Döyüşlər yenidən başlaya bilərmi? -

"Moskvanın döyüşlərə müdaxilə edəcəyi gözlənilən idi, lakin proseslərin inkişafında diqqət çəkən məqamlar var".

Metbuat.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Asif Nərimanlı deyib. Ekspert həmin məqamlar barədə danışaraq bildirdi ki, Avropa İttifaqı atəşkəs çağırışı üçün Rusiyadan daha tez hərəkətə keçdi.

"Bildirim ki, Rusiya bir qədər gözləmə mövqeyində qaldı.Putin ənənəsinə xilaf çıxaraq, Əliyev və Paşinyana atəşkəs üçün zəng etmədi.Mişelin zəngi Aİ-nin sərhəd məsələsində Azərbaycan və Ermənistana əvvəlki vasitəçilik təklifindən qaynaqlanırdı və Brüssel baş verənləri bu təklifi gündəmə gətirmək üçün fürsət bildi. Mişel İrəvan və Bakıya zəng edəndə Moskva “tərəflər arasında vasitəçi ola bilərik” açıqlamasını verdi. Belə görünürdü ki, Rusiya Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun adekvat addımlarından, belə demək mümkünsə, Paşinyanı “ağıllandırmasından” məmnun idi".

Asif Nərimanlı xatırlatdı ki, Moskva İrəvanın yardım çağırışlarından sonra dövriyyəyə girdi. İstisna deyil ki, Ermənistan atəşkəsin əldə edilməsi qarşılığında sərhəd və kommunikasiyanın müzakirə ediləcəyi danışıqlara gəlməyə razılaşıb. Ekspert bildirdi ki, yalnız bundan sonra Şoyqu Həsənov və Papikyanla danışdı və atəşkəs əldə olundu.

"Atəşkəsin bağlanmasından sonra Paşinyan Putinlə danışdı: İrəvanın təşəbbüsü ilə baş tutan telefon görüşündə sərhədlə yanaşı, Moskvanın qurmaq istədiyi, Nikolun əvvəlcə imtina etdiyi üçtərəfli masanın da müzakirə edildiyi istisna deyil. Diqqətçəkən məqam odur ki, Bakı-Moskva xəttində telefon müzakirəsi olmadı. Bu, Bakı və Moskvanın gündəliyinin eyni olduğu fikrini önə çıxarır".

Bəs, döyüşlərin nəticəsi necə oldu?

"Burada iki məqam da diqqət çəkir. Birincisi, atəşkəs olsa da, Paşinyan “ümumi vəziyyətin son dərəcə gərgin olaraq qaldığını” deyir. Atəşkəsin əldə edilməsi haqqında Ermənistan və Rusiya tərəfindən fərqli olaraq, Azərbaycan rəsmi məkumat yaymayıb. Həsənovun Şoyqu ilə danışıqdan sonra Hulusi Akarla müzakirə aparması və Akarın “Türkiyə Azərbaycanın yanındadır” açıqlamasına bu kontekstdə də baxa bilərik. Bu, əldə olunan atəşkəsin kövrək olduğu deməkdir. Mümkündür ki, Bakının atəşkəsin əldə olunması üçün şərtləri var və bu şərtlərin yerinə yetirilməsini gözləyir. Hər şey Ermənistanın davranışından asılı olacaq" deyə Asif Nərimanlı fikrini tamamlayıb.

Gülbəniz Hüseynli /Mətbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR