Direktorun 67 müəllimi işdən çıxarması xəbəri haqda

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Humanitar Kollec 67 müəlliminin işdən çıxarılması ilə bağlı yayılan məlumat haqda açıqlama verib.

Metbuat.az xəbər verir ki, kollecin tədris işləri üzrə direktor müavini Kamran Məsimov “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Humanitar Kollec 2021-ci ildə publik hüquqi şəxs kimi qeydiyyatdan keçib: “Təhsil müəssisəsində 67 müəllimin işdən çıxarılması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Sözügedən təhsil müəssisəsində bununla bağlı bir sıra təşkilati dəyişikliklər həyata keçirilməkdədir.

Bu dəyişikliklər nəticəsində Kollecin işinin daha səmərəli və optimal qaydada təşkili məqsədilə bir sıra struktur bölmələri yenidən təşkil olunur və bu bölmələrdə çalışan müəllimlərə dərs saatları təklif edilir”.

K. Məsimovun sözlərinə görə, bundan əvvəl cəmi 1400 tələbəsi olan təhsil müəssisəsində dərs deyən müəllimlərin sayı 320 nəfər təşkil edib: “Bu da orta ixtisas təhsil müəssisələrinin müvafiq nümunəvi ştat cədvəllərində nəzərdə tutulmuş saylara uyğun deyil. Müəyyən edilib ki, Humanitar Kollecin müəllimləri arasında bəzi müəllimlər orta ixtisas müəllimlərdir ki, bu da qanunvericiliyin tələblərinə ziddir. Hal-hazırda struktur dəyişiklərin həyata keçirilməsi istiqamətində görülən işlər davam etdirilir”.

Xatırladaq ki, məlumata görə, çıxarılan müəllimlərdən 46-sı ali təhsilli müəllim, 21 orta ixtisas təhsilli şəxslər, 5-i isə şöbə müdirləridir. Müəllimlərin işdən çıxarılması ilə bağlı əmri kollecin direktoru Nərmin Qaralovanın verdiyi deyilirdi. İşlərini itirən müəllimlərin bu qərarın heç bir qanuna söykənmədiyini əsas gətirərək, hüquqlarının müdafiəsi üçün Birinci vitse-prezident Mehriban Əliyevaya və Ombudsman Aparatına rəsmi müraciət etdiyi bildirilirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR