İmişlidə narkotik satan dəstə üzvləri saxlanılıb

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən üç nəfər şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Ramil Şirinov, Xubyarlı kənd sakini Habil Quliyev və Məhəmmədli kənd sakini Nərgiz İsmayılova sonuncuya məxsus evdə olan zaman tutulub.

N.İsmayılovaya məxsus evə keçirilən baxış zamanı oradan satış məqsədilə sellofan bükümlərdə qablaşdırılan psixotrop maddə metamfetamin, heroin və marixuana aşkar edilərək götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, R.Şirinov və H.Quliyev narkotik maddələri əvvəlcə N.İsmayılovanın yaşadığı evə gətirərək burada sellofan bükümlərdə qablaşdırır, daha sonra isə rayon ərazisində satışını həyata keçirirlər.

Hər üç şəxs bundan əvvəl də narkotik maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduqları üçün məhkumluq həyatı yaşayıblar.

Faktla bağlı İmişli RPŞ-inin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR