Prezidentin bugünkü açıqlaması Ermənistanın havadarlarına

“Prezident İlham Əliyev bu dəfə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə təhdid törədənlərlə bağlı şəhidlərin xatirəsi önündə açıq mesajlar verdi. Ali Baş Komandan bir daha qətiyyətlə bildirdi ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib, Qarabağ Azərbaycanın nəzarəti altındadır”.

Bu açıqlamanı Metbuat.az-a politoloq Züriyyə Qarayeva edib. Müsahibimiz bildirdi ki, İlham Əliyev bir daha qətiyyətlə vurğuladı ki, “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”. Siyasi şərhçi deyir ki, Prezidentin bu mesajı həm Rusiyaya, həm Fransaya, həm də İrana cavabdır.


“Prezident dolayı yolla çatdırdı ki, təxribatlara davam etsəniz müdafiə diplomatiyasından artıq hücum diplomatiyasına keçid edəcəyik. Bu dəfə dəmir yumruqla tək Ermənistan yox, havadarları da qarşılaşacaq. Əliyev deyir ki, “Anım Günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin!”. Bu mesaj daha çox Rusiyaya ünvanlanıb ki, bizim heçkimə güzəştə getmək fikrimiz yoxdu. Bu mesajlardan görünür ki, bu dəfə Cənab Prezident Ermənistanı hədəf almayıb və görünür ki, təxribatları törədən və şərait yaradan üçüncü tərəflərdir. Qısacası, mötəbər tarixi hadisənin ildönümündə, xüsusən müqəddəs ruhlar qarşısında verilən heç bir mesaj boş deyil və yaxın zamanda suverenliyimizin daha da möhkəmləndirilməsi istiqamətində çox şeyin şahidi ola bilərik”.

Züriyyə Qarayeva bu gün Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq Bakı şəhərində keçirilən yürüşə nəzər salaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdiriblər.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR