Saakaşvili aclıq aksiyasını dayandırdı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili dünən gecə həbsxana klinikasından Qori hərbi hospitalına köçürüldükdən sonra 50 günlük aclıq aksiyasına son qoyub.

Metbuat.az xəbər verir ki, o, hazırda reanimasiya şöbəsindədir.

“Gürcüstanın Səhiyyə Nazirliyinin nəzdində yaradılmış həkimlər şurasının iclası olacaq, orada yerli həkimlərlə birlikdə müalicə sxeminə baxacağıq”, - Saakaşvilinin həkimi Nikoloz Kipşidze bildirib.

Kipşidze qeyd edib ki, müalicə prosesinin özü uzun çəkəcək və eks-prezidentin səhhətini bərpa etmək üçün vaxt lazımdır.

Saakaşvili müalicəsi müddətində Qori hərbi hospitalında olacaq. Məhkəmə prosesi başa çatdıqdan sonra o, Rustavi həbsxanasına qaytarılacaq və iki cinayət işi üzrə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkməyə davam edəcək. Müddət onun bu il oktyabrın 1-də həbs edildiyi andan başlayır.

Eks-prezidentin həbs müddətinin artacağı istisna edilmir. Hazırda ona qarşı məhkəmədə üç iş gedir, onlardan birinin maksimum müddəti 9 ildir.

Qeyd edək ki, Saakaşvili həbs olunduğu gün özünü siyasi məhbus adlandıraraq aclıq aksiyasına başlayıb və bütün ittihamların uydurma olduğunu bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR