x
Loading...

Bakı erməniləri BUNA GÖRƏ qaytardı: Ərdoğanın səfərindən sonra... - Soçidə nələr razılaşdırılıb?

"Bakının beş ermənini təhvil verməsi fonunda İrəvanın son günlər mövqeyində müşahidə olunan bəzi dəyişikliklər diqqət çəkir".

Bu açıqlamanı Metbuat.az-a siyasi şərhçi Asif Nərimanlı bildirib. Müsahibimiz deyir ki, burada birinci dəyişiklik Ermənistan MN-nin ombudsman Armen Tatoyanın sərhəddə Azərbaycanın təxribatları ilə bağlı iddiasını təkzib etməsidir:


"Tatoyan Arazdəyən kəndi istiqamətində Azərbaycan ordusunun mülki əhaliyə qarşı təxribat törətdiyini, o cümlədən, Geqarnukla sərhəddə mühəndislik işləri apardığını, şəxsi heyətin sayını artırdığını, yolların inşa edildiyini və bütün bunların təxribat hazırlığı olduğunu iddia edirdi. Ermənistan MN Tatoyanın iddiasını reallıqdan uzaq və şişirdilmiş adlandırdı. Bu təkzib erməni cəmiyyətinin sakitləşdirilməsinə də hesablanıb, hərçənd, İrəvanın Bakı ilə indi qarşıdurmaya getmək istəməməsindən də xəbər verir. İkincisi, Ermənistan tərəfi Qarabağda yaralanan 6 erməni terrorçu ilə bağlı məsələnin üzərinə getmədir. Rusiya MN-nin reaksiyası da sakit oldu. Üçüncüsü, Moskvada Putinlə görüşdən sonra MDB iclasında çıxış edən Paşinyan Zəngəzur dəhlizinin (Naxçıvanla kommunikasiya əlaqəsinin yaradılması) açılmasına razı olduqlarını açıq şəkildə dilə gətirdi.

Asif Nərimanlı bildirdi ki, burada dördüncü məsələ odur ki, son bir neçə gündə Ermənistanın hakim partiyasının deputatlarının Qarabağa dair fikirləri diqqət çəkir. Erməni deputatlardan Viqen Xaçatryan bildirib ki, “Ermənistanın Qarabağsız gələcəyi yoxdur fikrini irəli sürmək təhlükəlidir, əsas məqsəd Ermənistan olmalıdır, Qarabağ yox. Bu ərazilərin Ermənistan ərazisi olduğunu ilə bağlı heç bir söhbət gedə bilməz, məsələ “bu insanların həyatı Azərbaycanın tərkibində təhlükəlidirmi” şəklində qoyulmalıdır. Siyasi şərhçinin sözlərinə görə, digər bir deputat Qaqik Melkonyan isə deyib ki, “Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatçısı Ermənistan yox, Rusiyadır, orada nə baş verir sualının cavabı da Rusiya səfirliyindədir”. Paşinyanın komandasından olan deputatların belə fikirləri rəsmi İrəvanın Qarabağa dair real mövqeyi hesab oluna bilər, sadəcə olaraq, erməni cəmiyyətinin nəbzinə uyğun daha ehtiyatla ictimaiyyətləşdirilir.

Asif Nərimanlı onu da qeyd etdi ki, müşahidə olunan bu proseslərin bir-birinə bağlı iki mümkün səbəbi var:

"Birincisi, sülh sazişi üzərində müzakirələr aparılır, xüsusilə Soçi görüşündən sonra proses daha aktiv şəkil alıb. Cari prioritet kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşməsidir. İkincisi Paşinyan hakimiyyəti Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir və ermənilərin etirazını məsuliyyəti Rusiyanın üzərinə yükləməklə neytrallaşdırmağa çalışır. Bu kontekstdə ermənilərin bir qisminin İrəvana təhvil verilməsi proseslərin Bakının istəyinə uyğun məcrada inkişaf etdiyi və beş erməninin də atılacaq (yaxud atılmış) addımların qarşılığında verildiyi ehtimalını ön plana çıxarır" deyə Asif Nərimanlı vurğulayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR