Əliyev BMT-dən dünyaya bu mesajları verdi:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatındakı çıxışı 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətin və şərtlərin dünyaya çatdırılması baxımından çox ciddi əhəmiyyət kəsb edir.”

Metbuat.az-a bu açıqlamasında AMEA Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə belə deyib. O qeyd edib ki, Azərbaycan Prezidentinin çıxışında bir çox məqamlar xüsusilə diqqət çəkirdi.


“Azərbaycan Respublikasının Prezidenti 44 günlük Vətən müharibəsi nəticəsində vaxtilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş qətnamələrin, o cümlədən, digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarların, qətnamələrin Azərbaycanın özü tərəfindən müzəffər Azərbaycan ordusu tərəfindən artıq yerinə yetirildiyini diqqətə çatdırdı. Bununla Prezident həm də Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin məcburi icra mexanizmlərinin formalaşdırılmalı olduğunu bir daha gündəmə gətirdi. Bu həmdə Azərbaycan Prezidentinin BMT-də islahatların dərinləşdirilməsi və zəruriliyi ilə bağlı dünya ictimaiyyətinə növbəti çağırışı, dünyadakı proseslərə ikili standartlardan yanaşan bəzi ölkələrin siyasi liderlərinə ustad dərsi hesab edilə bilərdi. Azərbaycan Prezidenti regionda yaranmış yeni şəraiti diqqətə çatdırmaqla bərabər həm də bir çox dünya dövlətlərini bəzi addımları atmaqdan çəkinməyə çağırdı. Bu addımlardan birincisi hələ də faşizmin hökm sürdüyü, Azərbaycanafob təbliğatın aparıldığı Ermənistanın silahlandırılmasından çəkinmədir”.

Elnur Kəlbizadənin sözlərin görə dövlət başçısının BMT-yə üzv olan dövlətlərdən müxtəlif ölkələrin ərazilərinin adlandırılması zamanı hüquqi qərarlara istinad tələbi Azərbaycanın beynəlxalq hüquqa sadiqliyini bir daha göstərir. Prezident artıq Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı hər hansı bir inzibati vahidin və yaxud qurumun mövcud olmadığını diqqətə çatdırdı.

Sitat: “Prezident İlham Əliyev yeni sərəncamla Şərqi Zəngəzur və Qarabağ bölgələrinin yaradıldığını diqqətə çatdırdı və dünya dövlətlərinə çağırış etdi ki, Azərbaycan əraziləri barədə danışarkən məhz hüquqi qərarlara istinad edilməlidir. Hüquqi adlandırmadan istifadə edilməlidir. Azərbaycan Prezidenti Qarabağ probleminin həllini, Azərbaycanın qələbəsini dünyanı narahat edən bir çox problemlərlə də əlaqələndirdi. Belə ki, bu gün dünyada əsas narahatlıq doğuran məqamlardan biri gələcəkdə təmiz enerji istehsalı, ekoloji və enerji təhlükəsizliyi məsələləri ilə bağlıdır. Dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın məhz bu narahatlıqları aradan qaldıracaq layihələr həyata keçirəcəyini diqqətə çatdırdı.

Ən mühüm məqamlardan biri də ondan ibarət idi ki, Azərbaycan Prezidenti dəfələrlə dünya mediasında eyni zamanda Azərbaycan ictimaiyyətinə müraciətlərində vurğuladığı bir fikri BMT tribunasından, dünya siyasi fikrinin ali tribunasından bir daha bəyan etdi. O, birmənalı şəkildə bütün dünya dövlətlərinin diqqətinə çatdırdı ki, Azərbaycanın ərazi bütövlüyünə, eyni zamanda Azərbaycan xalqının təhlükəsizliyinə qarşı hər hansı bir təhdid olacağı təqdirdə Azərbaycan çəkinmədən özünü ərazi bütövlüyünü müdafiə edəcəkdir. Öz xalqının təhlükəsizliyini təmin etmək üçün lazım olan bütün addımları çəkinmədən atacaqdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR