlar yerlərdə bu və ya digər formada əngəllərə, təzyiqlər məruz qalır, problemlərlə üzləşirlər. Bu isə ciddi şəkildə sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərir”.

- Sahibkarlıq sektorunda mövcud olan problemlərdən biri də dövlət satınalmaları ilə bağlıdır. “Dövlət Satınalmaları haqqında” qanun çoxdan qəbul edilmiş olsa da, kifayət qədər bu qanunda boşluqlar var. Necə düşünürsünüz, Dövlət satınalmalarının vahid sistem üzərindən idarə edilməsi şəffaflığı təmin edəcəkmi?

“ “Dövlət Satınalmaları haqqında” qanuna 2021-ci ilin may ayının 27-də dəyişikliklər olundu. Lakin yenə də satınalan təşkilatlara müəyyən səlahiyyətlərin verilməsi kimi məsələlərində boşluqlar qaldı ki, bu da dövlət satınalmaları zamanı sifarişçi tərəflərə şəffaflığı və rəqabət mühitini pozmağa fürsətlər verir. Bəzən özlərinə yaxın olan, bəzi hallarda isə satınalan tərəfin şəxsi təşəbbüsü ilə yaratdıqları təsərrüfat subyektləri asanlıqla qalib gəlir. Bəzən də tenderdən qısa bir müddət əvvəl yaradılmış bir təsərrüfat subyekti bu tenderi udur, sonra da fəaliyyəti dayandırılır və s. kimi müxtəlif şübhəli hallar baş verir. Dövlət satınalmalarının vahid sistem üzərindən idarə edilməsi orada şəffaflığın təminatına çalışmaq, təkcə sahibkarlığın inkişafına deyil, eyni zamanda dövlət büdcəsinin vəsaitinin daha səmərəli və adekvat, eləcə də şəffaf hesabatlı şəkildə istifadə edilməsinə imkan yaratmış olur. Elə “Dövlət Satınalmaları haqqında” qanun qəbul olunarkən prosesin məğzində məqsəd o idi ki, kiçik və orta biznes təsərrüfat subyektlərinin iştirakının payı artsın. Biz bilirik ki, dövlət qurumlarının bəziləri tərəfindən kifayət qədər şişirdilmiş rəqəmlərdən istifadə olunur. Nəticədə, bəzi qurumlar bacardıqları qədər daha çox korrupsiya hallarına, yeyintilərə yol verirlər. Amma sahibkarlığın- kiçik və orta biznes təsərrüfat subyektlərinin dövlət satınalmalarında iştirak payının artırılması, burada rəqabət mühitinin qurulması həm sahibkarlığın inkişafına töhfə verərək, həm də dövlət büdcəsi vəsaitlərinin daha şəffaf və səmərəli istifadəsinə imkan yaratmış olacaqdır”.

- Problemlərin mövcudluğu danılmaz olsa da, sahibkarlıq sektorunda inkişaf da nəzərə çarpacaq qədərdir. Xüsusilə sahibkarların problemlərinin həllində KOB-ların fəaliyyəti göz önündədir. Sizcə, KOB-ların bu gün gördüyü işlər gələcək üçün perspektiv vəd edirmi?

“Hazırda Azərbaycanda kiçik və orta biznes təsərrüfat subyektlərinin vəziyyəti kifayət qədər üst səviyyədə olmasa da, lakin geridə buraxdığımız illərlə müqayisədə inkişaf dinamikası, inkişaf prosesi aydın müşahidə edilir. Belə ki, ölkədə sahibkarlığın inkişafı sahəsində aparılmış dövlət siyasəti nəticəsində 2020-ci il ərzində qeydiyyata alınmış sahibkarlıq subyektlərinin sayı təxminən 13 faiz artıb. Bu da ümumi statistikaya, yəni 2021-ci ilin yanvarın 1-ə olan məlumata görə 1.2 milyondan artıq olub. Qeydiyyata alınmış təsərrüfat subyektlərinin təxminən 13-14 faizi hüquqi şəxslərdir. Yerdə qalan 86-87 faiz isə fərdi sahibkarların payına düşür. Statistikaya əsasən, 127 min 517 mikro sahibkar, 7 min 282 kiçik sahibkar, 2 min 916 orta və 678 iri sahibkarlıq subyekti qeydiyyata alınıb. Rəsmi rəqəmlərə əsasən, KOB–ların ümumi daxili məhsulda payı təxminən 15 faizdir. Qeyri-neft sektoru üzrə KOB-ların ÜDM-də payı 25 faiz-ə çatır. Qeyri-neft ixracında KOB-ların payı 53 faizdir. Bildiyiniz kimi, dövlət tərəfindən gələcək iqtisadi inkişaf üçün hazırlanmış bir strateji hədəf var. Bu hədəflərə görə isə 2025-ci ilə qədər, mikro kiçik və orta biznes subyektlərinin payı ÜDM-də 60%-ə çatdırmaq hədəfdədir”.

KOBİA-nın kiçik və orta biznesin inkişafı üçün gördüyü işlərin nəticəsini 2025-ci ilə qədər daha üst səviyyədə görəcəyik...

“Hazırda kiçik və orta biznesin inkişafına mane olan problemlərin həlli ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məşğul olur. Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2018-ci il tarixli Fərmanı ilə Agentliyin nizamnaməsi və strukturu təsdiq edilən KOBİA dövlətin iqtisadi həyatında orta biznes subyektlərinin payının artırılması istiqamətində kiçik və orta biznes subyektlərinin həlli ilə bağlı bir sıra xidmətlər göstərir. Bu qurum dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir və İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Məhz bu agentliyin son dövrlərdə aktiv fəaliyyəti və bir çox təkliflərlə çıxış etməsi, eyni zamanda təkcə mərkəzdə deyil, bölgələrdə də sahibkarların yanında olması, onların dəstəklənməsi öz müsbət effektlərini verməkdədir. Düşünürəm ki, məhz KOBİA-nın kiçik və orta biznesin inkişafı üçün gördüyü işlərin nəticəsini 2025-ci ilə qədər daha üst səviyyədə görəcəyik”.

- Eldəniz bəy, uzun müddətdir ki, Biznes Ombudsman institutunun formalaşması üzərində işlər gedir. Hazırda vəziyyət bu istiqamətdə hansı mərhələdədir?

“Biznesin insan hüquqlarının reallaşdırılmasına təsiri, bu hüquqların pozulmasına görə kommersiya təşkilatlarının məsuliyyəti məsələsi son illər ciddi tədqiqat predmetinə çevrilmişdir. Problemin aktuallığı nəzərə alınaraq müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT tərəfindən bu sahədə ciddi iş aparılır. Bu baxımdan biznes və insan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərin öyrənilməsi və onların qanunvericiliyə implementasiyası məsələsi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Hazırda sahibkarlar müxtəlif istiqamətlərdə müxtəlif yerli qurumların bu və ya digər formada təzyiqləri ilə üzləşirlər. Onlar biznes fəaliyyətləri sahəsində qeyri -rəsmi basqılarla qarşılaşırlar. Sözügedən sahə ilə bağlı beynəlxalq sənədlərin implementasiyası və milli qanunvericiliyin təkmilləşdirilməsi, birgə işçi qrupunun yaradılması, davamlı maarifləndirmə işinin aparılması, korporativ-sosial proqramın hazırlanması, sahibkarlıq fəaliyyətinə nəzarəti həyata keçirən dövlət orqanları ilə əməkdaşlığın daha da möhkəmləndirilməsi, sahibkarlıq fəaliyyətinin inkişafında yeni istiqamətlərin müəyyən olunması və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi məqsədilə Biznes Ombudsmanı İnstitutunun fəaliyyətinə ehtiyac vardır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə dərc olunub.

Mövzu: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR