​İtaliya Parlamentində azad olunmuş ərazilərimizdəki yenidənqurma və bərpa işləri bağlı müzakirələr olub

Zəfər Gününün İtaliyada qeyd edilməsi çərçivəsində İtaliya Respublikası Deputatlar Palatasının binası olan Montecitorio sarayında tədbir keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirdə İtaliya Respublikası Deputatlar Palatasının sədr müavini Ettore Rosato, İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi, İtaliya Parlamentində Parlamentlərarası İttifaq yanında İtaliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi, Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri, millət vəkili Azər Kərimli çıxış ediblər.

Vətən müharibəsinin başa çatması və Azərbaycan ərazilərinin işğaldan azad olunmasından ötən bir il müddət ərzində həmin ərazilərdə həyata keçirilən geniş bərpa və yenidənqurma prosesi, bu qısa dövrdə əldə olunan yüksək nəticələr, işğal vaxtı həmin ərazilərə yerləşdirilmiş çoxsaylı minaların səbəb olduğu ağır humanitar fəsadlar, Azərbaycan-İtaliya strateji tərəfdaşlığının daha da gücləndirilməsi istiqamətində atılan addımlar, azad olunmuş ərazilərdəki bərpa və yenidənqurma layihələrinə italyan şirkətlərinin cəlb olunması kimi mövzular tədbirin əsas müzakirə mövzuları olub.

İtaliya Deputatlar Palatasının sədr-müavini E.Rosato Vətən müharibəsindən dərhal sonra İtaliya parlamentində təmsil olunan aparıcı partiyaların üzvlərindən ibarət senator və deputatların daxil olduğu nümayəndə heyətinin rəhbəri kimi Azərbaycana səfəri ilə bağlı xatirələrini bölüşüb, səfərin işğal vaxtı həmin ərazilərdə sistematik olaraq həyata keçirilmiş dağıntıların, ərazilərin viran edilməsinin şahidi olduqlarını və səfərin məsələ ilə bağlı həqiqətlərin İtaliya ictimaiyyətinə çatdırılmasındakı önəmini vurğulayıb. İtaliya ilə Azərbaycan arasında dərin bağların olduğunu, Azərbaycanın İtaliya üçün vacib tərəfdaş olduğunu deyən E.Rosato iki ölkə arasında tərəfdaşlığın daha da gücləndirilməsi və Azərbaycanın haqq səsinin hər zaman çatdırılmasına dəstək verməyə hazır olduğunu bildirib.

İtaliya Parlamentində İtaliya-Azərbaycan parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi və İtaliya-Azərbaycan parlamentlərarası Dostluq Qrupunun sədri senator Stefano Luçidi Azərbaycanın dostu olan çoxsaylı italyan parlamentarları tərəfindən Vətən müharibəsi günlərində və ondan sonra keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bölgədəki vəziyyət barədə İtaliya siyasi çevrələrində və ictimaiyyətində düzgün fikrin formalaşdırılması istiqamətində aparılan işlər barədə danışıb, münaqişənin bitməsini və bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində Azərbaycanın atdığı mühüm addımları, habelə ölkəmizin zəngin multikultural ənənələrini təqdir ediblər. Bölgədə vəziyyətin sabitləşməsinin Azərbaycan-İtaliya strateji tərəfdaşlığının gücləndirilməsi və şaxələndirilməsi üçün də geniş perspektivlər açdığını bildirən italyan parlamentarlar, bunun italyan şirkətlərinin işğaldan azad olunmuş ərazilərdəki bərpa və yenidənqurma işlərinə cəlb olunmasından tutmuş, iqtisadiyyatın müxtəlif sektorlarında, habelə mədəniyyət, humanitar, təhsil, elm-texnologiya sahələrində yeni əməkdaşlıq imkanları yaratması barədə danışıblar. Bu mövzulara 18 oktyabr Azərbaycanın dövlət müstəqlilliyinin bərpasının 30 illiyi münasibətilə İtaliya Senatında keçirilmiş mətbuat konfransında da geniş şəkildə toxunulduğunu qeyd ediblər.

Tədbirdə çıxış edən Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun sədri, millət vəkili Azər Kərimli İtaliyaya hazırkı səfərinin Zəfər Günü münasibətilə Romada keçirilən tədbirlərdə iştirak etməklə bağlı olduğunu bildirib. İşğal illərində, Vətən müharibəsi günlərində və ondan sonra çoxsaylı italyan parlamentarları tərəfindən Azərbaycanın haqlı mövqeyinə verilmiş dəstək bəyanatlarını, müharibənin başa çatmasından sonra Deputatlar Palatasının sədr müavini Ettore Rosato və Senatın xarici əlaqələr daimi komissiyasının sədri Vito Petroçellinin rəhbərliyi ilə iki nümayəndə heyətlərinin Azərbaycanın işağaldan azad edilmiş ərazilərinə və Vətən müharibəsi vaxtı Ermənistanın ağır artilleriya silahlarının əsas hədəflərindən biri olmuş və çoxsaylı azərbaycanlı mülki şəxsərin qətlə yeitirldiyi Gəncə şəhərini ziyarət etmələrinin və həmin ərazilərdən, eləcə də İtaliyaya qayıtdıqdan sonra verdikləri bəyanatların Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib. A.Kərimli bu günlərdə də İtaliyanın çoxsaylı parlamentarlarının Zəfər Günü və Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə çoxsaylı təbrik məktubları göndərdiklərini vurğulayıb və bu xüsusda, öz təşəkkürünü bildirib. Azərbaycan-İtaliya strateji tərəfdaşlığının daha da gücləndirilməsi üçün geniş imkanların mövcudluğundan, işğal olunmuş ərazilərdəki bərpa və yenidənqurma işlərinə italyan şirkətlərinin cəlb olunmasından və bu istiqamətdə işin davam etdirilməsindən danışıb.

Ardınca millət vəkili A.Kərimli ilə İtaliya Senatının insan hüquqlarının müdafiəsi və təşviqi üzrə fövqəladə komissiyasının sədri, senator Corcio Fede arasında görüş keçirilib. Görüşdə həm birinci, həm də ikinci Qarabağ müharibəsi zamanı Ermənistanın insan haqqlarını kobud şəkildə pozması, 30 ilə yaxın müddətdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini hərbi işğal altında saxlaması, istər Ermənistan ərazisində, istərsə də işğal olunmuş ərazilərdəki bütün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməsi, 1 milyondan çox azərbaycanlını öz yurd-yuvasından didərgin salması, insanlığa qarşı çoxsaylı müharibə cinayətləri törətməsi bildirilib. Bu xüsusda, Ermənistan tərəfindən Xocalı soyqırımının törədilməsi, Vətən müharibəsi günlərində döyüş bölgələrindən çox uzaq məsafədə yerləşən Azərbaycan ərazilərində mülki əhalinin ballistik raketlərlə hədəfə alınması, onlara qarşı fosforlu bombalardan istifadə edilməsindən və bunun səbəb olduğu ağır nəticələrdən və çoxsaylı insan tələfatlarından danışılıb. 30 illik işğal dövründə Ermənistanın Azərbaycan ərazilərini viran qoyduğu, həmin əraziləri yerlə-yeksan etdiyi, Azərbaycanın tarixi-mədəni irsinə qarşı soyqırım, ərazinin təbiətinə qarşı ekoloji terror həyata keçirdiyi və həmin əraziləri dünyanın ən çox minalanmış ərazilərindən birinə çevirdiyi və mina partlayışlarının çoxsaylı mülki azərbaycanlıların qətlinə və ağır yaralanmasına səbəb olduğu qeyd olunub. Ermənistan tərəfinin minalanmış ərazilərin düzgün xəritələrinin Azərbaycana təqdim etməkdən imtina edərək beynəlxalq hüquq normalarını pozmağa davam etdiyi vurğulanıb.

Təqdim edilmiş məlumatlara görə təşəkkür edən senator C.Fede uzun illər ərzində torpaqlarından məhrum olunmuş azərbaycanlıların yaşadıqları çətinliklərə görə təəssüf hissini ifadə edib, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının həmin şəxslərin öz evlərinə qayıtması, ümumilikdə bölgədə uzunmüddətli sülhün təmin edilməsinə böyük töhfə verəcəyini arzuladığını bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR