Tıxacları yaradan əsas səbəb BUDUR:

Azərbaycanda əyani təhsilin başlanması ilə paytaxtın əksər küçə və prospektlərində tıxacların həcmi daha da artdı. Gələn həftədən bütün siniflərdə, habelə digər təhsil ocaqlarında (kolleclərdə, peşə liseylərində, universitetlərdə və s.) dərslərin açılacağını nəzərə alsaq, vəziyyətin daha da gərginləşəcəyini deyə bilərik.

Metbuat.az xəbər verir ki, mövzu barədə təkliflərini verən nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirdi ki, paytaxtdakı bəzi məktəblərin daha yüksək prestijli hesab edilməsi səbəbindən şəhərin bu başından o başına uşaqların daşınması geniş yayılıb. Yaxşı olardı ki, məktəblərin heç olmasa ibtidai siniflər səviyyəsində mövcud təhsil standartlarına uyğun pedaqoji heyət, tədris prosesi təşkil olunsun. Bu zaman hər kəs uşağını ən yaxındakı məktəbə gətirməyə maraqlı olardı.


"Elə sistem qurulmalıdır ki, valideynlər uşaqlarını yaşadığı yerdən uzağda yerləşən məktəbə aparmaq məcburiyyətində qalmasınlar. Təmayüllü və özəl məktəblərdə isə məktəb avtobusları xidməti təşkil edilməlidir ki, uşaqlar tək-tək fərdi avtomobillərlə deyil, toplu halında avtobusla daşınsın. Biz bilirik ki, şəhərətrafı bəzi məskunlaşma ərazilərində hələ də ya məktəb yoxdur, ya da normal deyil. Ona görə də paytaxta giriş yolları şəhərə uşaq gətirən fərdi avtomobillərlə dolu olduğundan tıxaclar daha da şiddətlənir. Həmin ərazilərdə məskunlaşma səviyyəsinə uyğun normal məktəblər tikilməlidir ki, şəhərdəki məktəblərə gəlməyə zərurət qalmasın. Xüsusilə məktəblər və digər təhsil ocaqları istiqamətində işləyən ictimai nəqliyyata diqqət yetirilməlidir ki, şagird və tələbələrin marşrut avtobusları və metro ilə gəlib-getməsində çətinlik olmasın".

Ekspert qeyd etdi ki, yaxşı olardı ki, uzaqda yaşayan şagirdlər üçün məktəblərin bəzilərində dərslər 8.15-də və ya 8.30-da başlasın. Ərşad Hüseynov fikirlərinə onu da əlavə etdi ki, məktəblərin ətrafında dayanma, durma və parklamalara ciddi nəzarət olmalıdır. Elə edilməlidir ki, ən azı ikinci və üçüncü cərgələrdə dayanma və parklanma olmasın.

"Düşünürəm ki, qeyd etdiyim tədbirlər tıxacların yumşaldılmasına səbəb olar. Valideyn də gərəksiz vaxt itkisinə məruz qalmazlar" Ərşad Hüseynov belə qeyd edib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR