Mütəxəssis: "Hamiləliyin 16-cı həftəsindən döldə ürək qüsurlarının diaqnostikası aparıla bilər"

"Hamiləlik həm qadın orqanizmi, həm də inkişaf edən uşaq orqanizmi üçün ciddi stress faktorudur. Hamiləliyin fərqli dövrlərində ürək qüsurları formalaşa bilər. Artıq hamiləliyin 16-cı həftəsindən etibarən fetal exokardioqrafiya metodunun köməkliyi ilə döldə ürək qüsurlarının diaqnostikası aparıla bilər".

Metbuat.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (uşaq kardioloqu) Elnur Həsənov deyib.

Onun sözlərinə görə, bu metodla müayinənin ideal aparılma vaxtı 16-24-cü həftələr arasıdır, amma bütün hamiləlik periodunda aparıla bilər.

Nazirlik rəsmisi əlavə edib ki, anadangəlmə ürək qüsurları özünü müxtəlif kliniki əlamətlərlə göstərə bilər, hansıki bu ana tərəfindən çox rahatlıqla görülə bilər: "Ağır ürək qüsuru ilə doğulmuş uşaqlarda göyərmə, qidalanma çətinliyi, tez yorulma, tez-tez nəfəs alma və döş qəfəsində gözlə görünən ürək döyünməsi sayının çox olmasını qeyd edilə bilər. Ürəyində böyük dəlik olan uşaqlarda isə aylarla çəki almama, tez-tez tənəffüs yolları infeksionları, göyərmə və bayılma kimi əlamətlər görülə bilər.

Ümumiyyətlə, yenidoğulmuş xəstə qrupunda neonatoloji dəyərləndirmə önəmli yer tutur. Uşaq anadan olduqdan sonra qısa müddət ərzində saturometr vasitəsilə uşaqda qanın oksigenlə doyumluluğu yoxlana bilər və bu göstərici də hər hansı bir dəyişikliklər uşaqda ürək qüsuru haqqında şübhə yarada bilər. Daha sonra isə pediatr tərəfindən müayinə olunan uşaqlarda hər hansı bir küyün eşidilməsi uşaqda ürək qüsuru olması haqqında təsəvvür yarada bilər və bundan sonra valideynlər planlı şəkildə pediatrik kardioloqa yönləndirilə bilər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR