x
Loading...
.

Moskvada İrana hücum planı müzakirə ediləcək: Putinin cavabı hər şeyi dəyişəcək

"İranın ən yaxın müttəfiqi Rusiyadır. Yəni İran daxilində nüvə bazalarını məhv etmək, həm də Rusiyanı qarşıya almaq deməkdir. Düşünürəm, Benneti Soçiyə aparan əsas səbəb də məhz budur".

Bu fikirləri Metbuat.az-a politoloq Samir Hümbətov İsrail Baş naziri Naftali Bennett oktyabrın 22-də Soçiyə səfərinin məqsədini şərh edən zaman deyib. Siyasi şərhçi deyir ki, Bennet Putini inandırmağa çalışacaq ki, İran artıq onun özü üçün də potensial təhdiddir və bu təhdid dayandırılmalıdır. Düzdür, Rusiya üçün İran heç bir zaman təhdid olmasa da etiraf etmək lazımdır ki, İranın nüvə silahı əldə etməsi Kremlin də ürəyincə deyil.


"Təsadüfi deyil ki, mövcud Azərbaycan-İran gərginliyi fonunda İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla Moskvada görüşəndən sonra keçirilən mətbuat konfransında İranın sərhədləri yaxınlığında “sionist və terrorçu” məsələsinə Rusiyanın münasibət bildirəcəyini gözlədiyi halda əvəzində isə tamamilə fərqli bir reaksiya ilə qarşılaşdı. Lavrov Qarabağda atəşkəs əldə edilməsində Kremlin rolunu bir daha xatırladıb, Cənubi Qafqazın hələ də Rusiyanın təsir dairəsində olduğunu birbaşa elan etdi. İran əvvəlcədən hazırlanmış suala Rusiyanın kəskin etirazını almaqla, heç olmasa, ictimai müstəvidə informasiya təbliğatını aparmağa ümid edirdi. Lakin Tehran Kremlin sərt cavabı ilə son ümidini də beləcə itirdi. Göründüyü kimi, Rusiya da öz növbəsində İrandan narazıdır".

Samir Hümbətov deyir ki, mümkündür ki, İsrail də Kremlin Tehrandan narazılığını sezib. Bəs Bennet Putinlə görüşdə hansı xahişləri edəcək?

"Bennet ilə Putinin görüşündə İran məsələsinin başlıca müzakirə mövzusu olacağı bəllidir. Bennet ən yaxşı halda Putindən İsrailin İrana məxsus nüvə bazalarını vurması üçün razılıq əldə etməyə çalışacaq. Lakin Təl-Əviv də bunun qarşılığında Kremlə vədlər verməlidir. Ehtimal ki, Təl-Əviv bu istiqamətdə Rusiyaya 3 vəd verə bilər. Birincisi, İsrail Rusiyanı əmin edəcək ki, o İranı parçalamaq və ya mövcud rejimi devirmək yox, məhz konkret nüvə obyketlərini məhv etmək istəyir. İkincisi, İsrailin İrana qarşı atacağı bütün addımları Kremllə məsləhətləşməli və Kremlin cəkəcəyi həddi keçməməlidir. Üçüncüsü, İranla bağlı vədlər qarşılığında Təl-Əviv də Suriya məsələsini Kremlə güzəştə gedə bilər. Yəni ən azından İsrail qırıcıları və PUA-ları Əsəd qüvvələrini bombardman etməyi dayandıra bilər".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR