Ermənilərlə birgəyaşayış mümkündürmü? -

Sosial Tədqiqatlar Mərkəzi (STM) azərbaycanlılarla ermənilərin birgəyaşayışına və müharibənin yenidən başlamasına münasibəti öyrənmək üçün 603 respondent arasında sorğu keçirib.

Metbuat.az xəbər verir ki, sorğu zamanı müəyyən olunub ki, əhalinin mühüm bir hissəsi (66.2%) Qarabağın inzibati ərazilərində azərbaycanlılarla ermənilərin birgəyaşayışının heç zaman mümkün olmayacağını, 19.4% isə bir neçə ildən sonra mümkün ola biləcəyini düşünür. Cəmi 4.8% respondent hesab edir ki, bu, yaxın gələcəkdə mümkündür. O da məlum olub ki, ermənilərlə birgəyaşayışın mümkün olmayacağını bildirən gənclər digər yaş qrupundan olan respondentlərlə müqayisədə üstünlük təşkil edir.

Mövzu ilə bağlı Metbuat.az-ın sualını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli vurğuladı ki, Azərbaycanın artan təzyiqləri və Prezidentin son dönəmlərdə verdiyi bəyanatlar onu göstərir ki, ermənilərlə birgə yaşayışın məsələsiən aktual nüanslardan biridir:


“Qeyd edim ki, reallıqda bu proses yekunlaşmaq üzrədir. Hazırda Azərbaycan-Ermənistan arasında mülki münasibətlərin müxtəlif səviyyələri nəzərdən keçirilir. Qalib tərəf olduğumuzdan bu sülh müqaviləsinə gedən yolu da yavaş-yavaş keçib qurtarmalıyıq. Bir il ərzində çox şey dəyişib.Keçmiş statistikaya nəzər salsaq Azərbaycanda Bakı şəhərində 20 min erməni yaşayırdı. Yəni bu o deməkdir ki, əslində birgəyaşayış mümkün olub. Yeganə mümkün olmayan istiqamət Qarabağ bölgəsi idi ki, burada separatizminin alovlanması və bir növ həmin o zəhərin separatçılar tərəfindən həm azərbaycanlıların həm də ermənilərə doğru yönəldilməsi səbəbindən prosess mümkün olmurdu. Bildiyiniz kimi, 1992-ci ildə Xocalı hadisələrindən sonra, ermənilər düşünürdülər ki, Azərbaycan xalqı onların bu dəhşətli hərəkətlərindən sonra qisas hissi ilə yaşayacaqdır. Amma hər halda reallıq bir qədər fərqlidir”.

Əziz Əlibəyli bildirdi ki, Qafqazın artıq diktə eliyən ölkəsi Azərbaycandır. Ermənilərin Azərbaycana adaptasiyasını təşkil etmək üçün müvafiq olaraq Azərbaycanın internetindən, telefon rabitəsindən, yayım tezliklərindən istifadə olunmalıdır və digərlərinə imkan verilməməlidir. Politoloq qeyd etdi ki, digər ciddi məsələ bundan ibarətdir ki, bölgə Qarabağ iqtisadi rayonu ərazisinə aiddir. Yəni Azərbaycan hakimiyyəti tərəfindən mərkəzləşdirilmiş idarəetmə orqanına tabe edilməlidir ki, bu da həyata keçirilsin.Azərbaycan vətəndaşları qanunvericiliyimizdə nəzərdə tutulan hüquqlardan nə formada istifadə edirsə, bizim erməni əsilli vətəndaşlarımız da həmin hüquqlardan istifadə edə bilməlidir. Azərbaycanın pensiya təminatı, sosial təminatlar məsələsindən onlar da yararlanmalıdır”.

“Burada çoxlu sayda faktorları var. Bunlardan biri də xarici güclərin Qafqaza müdaxiləsinin qarşısını almaqdır. Hesab edirəm ki, məhz bu baxımdan Azərbaycan Ermənistan birgə sülh müqaviləsindən sonra, hər iki ölkənin ərazisində xalqların birgəyaşayışına başlanmalıdır. Bölgədəki ermənilərlə Ermənistan arasındakı münasibətləri Azərbaycan ciddi şəkildə nəzarətdə saxlamalı və yönləndirməlidir. Bu dünya praktikasında olmuş bir hadisədir və düşünürəm ki, burada diktə edən biz tərəf olduğumuzdan daimi erməni tərəfi də o təhlükəsizlik məsələsi nöqteyi nəzərindən öz təsir edəcək saxlayacağıq yəni əvvəlki proseslər olmayacaqdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR