Ərdoğan -Putin görüşünün PƏRDƏARXASI DETALLARI:

Xəbər verdiyimiz kimi, Türkiyə və Rusiya prezidentləri Rəcəb Təyyib Ərdoğanla Vladimir Putin arasında Soçidə görüş baş tutdu.

Mətbuat konfransında Vladimir Putin Türkiyənin Qarabağ məsələsində müsbət roluna bu cümlə ilə işarə edib: “Qarabağdakı atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi aktiv şəkildə fəaliyyət göstərir və bölgədə sabitlik üçün ciddi zəmanətidir”.

Metbuat.az xəbər verir ki, mövzunu şərh edən siyasi şərhçi Asif Nərimanlı deyir ki, liderlərin qapalı müzakirədən öncəki açıqlamalarında Qarabağla bağlı da danışması bu məsələnin gündəm mövzularından olduğunu deməyə əsas verir.

"Görüşdən sonra açıqlamaların verilməməsi (Ərdoğanın “məhsuldar görüş” tvitini saymasaq) nəticələri proseslərin inkişafında axtarmağa məcbur edir: görüşün həm Suriya, həm də Cənubi Qafqazda proseslərə təsir edəcəyi isə şübhəsizdir; Görüşdə bizim maraqlarımız fonunda diqqətçəkən məqam Putinin Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin Azərbaycan-Ermənistan sərhədində atəşkəsə nəzarətdə də fəal işlədiyinə dair dedikləridir. Bunu Rusiyanın Qarabağda tərəf kimi qəbul etdiyi Türkiyəni Azərbaycan-Ermənistan sərhəd məsələsində də tərəf gördüyü kimi şərh etmək olar. Bu iki kontekstdə Bakının maraqlarına uyğundur:

Politoloq Elxan Şahinoğlu bu mövzu ilə bağlı bildirib ki, Kreml sahibi anlayır ki, Rusiya keçmiş illərdən fərqli olaraq bölgədə Türkiyənin maraqlarını nəzərə almadan hərəkət edə bilməyəcək.


"Ancaq Putin eyni zamanda Türkiyənin də Cənubi Qafqazdakı maraqlarıyla hesablaşmasını istəyir. Aydındır ki, Kreml Azərbaycanın və Türkiyənin maraqlarını tam şəkildə nəzərə almayacaq və bir görüşlə bütün suallara cavab vermək mümkün deyil. Buna baxmayaraq, Soçidə Türkiyə və Rusiya prezidentlərinin növbəti görüşü Azərbaycanın maraqlarına cavab verir. Bu görüşlərin mütəmadi keçirilməsi və liderlər arasında telefon danışıqları tərəflərin bir-birindən asılılığını artırır. Əlbəttə, hər iki dövlətin liderinin baxışlarında fərqlər də var, ancaq önəmli olan dialoqun davam etməsi və ortaq nöqtələrin tapılmasıdır".


“Atlas” Araşdırmalar Mərkəzinin Asiya və Sakit Okean ölkələri üzrə mütəxəssisi, politoloq Samir Hümbətov Metbuat.az-a bildirdi ki, Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında görüşdən bir gün öncə Türkiyənin Ulusal kanalına açıqlama verən Rusiya prezidenti Vladimir Putinin müşaviri və Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Dugin bildirib ki, Türkiyə Krımı Rusiya torpaqları kimi tanıyarsa, Rusiya da əvəzində Şimali Kipr Türk Cümhuriyyətini tanıya bilər.

"Hesab edirəm ki, Duginin bu ifadəsi vəziyyətin nədən ibarət olduğunu deməyə əsas verir. Yəni, Rusiya üçün Suriyadan da daha önəmlisi Krım məsələsidir və ona görə də bütün gücü ilə bu məsələdə Türkiyədən dəstək almağa çalışır".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR