Məzahir Pənahov Özbəkistanda prezident seçkilərini izləyəcək

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 24-də Özbəkistanda keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə Daşkəndə səfər edəcək.

Bu barədə Metbuat.az-a MSK-dan məlumat verilib.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayevin dəvətinə əsasən reallaşan səfər çərçivəsində M.Pənahovun özbəkistanlı həmkarı ilə yanaşı, digər rəsmi şəxslərlə görüşlər keçirməsi, seçkilərlə bağlı müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Azərbaycan Mərkəzi Seçki Komissiyasının digər təmsilçiləri, həmçinin Türk Şurası, ATƏT/DTİHB və MDB-nin tərkibində də beynəlxalq müşahidəçi qismində sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

MSK nümayəndələri səsvermə günü paytaxt Daşkənddə və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR