Cənubi Qafqazın iqtisadi potensialı güclənəcək -

"Azərbaycan Hava Yolları"na məxsus təyyarələr Ermənistanın hava məkanı ilə uçmağa başlayıb. Regionda dayanıqlı sülhün formalaşması və iqtisadi əməkdaşlıq platformasının reallaşması üçün kommunikasiyaların paralel bərpası olduqca vacibdir".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı millət vəkili Vüqar Bayramov edib. Onun sözlərinə görə, qarşıdan növbəti addımların atılması da gözlənilir.


"Ermənistanın torpaqlarımızın bir hissəni uzun müddət işğal atlında saxlaması nəticəsində Cənubi Qafqaz iqtisadi potensialından tam olaraq istifadə edə bilməyib. Cənubi Qafqazın cəmi Ümumi Daxili Məhsulunun həcmi 79.2 milyard dollardır. Azərbaycan 48.05 milyard, Gürcüstan 17.48 milyard və Ermənistan 13.67 milyard dollarlıq ÜDM-ə malikdirlər. Zəfərdən sonra regionda formalaşan yeni düzən fonunda bölgədə dayanıqlı inkişaf və sülh üçün isə dəhlizlərin bərpası da qaçılmazdır. İnanırıq ki, növbəti addım “Zəngəzur Dəhlizinin” bərpası olacaqdır".

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti oktyabrın 6-dan etibarən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb. AZAL-dan verilən məlumata görə, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir:

"Bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir, bütün sərhəd dövlətlərin maraqlarına cavab verir. Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi uçuş vaxtının və yanacaq sərfiyyatını azaldacaq. Beləliklə, AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə aviaşirkət bəyan edib.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR