Bakı Şəhər İcra Hakimiyyətindən reklam şirkətlərinə zərbə -

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) şəhərdə quraşdırılan özəl şirkətlərə məxsus reklam lövhələrini əsas göstərilmədən sökür.

Bu barədə Metbuat.az-a şikayət daxil olub. Sahibkarın sözlərinə görə, Bakı Şəhər İcra hakimiyyəti paytaxt ərazisində quraşdırılan reklam lövhələrini qanunsuz olaraq sökməyə başlayıb. Bununla bağlı sahibkarlar hətta yuxarı instansiyalara şikayət etsələr də onların problemi hələ ki, araşdırılma mərhələsindədir.

Sahibkar Metbuat.az-a onu da bildirdi ki, reklam qurğularının sökülməsi nəticəsində ona böyük miqdarda maddi zərər dəyib. Belə ki, müştərilərlə mövcud müqavilələr çərçivəsində götürülmüş öhdəliklər yerinə yetirilməsi mümkünsüz edildiyi üçün sözügedən şirkətlər külli miqdarda maddi itkilərlə üzləşmiş, şirkətlərin nüfuzuna ciddi xələl dəymiş, onların iflasına yol açmışdır.

Problem ilə əlaqədar Metbuat.az-a açıqlama verən Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Azəri bildirdi ki, məsələ hətta oktyabrın 19-da Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi, İctimai Şuranın təşkilatçılığı ilə Azərbaycanda reklam bazarı, mövcud vəziyyət, perspektivlər mövzusunda keçirilən forumda da geniş müzakirə olunub. Agentlik sözçüsü qeyd etdi ki, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi həmin tədbirdə iştirak edirdi.

“Sahibkarlar bildirdilər ki, problem ilə əlaqədar Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə müraciət ediblər. Hazırda bu məsələyə baxılır. Dövlət Reklam Agentliyi açıq məkanda reklamların hazırlanması, yayımlanması sahəsində vahid tənzimləmə nəzarəti həyata keçirir. Sahibkarlar açıq məkanlarda reklamlarını yerləşdirməzdən əvvəl Dövlət Reklam Agentliyindən icazə alırlar. Hətta icazalərin alınması zamanı şəffaflığın təmini üçün onlayn icazələr sistemi də yaradılıb. Nəticədə sahibkarların vaxt sərfini azaldılır. Bütün bu proseslər də qanunauyğun şəkildə aparılır.”

Hüseyn Azəri onu da bildirdi ki, əgər sahibkarlar belə bir problemlərlə üzləşirlərsə onlar məhkəməyə müraciət etməlidirlər. Bu halda məhkəmə qərar çıxarsa ki, həmin reklam qurğuları sökülməlidir, o zaman sökülə bilər”.


Şikayət olunan Bakı Şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etsək də, metbuat katibi Mətin Hüseynov nə zənglərimizə, nə də mesajlara cavab vermədi.

Qeyd edək ki, BŞİH-də Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbəri Rafael Mehralıyevin Bakı şəhəri ərazisində yerləşən bütün Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliklərinə ünvanlanmış səs yazısı redaksiyamıza daxil olub.

Həmin səsdə Rafayel Mehralıyev deyir ki, siyahıda olan reklam şirkətlərinin sahibkarlarına xəbərdarlıq edilsin ki, 72 saat müddətində həmin reklamlam lövhələrini sökməsələr hamısını özləri sökəcəklər.

Bakı Şəhər İcra Hakimiyyətinin məsələ ilə bağlı sorğumuza cavabı olarsa işıqlandırmağa hazırıq.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR