Növbəti devalivasiya HƏYƏCANI: Yanvardan dollar 2 manat olacaq? -

“Hazırda manatın alıcılıq qabiliyyətində olan mənfi tendensiya onun dəyərdən düşməsinin əsas göstəricilərindən biridir”.

Bu açıqlamanı Metbuat.az-a özəl olaraq iqtisadçı-ekspert Eldəniz Əmirov edib. Ekspert deyir ki, istənilən valyutanın dəyərdən düşməsi və ya dəyər qazanması bilavasitə həmin valyutanın alıcılıq qabiliyyətinin zəifləməsi ilə və yaxud da onun güclənməsi izah olunur. Məsələyə bu konteksdən yanaşdıqda görürük ki, manat son günlər müəyyən qədər dəyər itirir.


“Ümumi olaraq, məhz manatın dəyərdən düşməsi onun alıcılıq qabiliyyətinin aşağı enməsiylə müşayiət edilir. Misal üçün deyək ki, bir şəxsin aldığı X manat əmək haqqı ilə bir il öncə etdiyi alış-verişi bu ay həmin əmək haqqı ilə edə bilmirsə, bu artıq manatın dəyər dəyişməsinin mənfi istiqaməti haqqında bir məlumatdır. Yəni, X əmək haqqı ilə eyni miqdar alış-veriş edə bilmirsə, bunu dəyərdən düşmə göstəricisi kimi qəbul etmək olar. Yox əgər həmin həcmdə alış-veriş sonrası əlində artıq manat qalırsa, bu milli valyutanın dəyər qazanma anlamına gəlir“.

Cəmiyyətdə son günlər növbəti devalivasiya həyəcanı ilə bağlı yaranan şaiələrin əsası varmı? Xüsusəndə yanvardan dolların 2 manat olacağı ilə bağlı xəbərlər nə qədər düzgündür?

Eldəniz Əmirov bu sualımıza cavab olaraq bildirdi ki, düşünmür ki, yaxın müddətdə devalvasiya baş versin.


“2021-ci ilin dövlət büdcəsi təsdiq olunan zaman fiskal və monitar siyasətin daha koordinasiya olunmuş şəkildə idarəsi və makroiqtisadi tarazlığa nail olunması məqsədilə mütləq şəkildə milli valyutanın məzənnə stabilliyini önəm verilməsi öz təsdiqini tapmışdı. Buna görə də hökümətin 2021-ci ilin sonuna qədər devalvasiyaya gedəcəyini düşünmürəm.

O ki qaldı 2022-ci ildə devalivasiyanın baş verməsinə, düşünürəm ki, devalivasiyanın verə biləcəyi fayda, zərərlərindən çox azdır. Başqa sözlə, devalivasiyanın mənfi təsirlərini aradan qaldırılması, devalivasiya olmadan iqtisadi idarəetmə həyata keçirmək daha çətin olar. Düşünürəm ki, bunu aidiyyatı qurumlar da gözəl anlayır və buna görə də neft qiymətlərinin 80 dollar ətrafında və daha yuxarı olduğu müddət ərzində “devalivasiya yolu” seçilməyəcək. Çünki, hazırda Azərbaycanın valyuta ehtiyatları və maliyyə resursları imkan verir ki, devalvasiya olmadan belə iqtisadi aktivliyin və makroiqtisadi tarazlığın qorunub saxlanılmasına nail olunsun".

Ekspert qeyd etdi ki, devalivasiyaya getməyin öz müsbət tərəfləri də vardı. Bu ölkəyə turist axınını stimullaşdırmağa, eyni zaman da ixrac yönlü sahələrin rəqabət qabiliyyətinin artırılmasına dəstək vermiş olur.


“Lakin pandemiya səbəbindən bütün dünyada olduğu kimi Azərbaycanda da turizm sektorunda vəziyyət ürəkaçan deyil. Eyni zaman da Azərbaycanın ixrac payında neft və neft məhsullarının xüsusi çəkisinin hədsiz böyük olması, ixraca yönəlik qeyri-neft sahələri üzrə istehsal həcmlərinin kifayət qədər deyildir. Deməli, devalivasiyanın müsbət təsir edə biləcəyi sahələrin hər ikisində qeyd etdiyim vəziyyət devalivasiyadan yararlanmağa imkan verəcək vəziyyətdə deyil. Odur ki, neft qiymətlərinin kəskin enməsi və uzunmüddət aşağı səviyyədə qalması, tədiyyə və ticarət balanslarında mənfi saldo təhlükəsinin yaranması və eləcə də turizm sektorunda inkişafın vüsət alması halları baş verməyincə devalivasiyaya getmək Azərbaycan iqtisadiyyatı üçün ciddi zərərlərlə müşayiət edilə bilər“.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR