İrana bu dəfə zərbə Paşinyandan gəldi:

İran Zəngəzur dəhlizinə alternativ layihədə iştirak etmək niyyətini açıqlayıb.Bu barədə İranın yol və şəhərsalma naziri Xeyrullah Hatəmi açıqlama verərək bildirib ki, İrəvan 21 km-i Azərbaycanın nəzarətində olan Gorus-Qafan yoluna alternativ olaraq İrandan Gürcüstana yeni tranzit yol çəkmək istəyir. Hatemiyə görə mümkün olduğu qədər tez bir zamanda Azərbaycan ərazisindən keçməyən alternativ yol yaradılmalıdır. Bu, ermənilərin maraqları üçün də vacibdir.

Bəs İran belə bir addım atmaqla nəyə nail olmaq istəyir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Asif Nərimanlı bildirdi ki, bu layihə əvvəldən mövcud idi, lakin İran bahalı işə pul yatırmaq istəmirdi:


“İndi rentabelli olmasa belə, bu layihəyə dəstək verməyə hazırlaşırlar. Məsələ ondadır ki, İran Ermənistan vasitəsilə Gürcüstan limanlarına çıxmaq istəyir. Bu, İranın Zəngəzur dəhlizi vasitəsilə nəzərdə tutulan böyük tranzit xəttinə “alternativi”dir. Hatəmi bununla İran-Ermənistan maraqlarının ortaq olduğunu, Tehranın Bakıya qarşı oynadığını açıq şəkildə ifadə edir”.

Asif Nərimanlı qeyd edib ki, İranın nail olmaq istədiyi bir neçə hədəfi var:

“Birincisi, alternativ təqdim etməklə Ermənistanın Zəngəzur dəhlizinə qarşı əlini gücləndirir və reallaşmamasını təmin etməyə çalışır. İkincisi, bölgədə Moskva və Ankaranın qarantı olduğu şərtləri dəyişdirə biləcəyini düşünür. Üçüncüsü, Tehran Avropaya çıxışda Türkiyə marşrutundan xilas olmaq istəyir.Ancaq məsələ bundadır ki, həm Gorus-Qafan tranzit yoluna alternativlər, həm də Ermənistandan Gürcüstana yol dağlıq ərazilərdən keçir. Bu marşrut külli miqdarda vəsait deməkdir”.

Müsahibimiz onu da bildirdi ki, avqustda Tehrana səfər edən Paşinyanın sentyabrda Tiflisə apardığı təkliflərdə bu idi, lakin Gürcüstanın siyasi addımları və sərgilədiyi mövqe İranın istəyinə isti baxmadığını deməyə əsas verir:

“Bu prosesdə Paşinyanın Tehranı necə aldatdığı aydın görünür. Ermənistan Tehranın düşdüyü vəziyyətdən istifadə edərək, daxili Şimal-Cənub magistral xəttini (Gorus-Qafan yoluna alternativ) iranlıların pulu ilə həll etmək istəyir, hərçənd, Zəngəzur dəhlizinin açılmasına məcbur olduğunu özü də anlayır. Paşinyanın oktyabrın 12-də Moskvada Putinlə görüşündə də bu məsələ üzərində həlledici qərarın veriləcəyi gözləniləndir: Putin Nikolu Soçi görüşündə Ərdoğanla anlaşmanın icrası üçün dəvət edir; İranda da proseslərin inkişafını anlayanların olması şübhəsizdir, buna rəğmən, “va-bank” gedirlər: Bakıya qarşı hər şey mübahdır prinsipi”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR